"Yeni Müsavat"ın baş redaktoru İSTEFA VERDİ


"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.
Turkustan.az -ın məlumatına görə, bu barədə Azər Ayxanın özü bildirib:
""Yeni Müsavat" Media Qrupu ilə yollarımı ayırdım. "Yeni Müsavat"ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq".

Qeyd edək ki, Azər Ayxan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illərdi ki, bu qəzetin rəhbərliyində çalışırdı.

Azər Ayxan "Yeni Müsavat" qəzetindən əvvəl "7 Gün" və "Müxalifət" qəzetlərində çalışıb.
2005-ci ilin yanvarında "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra "Yeni Müsavat" Media Qrupunun rəhbəri tərəfindən baş redaktor vəzifəsinə gətirilib.
A.Ayxan 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də istefa verib. O, ölkə başçısının sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adı alıb. (modern.az)


MANŞET XƏBƏRLƏRİ