Ukraynada Rusiya üçün DƏHŞƏTLİ SİLAH – HIMARS sistemləri cəbhədə nəyi dəyişəcək?


İyunun 23-də Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sistemlərinin ilk 4 dənəsinin Ukraynaya gətirildiyini bildirdi.

Özüyeriyən raket sistemləri olan HIMARS uzaq məsafədə hədəfi dəqiqliklə məhv edən raket sistemidir və bir çox özəllikləri ilə Rusiyanın analoji ağır artilleriya sistemlərindən üstündür. Onların Ukraynaya gətirilməsi xəbəri Moskvada ciddi narazılıqla qarşılandı. Bəzi ekspertlər isə bu sistemlərin Rusiya ordusunun hücum potensialına ciddi zərbə vuracağını açıqladı.

Təısadüfi deyil ki, iyunun 25-də Rusiya tərəfi Ukraynanın HIMARS reaktiv yaylım atəşi sistemlərini ilk dəfə döyüşlərdə tətbiq etdiyini açıqladı.

Luqans vilayətinin Perevalsk yaşayış məntəqəsinə endirilən zərbə zaman silah anbarı məhv edildi.

Turkustan.azlent.az-a istinadən Ukrayna-Rusiya müharibəsinin gedişatına həlledici təsir göstərə biləcək HIMARS barədə məlumatı təqdim edir.

HIMARS-ın əsas üstünlüyü onun mərmisindədir. Belə ki, HIMARS ATACMS taktiki raketləri ilə 300 kilometr məsafəyə qədər hədəfi vura bilər. Amma Pentaqon həmin raketləri Ukraynaya verməyəcəyini öncədən deyib.

Ukraynaya veriləcək raketlər isə 70, bəzən 80 kilometrə qədər atəş aça bilir. Ukraynanın arsenalındakı "Smerç" reaktiv yaylım atəşi sistemləri də həmən məsafəyə atəş açır. Bu baxımdan Rusiya ərazisinə zərbələr baxımından HIMARS raketləri xüsusi təhlükə törətmir.
Amma təhlükə başqa yerdədir.

HIMARS raketləri GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir. Bunun sayəsində hədəf yüksək dəqiqliklə məhv edilir.
HIMARS raketlərinin hədəfdən yayınma məsafəsi 7 metrdən az təşkil edir. Bu isə raketin 7 metrlik dairənin mərkəzinə 50%, 14 metrlik dairənin mərkəzinə isə 93% ehtimalla düşməsi deməkdir.

Amma dəqiq atəş üçün hədəfin koordinatlarını bilmək çox önəmlidir. Bu baxımdan da Ukrayna tərəfinin ciddi problemi yoxdur. Belə ki, ABŞ ona əks-batareya döyüşü üçün AN/TPQ-36 radarları verib.

Bu isə o deməkdir ki, Rusiya tərəfi artilleriya sistemlərindən atəş açan kimi radar atəş açılan yerin koordinatlarını HIMARS-ın operatoruna ötürəcək.

HIMARS isə öz növbəsində 120 saniyə ərzində həmən əraziyə raket zərbəsi endirə biləcək. AN/TPQ-36 radarları raket atışlarını 24 kilometr məsafədə müəyyən edə bilirlər.

ABŞ Ukrayna üçün bu reaktiv yaylım atəşi sistemlərini M30A1, M31 и M31A1 raketləri ilə təmin edəcək. M30A1 mərmisinin döyüş başlığı 160 min volfram şarından ibarətdir. Mərmi hədəfə dəyib partlayan zaman həmin volfram şarları saatda 3600 kilometr sürətlə ətrafa səpələnir.
ABŞ İraq və Əfqanıstanda HIMARS sistemlərindən aktiv istifadə edərək komanda məntəqələri, silah anbarlarını effektiv şəkildə məhv edirdi.

M31 и M31A1 isə daha çox qəlpə-fuqas mərmiləridir və döyüş başlığında 90 kiloqrama qədər partlayıcı maddə daşıya bilir. Bu raketlər daha çox bina və texnikaların məhvi üçün istifadə olunur.
HIMARS-ın üstünlüklərindən biri onun istifadəsinin də çox asan olmasındadır. Sistemdən atəş və tuşlama metodlarını öyrənmək üçün 1 saat, idarəetməsi tam mənimsəmək üçün isə 1 gün vaxt tələb olunur.

Rusiya hərbi dairələri artıq HIMARS sistemlərinin məhv edilməsi üçün xüsusi strategiya hazırladıqlarını açıqlayıb.


MANŞET XƏBƏRLƏRİ