Direktor müavini: “Laçın və Kəlbəcərdə külək enerjisi potensialı var”

Direktor müavini: “Laçın və Kəlbəcərdə külək enerjisi potensialı var”

Bərpaolunan və alternativ enerji mənbələri təbiətdə mövcud olan və özünü bərpa edən dayanıqlı enerji mənbələridir. Ölkəmizdə bu sahənin inkişafı üçün  böyük potensial var. Xüsusən də, işğaldan azad olunan ərazilərimiz bərpaolunan enerji potensiallı ərazilərdir.

Bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev Demokrat.az-a müsahibəsində, işğaldan azad olunmuş ərazilərdə bu enerji mənbələrinin aşkara çıxarılması istiqamətdə aparılan işlərdən danışdı:

“Günəş potensialı əsasən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonları ərazisində müşahidə olunur və günəşin radiasiyasına baxdıqda, Naxçıvan Muxtar Respublikasından sonra ölkəmizdə ən əlverişli günəş radiasiyası məhz bu ərazilərdə müşahidə olunur. Külək enerjisi potensialı isə Laçın və Kəlbəcərdir. Həmçinin bu ərazilərdə yüksək hidroenerji potensialı vardır. Dağ çaylarının yüksək hidroeneji potensialı vardır.”



Bərpaolunan enerji mənbələri dövlət agentliyinin rəsmisi Təbriz Əmmayev deyir ki, hazırda bu potensialdan səmərəli istifadə istiqamətində müxtəlif danışıqlar aparılmaqdadır:

“Ötən dövrdə artıq 4 kiçik su elektrik stansiyası bərpa edilərək istismara verilmişdir. Cari ildə daha 5 kiçik su elektrik stansiyasının bərpası nəzərdə tutulub. Bundan əlavə isə, günəş enerjisindən səmərəli istifadə istiqamətində müxtəlif şirkətlərlə icra müqaviləsi anlaşma memorandumları imzalanmışdır. Hazırda bu memorandumlar çərçivəsində müvafiq təhlillər aparılmaqdadır. Külək enerjisindən səmərəli istifadə istiqamətində də artıq imzalanmış memorandum çərçivəsində şirkətlərlə danışıqlar aparılır. Laçın və Kəlbəcərdə küləyin orta illik sürəti 100 metr hündürlükdə təqribən 7-8 metr saniyə təşkil edir ki, bu da Beynəlxalq təcrübəyə baxdıqda deyə bilərik ki, əlverişli külək enerjisi potensialı olduğunu göstərir. Bu ərazilərdə təqribən 2 geqabat gücündə külək enerjisinin texniki potensialı var. Günəş enerjisində 7200 meqavat qiymətləndirilir.”

Təbriz Əmmayevin sözlərinə görə, hidroenerji potensialından da səmərəli istifadə məqsədi ilə Xudafərin və Qız Qalası hidroqovşaqları tikilməkdədir. Bəs, görəsən yaşıl enerji zonasının yaradılmasının ölkəmiz üçün hansı perspektivləri var? 

“İlk növbədə təmiz enerjinin əldə olunması və dayanıqlı enerji mənbələrindən istifadə olunmasıdır. Bildiyiniz kimi ölkəmizdə karbon emmisiyasının azalması istiqamətində müvafiq hədəflər sürülmüşdür və hazırda bu hədəflərə çatmaq üçün müxtəlif istiqamətlərdə işlər aparılır. Bunlardan biri də elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinən maksimum istifadə etməkdir. Bərpaolunan enerji mənbələrindən nə qədər çox istifadə edilərsə, bir o qədər karbon emmisiyasının atılmasının qarşısı alınacaqdır. Bu sahənin inkişafı yeni iş yerlərinin, yeni xidmət sahələrinin yaradılmasına da xidmət edəcəkdir.”

Qeyd edək ki, 3 may 2021-ci il tarixində dövlət başçısı işğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 
 


MANŞET XƏBƏRLƏRİ