Naxçıvanın Türkiyə və İranla sərhədi bağlanıb? - RƏSMİ


Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla sərhədlərinin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində qaldığı bildirilir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsindən sorğumuza cavab olaraq bildirib ki, quru sərhədlərinin iki ay müddətinə bağlanması haqda xəbər həqiqəti əks etdirmir.

Rəsmi açıqlamada qeyd olunub ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır:

"İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur".

Bundan əlavə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən quru sərhədləri 1 sentyabra qədər bağlıdır:

"Dövlət Sərhədi Xidməti tərəfindən hazırda vətəndaşların dövlət sərhədindən buraxılışı Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixində 232 nömrəli qərara müvafiq olaraq müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir".

Xatırladaq ki, Azərbaycanın pandemiya səbəbindən quru sərhədləri indiyədək bağlı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru sərhədlərini açıb. Bundan sonra Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.


MANŞET XƏBƏRLƏRİ