"Qurani-Kərim"i Azərbaycan dilinə ilk dəfə kim tərcümə edib? – Gizlədilmiş TARİX


Azərbaycan dilinə "Qurani-Kərim"in ilk dəfə kim tərəfindən tərcümə olunduğu sualı səslənəndə ilk ağıla gələn adlar akademik Ziya Bünyadovla akademik Vasim Məmmədəliyev gəlir.

Bu iki böyük ziyalı və tanınmış şərsünas alimlər ötən əsrin 90-cı illərində "Qurani-Kərim"i Azərbaycan dilinə tərcümə ediblər.

Sən demə, bu günümüzdən 114 il qabaq "Qurani- Kərim" Azərbaycan dilinə tərcümə edilibmiş. Beləki, 1908 - ci ildə Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi bu müqəddəs missiyanı yerinə yetirib. Həmin il onun çap olunan "Kitab əl-bəyan fi təfsir əl-Quran" kitabında nəinki, "Qurani-Kərim"in Azərbaycan dilində tərcüməsi, eyni zamanda səmavi kitabın təvsiri və izahlı lügəti yer alıb.

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi kimdir?

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi 1854-cü ildə Şəkidə anadan olub. O, ilk təhsilini Şəki mollaxanasında alıb. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirib.

Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır.

Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. Və 1893 -cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.

Sonralar o, Qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır. Axund rütbəsi alan Hacı Məhəmməd Həsən bir müddət qazi, 1907-ci ildən şeyxülislam əvəzedicisi olub. 1908 -ci ildə isə Şeyxülislam seçilib. Bu işıqlı şəxsiyyət 1932 -ci ildə Tiflisdə vəfat edib.

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi Qafqaz müsəlmanların VI Şeyxülislamı olmaqla yanaşı azərbaycanın tanınmış islam alimlərindən biri olub.

/Bizim.Media/


MANŞET XƏBƏRLƏRİ