Neft birdən-birə ucuzlaşa bilər - Bazarda qıtlıq yaranacaq


Dünya bazarında neftin qiyməti 100 dolları keçib.

Neft bazarının riskli olduğunu nəzərə alsaq, qiymətlərin yenidən enmə ehtimalı ola bilərmi? Neftin qiymətinin yüksək olması iqtisadi, yoxsa siyasi səbəblərlə bağlıdır?

Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Vüqar Bayramov açıqlama verib.

Millət vəkilinin sözlərinə görə, gələcəkdə Rusiya-Avropa münasibətləri konteksində neftin dünya bazarında qiymətində azalmaların olacağı istisna deyil:

"Neftin dünya bazarında qiymətinin artmasının həm iqtisadi, həm də siyasi səbəbləri var. Pandemiyadan sonra neftə olan tələbin artması müşahidə olunur. Eyni zamanda, Çində tədbirlərin yumuşaldılması da neftə olan tələbin artmasına gətirib çıxarıb. Bu da təbii ki, qiymətlərə təsir göstərir. Sözsüz, neftin dünya bazarında qiymətinə ən çox təsir edən faktor Rusiya-Ukrayna müharibəsidir. Çünki Avropa Birliyi Rusiya neftinin ilin sonuna qədər ciddi şəkildə idxalını azaltmaq niyyətindədir. Xüsusilə idxalın 92% azaldılması nəzərdə tutulur. Bu da psixoloji olaraq neft bazarına təsir göstərir".

V.Bayramov neft bazarında qıtlığın yaranamsı riskinin olduğunu da qeyd edib:

"Rusiyanın Avropa bazarından çəkilməsi fonunda neft bazarında bir qıtlığın yaranması riski var ki, bu da qiymətlərə təsir göstərir. Hazırda qiymətlər kifayət qədər yüksəkdir. Artıq xeyli müddətdir ki, qiymətlər 100 dolların üzərindədir və bu, kifayət qədər böyük rəqəmdir. Gələcəkdə neftin dünya bazarında qiymətində, xüsusilə Rusiya-Avropa münasibətləri konteksində azalmaların olacağı istisna deyil. Ümumiyyətlə neft bazarı həmişə risklidir. Baxmayaraq ki, neftin qiymətinin dünya bazarında artması valyuta gəlirlərinin çoxalması baxımından vacibdir. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, neftin artan qiymətlərinin, xüsusilə də məhz siyasi səbəblərdən sonrakı mərhələdə azalması riskləri olduqca yüksəkdir".


MANŞET XƏBƏRLƏRİ