Paytaxtda dini şüarlar yazan 18 yaşlı gənc tutuldu - FOTO


Bakıda binaların divarlarına dini məzmunlu yazılar yazan 18 yaşlı oğlan həbs olunub.

Turkustan.azxəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşları Atatürk prospekti 62A və digər ünvanlarda binaların divarına siyasi-dini məzmunlu "Vəhabilərə Lənət", "Allahı söyən qeyrətsizdir", "Hicaba azadlıq", "İsrail məhv olacaq" kimi şüarlar yazan şəxsi müəyyən ediblər.

Polis əməkdaşları anti-təbliğat yönümlü yazılar yazan və əlində boya olan bir nəfər şəxsi görüb ona yaxınlaşıblar.

Polislər özlərini təqdim etdikdən sonra həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət ediblər. Lakin o, polis əməkdaşlarına müqavimət göstərərək, mübahisə etməyə başlayıb və heç bir qanuni tələbə məhəl qoymayaraq bölməyə getməkdən imtina edib.

Sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 5-ci PB-nə gətiriblər. Bölmədə onun Zəngilan rayon Əmirxanlı kənd sakini, 2004-cü il təvəllüdlü Sadiq Buludov (şərti ad-soyadlı) olması müəyyən edilib.

Eyni zamanda, məlum olub ki, o, sosial şəbəkələrdə də radikal formada dini məzmunlu paylaşımlar edib.

Polis bölməsində S.Buludov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Buludova 1 ay müddətinə həbs cəzası verilib.

/Demokrat.az/


MANŞET XƏBƏRLƏRİ