Azərbaycana qarşı 907-ci düzəlişi saxlayan SƏBƏBLƏR – Politoloqların ŞƏRHİNDƏ


Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəliş hər il dayandırılsa da, hələ də ləğv edilmir.
Turkustan.az bizim.media-ya istinadla bildirir ki, sözügedən düzəliş Azərbaycanın Ermənistana blokadasını dayandırmaq üçün 1992-ci ildə "Azadlığa Dəstək" Aktına əlavə edilib.
11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresinin Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verməsi, Vilson düzəlişi, Porter əlavəsi kimi 907-ci düzəlişin ləğvi məqsədi ilə alınan qərarlara baxmayaraq, düzəliş hələ də qüvvədədir.
Siyasi ekspert Elman Vəliyev bildirib ki, bu düzəliş erməni lobbisinin təzyiqlər və təhrikləri vasitəsilə Azərbaycan əleyhinə qəbul edilmişdir.
"Ulu öndər Heydər Əliyev Amerikada olan 11 iyul terror aktını pisləyərək terrora qarşı mübarizədə Amerikanın yanında olduğunu bəyan etdikdən sonra düzəliş dayandırıldı. Düzəlişin tam ləğv edilməməsi isə Azərbaycandan ehtiyatlı davranmaq üçündür. Yəni Azərbaycan tərəfi birdən anti-Amerika siyasəti yeridərsə, Amerikanın əks-tərəfdarları ilə yaxınlaşarsa bu düzəliş qüvvəyə minsin. Həmçinin Konqresdə erməni lobbisinin güclü təzyiqləri də tam ləğvi nə imkan vermir".
Ekspert qeyd edir ki, əslində Amerika Azərbaycandan çox Ermənistan yanlısı dövlətdir:
"Amerika Azərbaycanın Avropaya, Amerikaya daha çox inteqrasiya etdiyi, Amerikanın maraqlarını uyğun siyasət yeritdiyi təqdirdə bu düzəliş ləğv olunacaq. Amerika da bunu istəyir. Ancaq Amerikanın Qafqaz siyasətində Azərbaycanın önəmli yerə malik olması ölkəmizə qarşı mənfı rəy yaradacaq addımlar atmaqdan çəkinir".
Ekspertin sözlərinə görə, vaxt gələcək, düzəliş tam ləğv olunacaq:
"Burada Rusiya amili də xüsusi rola malikdir. Həqiqət orasındadır ki, Qafqazlarda dominantlıq Rusiyaya malikdir. Azərbaycan tərəfi Ukraynaya yardım əlini uzatdığı üçün düzəliş bu il dayandırıldı".
Politoloq Ramiyə Məmmədova isə 907-ci düzəlişin ləğv olunmayacağı qənaətindədir.
"İllərdir, 907-ci düzəlişin qəbul olunduğu vaxtdan etibarən Azərbaycan tərəfindən bu düzəlişin doğru olmadığı bildirilmişdi. 907-ci düzəlişin hər il dayandırılması, lakin ləğv edilməməsi o mənaya gəlir ki, Senatda erməni lobbisi maddi, maliyyə baxımından çox güclüdür. Respublikaçıların və yaxud ddemokratların hakimiyyətə gəlməsinə baxmayaraq, bu düzəliş heç vaxt ləğv olunmayacaqdır".
Təəssüf ki, Azərbaycan lobbisindən fərqli olaraq, erməni lobbisi nəhəng dövlətlərdə bu işləri həyata keçirməyə qadirdir:
"44 günlük müharibədə Azərbaycanın qalibiyyəti, Qarabağda proyektlərin genişlənməsi, Zəngəzur dəhlizinin yaxın gələcəkdə Avropaya açılması onu göstərir ki, belə 100 dənə də düzəliş qəbul olunsa da, təzyiqlər edilsə də, Azərbaycanı geri çəkindirmək mümkün deyil. Azərbaycan öz müharibəsini özü qazanıb".


MANŞET XƏBƏRLƏRİ