Qazilərin müavinəti nə zaman artırıla bilər? – Millət vəkilindən AÇIQLAMA


"Bütövlükdə sosial paketin əsas istiqamətlərindən biri də müavinətlərin artırılmasıdır. Nəzərə alsaq ki, müharibə iştirakçılarına xüsusi dövlət dəstəyi var, həm müharibə iştirakçıları, həm də əlillərinə dövlət tərəfindən birbaşa təşviqedici proqramlar icra olunur. Onlardan biri də birbaşa müavinətlərin verilməsidir".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, müavinətlərin artırılması məsələsi mütəmadi olaraq Milli Məclisdə müzakirə edilir:

"Ümumiyyətlə, dövlət tərəfindən müharibə iştirakçılarına verilən müavinətlər genişləndirilməsi ümumi sosial proqramların tərkib hissəsidir. Müharibə iştirakçılarına yalnız birbaşa müavinətlərin deyil, həm də digər təşviqedici proqramlar vasitəsilə dəstəyin göstərilməsi həyata keçirilir. O cümlədən mənzil və avtomobil təminatı məsələsində fəaliyyət genişləndiriləcək.

Müavinətlərin artırılması da sosial proqramların elementidir və Azərbaycan dövlət büdcəsinin imkanları artdıqca sosial müavinətlərin də artırılması həyata keçiriləcək. Ona görə də bu məsələ də sosial islahatlar çərçivəsində prioritet məsələlərdən biri olaraq qalmaqdadır".

Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin iyunun 28-də keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı qeyd edib ki, müharibə veteranlarına ödənilən 80 manatlıq sosial müavinətləri 130-150 manata qədər artırmaq olar.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın təklifinə cavab olaraq bildirib ki, sosial ödənişlər islahatlarının daimi tərkib hissəsi kimi müavinətlərin həcminin artırılması məsələsinə də baxılacaq.


MANŞET XƏBƏRLƏRİ