"Bəli, Azərbaycan müharibəyə hazırlaşır" - "Beynəlxaq aləm bunu çox yaxşı başa düşür..."


"Paşinyan başa düşür ki, əgər Azərbaycan yeni müharibəyə başlayarsa, bu həm xalqa, həm müxalif qüvvələrə, həm də öz hakimiyyətinə təhlükə olacaq".

Turkustan.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan son onlayn mətbuat konfransında bildirib: "Azərbaycan Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla yeni müharibəyə legitimlik qazandırmağa çalışır".

Paşinyan iddia edib ki, guya reallıq başqadır: "Bakı 30 ildir Ermənistanın blokadası siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir".

Öz növbəsində, Zərdüş Əlizadə qeyd edib:

"Paşinyan hakimiyyəti sevən şəxsdir. O, məqsədə çatmaq üçün bir çox vasitələrdən istifadə edərək, yəni xalqa, beynəlxalq birliyə, dövlət qurumlarına, müttəfiq və qeyri-müttəfiq ölkələrə təsir göstərərək iqtidarını möhkəmləndirmək istəyir.

Özünə hörmət edən istənilən dövlət dinclik dövründə belə öz ordusunu müharibəyə hazırlaşdırır. Bəli, Azərbaycan müharibəyə hazırlaşır, lakin müharibə etmək üçün yox. Əgər qanuni çərçivədə hüquqları tapdansa, zədələnsə, Azərbaycan hərbi yolla öz hüquqlarını qorumağa hazırdır".

Politoloq əlavə edib:

"Nikol Paşinyan Azərbaycanın müharibəyə hazırlaşdığını deyir, amma özünə sual verirmi ki, Ermənistanın yeni müharibəyə qüdrəti varmı? Xalqına sual verirmi ki, bu cür ağır iqtisadi-siyasi vəziyyətdə yeni müharibəyə necə hazırlaşsın?

Bu bəyanatı ilə o, erməni xalqına və revanşist qüvvələrinə gərgin vəziyyəti başa düşdüyünü və əgər Azərbaycan yeni müharibəyə başlayarsa həm xalqa, həm müxalif qüvvələrə, həm də öz hakimiyyətinə təhlükə olduğunu bildirmək istəyir. Nikol Paşinyan beynəlxalq birliyə və müttəfiqlərinə deyir ki, Azərbaycan güzəştə getmir, bizə hansısa imtiyazlar bəxş etməyə hazır deyil. Beynəlxaq aləm isə bunu çox yaxşı başa düşür ki, Azərbaycan 44 günlük müharibədən sonra heç bir güzəştə getməyəcək".


MANŞET XƏBƏRLƏRİ