Gəldim ki, baş əyim məğrurluğuna, diz çöküm, dizimin izini saxla...


"Gəlmişəm o bayrağın üç rəngindən öpməyə"

Əziz Şuşa, mən burdayam...

Nəhayət, gəlmişəm qoynuna sənin...

Sənli yuxularım gücdü qoluma,

Gəlmişəm dolayım boynuna sənin...

***

Gəldim ki, baş əyim məğrurluğuna,

Diz çöküm, dizimin izini saxla...

Sənli yuxularım çin çıxdı, şükür!

Şükürlü duamın sözünü saxla...

***

Sənli yuxuların yaşı otuz il,

Mənə: "Gəl..." - deyirdin o yuxularda...

"Qoynumda cücərən gülləri gətir..."

Mən bunu eşitdim pıçıltılarda...

***

Əl-ələ gəzirdik Cıdır düzünü

Sənli yuxuların əlvanlığıyla...

Hər daşda tapırdıq həsrət izini,

Yuyurduq vüsalın göz yaşlarıyla...

***

Bir gün də yuxuma bəzənib gəldin

Məsum qızcığazın boy-buxununda...

Ah, Şuşam...qol açıb sən mənə dedin:

"Xoş gördük, xoş gəldin xoş yuxulardan!"

***

"İsa bulağı"ndan su verdin mənə,

Daddım... Suya döndü sənli yuxular...

Axdı, axdı hey, üzü Xankəndinə,

Arzular, ümidlər qoşalaşdılar...

***

Xan əminin, Bülbülün, Natavanın, Üzeyirin

Vətənini görməkçün

Neçə arzu böyütdüm...

***

Çin oldu arzularım...

Gəlib durdum qarşında,

Həsrətli yuxuların gerçəyə çevrilməsi

"44 gün"lə yaşıddı...

***

Gəldim ki, mən ağlayım,

Sən güləsən bu dəfə...

Tərs yozulan yuxumun

Astarına gül düşə...

***

Arzuların şəhəri, xəyalların bəzəyi,

Səmandakı qara bulud dağıldı...

Gəldi həsrət gecələrin səhəri

Adına min dastan, min cəng yazıldıı...

***

İndi Cıdır düzündə yaraşıqdır bayrağım,

Şuşa, sənin köksündə nur, işıqdır bayrağım...

Gəlmişəm o bayrağın üç rəngindən öpməyə,

Gəlmişəm, Şuşam mənim, gözəlliyini görməyə...

***

Gəlmişəm...

Gəlmişik biz!

Gəldik ki, məğrurluğun Azərbaycan oğludur!

Gəlmişik ki, deyək biz:

"Əziz Şuşa, sən azadsan!"

"Qarabağ Azərbaycandır!"

Leyla Turan


MANŞET XƏBƏRLƏRİ