"Dedi ki, bilmirəm Bakıda oxuyum, yoxsa İrəvanda" - Baş redaktor


"Ermənistana yük daşıyan İran sürücüləri arasında soydaşlarımızın da olması acı gerçəklikdir. Və bu, təkcə nəqliyyat sahəsində deyil. Hər il Ermənistana turist kimi səfər edən İran vətəndaşları arasında da xeyli sayda soydaşımız olur. Həmçinin, orada iş görən, təhsil alan güneyli soydaşlarımız var".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Türküstan" Media Qrupunun baş redaktoru Aqil Camal bildirib. O qeyd edib ki, güneyli soydaşlarımız bu məsələlərdə diqqtəli olmalıdırlar:

"Bir dəfə, yanımda Güney Azərbaycandan bir yoldaş vardı. Qohumu ona İrandan zəng etmişdi. Maraqlanırdı ki, Bakıya magistratura oxumaq üçün gəlmək sərfəlidirmi? Və buradakı yoldaşa demişdi ki, "qalmışam iki seçim arasında: Bilmirəm Bakıda oxuyum, yoxsa İrəvanda". Yəni, bu gənc hələ Bakı ilə İrəvana fərq qoya bilmir. Bu, bütövlükdə xalqımızın faciəsidir və ona vurulan 200 illik zərbədir.

Hesab edirəm ki, burada məsələləri nə fərdiləşdirməyə, nə də ümumiləşdirməyə ehtiyac yoxdur. Yəni, fərdi şəkildə kimisə ittiham etmək mümkün deyil. Çünki, 50 milyonluq xalq kompleksini yaşaya bilmədiyimiz üçün Ermənistana bu və ya digər məsələlərlə bağlı gedən, hətta, Azərbaycanın Qarabağ bölgəsinə icazəsiz yük daşıyan soydaşlarımız bunu öz millətinə, öz dövlətinə qarşı hərəkət kimi dərk edə bilmir. Digər tərəfdən, ayrı-ayrı fərdlərin hərəkətlərinə görə bütövlükdə Güney Azərbaycan Türk millətini də hədəf almaq olmaz. Sadəcə, davamlı ideoloji, siyasi, mədəni iş aparılmalıdır".

Aqil Camal əlavə edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar özünü Azərbaycanda yaşayan soydaşları kimi hiss etməlidirlər:

"Baxın, indiyə qədər gördünüzmü, dünyanın hansısa ölkəsində yaşayan erməni çıxıb desin ki, mən başqa ölkə vətəndaşıyam, Azərbaycanla heç bir düşmənçiliyim yoxdur. Belə bir nümunəyə rast gəlməmişik. Eynilə, dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqı özünü tək ürək kimi hiss etməli, bu düşüncə ilə hərəkət etməlidir".


MANŞET XƏBƏRLƏRİ