"Vəzifəyə getmək üçün arvadını boşayıb başqasının arvadını alır" - Sərdar Cəlaloğlu


"Mənə elə gəlir ki, Səfər Mehdiyevin dediyi məsələlər, Səfərin bilavasitə özünün rəhbərliyi altında olan işçilərin fəaliyyəti ilə bağlıdır".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, gömrük general-mayoru Ehtiram Xəlilovun həbsi ilə yanaşı S.Mehdiyevin bir zamanlar "Gömrükdə rüşvət olsa, istefa verəcəyəm" açıqlamasına da münasibət bildirib.

Tarixə ekskursiya edən ADP sədri vurğulayıb:

"Siz bilirsiniz ki, uzun illər gömrük xidmət Kəmaləddin Heydərovun nəzarəti altında olub, orada da kadrların bir çoxu onun şəxsi təşəbbüsü ilə yerləşdirilib və onun tərəfindən də idarə olunub. Yəni bir çox hallarda Dövlət Gömrük Komitəsinin sədrləri sadəcə formal olaraq o adamlara rəhbərlik edib. Bu baxımdan, Səfər özünün təyin etdiyi və nəzarət etdiyi işçilərə görə istefa verə bilər. Əgər hər hansı bir general onun tabeçiliyindədirsə, lakin faktiki olaraq Kəmaləddin Heydərova bağlıdırsa, onun əməlinə görə niyə Səfər Mehdiyev istefa verməlidir?! Yox, əgər doğrudan da o işçilər Səfərə tabedirsə, buna görə bəli, o, cəzalandırılacaq. Çünki bundan əvvəl də bu cür əməliyyatlar aparıldı, amma Səfərə "gözünün üstündə daşın var" deyən olmadı. Ona görə ki, o adamlar başqa qüvvələr tərəfindən idarə olunurdu".

Azərbaycanda istefa mədəniyyətinin olmamasına toxunan müxalifətçi deyib:

"O ki qaldı istefa mədəniyyətinə, təbii ki, Azərbaycanda dövlət orqanlarında elə yüksək səviyyəli insanlar təmsil olunmalıdır ki, onların istefa ərizəsi və istəyi hakimiyyəti narahat etsin. İndi adamlar vəzifəyə getmək üçün 50 cür qabıqdan çıxırlar. Biri arvadını boşayır, gedib başqasının arvadını alır, rüşvət verir, onu edir, bunu edir və s. Bax, ona görə də Azərbaycanda istefa mədəniyyəti yoxdur. Çünki bir daha qeyd edirəm ki, dövlətin ehtiyacı olan kadrlar hakimiyyətdə yoxdurlar ki, onlar istefa verəndə dövlət narahat olsun. Bu, istefa mədəniyyəti yalnız kadrların dövlət hakimiyyətində iştirakının əhəmiyyətliliyi ilə bağlıdır. İndiki halda elə bir məmur yoxdur ki, onun dövlət hakimiyyətində iştirak edib-etməməsi məsələyə hansısa formada təsir etsin. Ona görə də istefa mədəniyyəti Azərbaycanda formalaşmayıb".


MANŞET XƏBƏRLƏRİ