Güney Azərbaycanın Turan sevdalı şairi Huşəng Cəfəri

Güney Azərbaycanın Turan sevdalı şairi Huşəng Cəfəri

Güney Azərbaycanda Ana dilinin - Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafını da ləngiməsinə gətirib çıxarıb. Lakin Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın milli haqq və hüquqlarının tamamilə əlindən alınmasının əsas səbəbləri hakim rejimin və onun tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Bu siyasət nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı... Buna görə də dövrün qələm sahiblərinin qarşısında duran ən mühüm məsələ Türk dili və Türk kimliyini sıxışdırıldığı köşədən aydınlığa, geniş meydanlara çıxarmaq, yaşam hüququ qazandırmaq idi.

Türk dili və Türk kimliyinə yaşam hüququ qazandırmaq uğrunda mübarizə aparanlardan biri də çağdaş Güney Azərbaycanın ünlü şairi və rəssamı kimi tanınan Huşəng Cəfəridir. Huşəng 1958-ci ildə Zəncanın Qalacıq kəndində doğulub. Uşaqlıq çağlarından şeir yazmağa, maraqlı rəsmlər çəkməyə başlayıb. Şəxsi mütaliə yolu ilə və Zəncan ədəbi mühitindən mənimsədiyi bilgilər əsasında şeirlərini getdikcə təkmilləşdirib, rəssamlığın sirlərini isə ustad sənətkar Rəhim Nəvəsindən öyrənib. Peşəkar rəssam kimi yetişən Huşəng Cəfəri İranın Tehran, Zəncan və b. şəhərlərində çəkdiyi rəsm əsərlərindən ibarət sərgilər açıb. 1990-cı ildə Zəncanın Tarım qəsəbəsində baş verən təbii fəlakətin - zəlzələnin yaratdığı dəhşətli durumu şeirləşdirən şairin bu şeiri böyük əks-səda doğurur və adını bütün ölkəyə tanıtdırır. Bu şöhrətin zövqünü yaşamayan, sevincini ürəyincə dadmayan şairin qəlbini yeni bir fəlakət dalğası daha dərindən yaralayır. Onun gözəl, ədəbli-ərkanlı ailəsi vardı. Üç qız, bir oğul atası idi. Lakin taleyin amansız gərdişi onu fəlakətlə üz-üzə qoyur və avtomobil qəzasında yeganə oğlunu və ömür-gün yoldaşını itirir. Halbuki qızlarından biri şair, digər ikisi rəssam və miniatürçü, oğlu isə qrim rəssamı kimi bir növ onun sənət yolunu davam etdirirdilər. Bu üzücü hadisədən sonra qəlbinə hüzn, kədər çökmüş şairin yeganə təsəllisi şeir yazmaq, sözün sehrli gücü ilə sınıq könlünü ovutmaq olur. Eyni zamanda rəssamlıq və xəttatlıq işindən də əl çəkmir.

***

Orta və ali təhsilini tamamladıqdan sonra bir müddət Zəncan valiliyinin baş müavinlərindən biri olaraq fəaliyyət göstərən H.Cəfəri ”Hacılar” və “Bəla vursun belə fərmandara” şeirlərini yazdıqdan sonra üç il dövlət xidmətindən uzaqlaşdırılır. Yalnız üç ildən sonra yenidən dövlət qurumunda xidmət göstərmək üçün çağırılır və ona sadəcə makinaçı kimi işləmək səlahiyyəti verilir.

Vətəninin və xalqının problemlərini, dərd və ağrılarını düşünən, əsərlərində bu dərdləri qələmə alan vətəndaş şair Güney Azərbaycan xalqının milli şairi satatusunu qazanmışdır. Milli ruhda yazdığı şeirləri ilə çağdaş Güney poeziyasını zənginləşdirməkdə və elin-ulusun milli özünüdərk prosesini, milli ruhunu gücləndirməkdədir... Əsasən milli ruhlu şeir və poemaları toplanmış “Ağ Atım” və “Günəş” adlı kitabları ilə sevilən və çağımızın milli şairi kimi tanınan Huşəng Cəfərinin üçüncü kitabı olan “Qanlı Çiçəklər” isə Zəncandakı “Nikan Kitab” Yayın evində bu günlərdə işıq üzü görüb.

Elinin təəssübkeş övladı olan Huşəng Cəfəri doğma yurdla bağlı heç bir problemi gözardı etmir, Zəncan adının yenidən bütün Azərbaycana çevrilməsinə dair tezislər hazırlayaraq bu adın yenidən Zəncana verilməsinin vacibliyini faktlarla əsaslandırır. Şairin fikrincə, Zəncanın adı Qızıl Azərbaycan olmalıdır. Çünki oradan Qızıl Üzən kimi bol sulu, iti axan çay keçir və qızıl, gümüş, mis və s. kimi qiymətli əlvan metalların mədənlərinin olduğu Qızıl keçi dağı, Qızıl qaya, Qızıl qəmiş, Qızıl təpə kimi tarixi məkanlar da məhz bu ostanın ərazisindədir.

***

Xalqının sevincini sevinci, kədərini kədəri kimi qəbul edib bu duyğularla yaşayan şairi bəzi soydaşlarının milli dərdlərimizə laqeyd yanaşması, qədim oğuz yurdunun təəssübünü çəkməməsi narahat edir. Bu narahatlığının, gecə-gündüz dərd əlindən fəryad etməsinin, gözlərindən qanlı yaşlar axıtmasının fərqinə varmayanları qınaq hədəfinə çevirir, həyəcan təbili çalır. Güney xalqının üzləşdiyi milli problemləri dərk etməməsini, bir sıra soydaşlarının bu qutsal iş uğrunda mübarizəyə qoşulmamasını onların qəflət yuxusuna getməsi kimi mənalandırır:

Gecə ta subh açılıncax mələdim, bilmədiniz heç,

Ürəyin qanını gözdən ələdim, bilmədiniz heç,

Gün çıxan vaxtda yığışdız bir ağac kölgəsinə,

Uyduz əvvəldə ürəkdən qara bayquş səsinə,

Oyanan olmadı kimsə o ağac şiyhəsinə,

Nə yuxu, ləş-ləşin üstə kələdim, bilmədiniz heç,

Qollarızdan yapışıb silkələdim, bilmədiniz heç.

Türkiyədə yazıb-yaradan Azərbaycan sevdalısı Ali Kafkasiyalı Huşəng Cəfərini gerçək milli şair zirvəsində görür, onun ali mövqeyini alqışlayır və əsl xoşbəxtlik kimi qiymətləndirir: “Xalq şairi olmaq, hələ milli şair olmaq, xalq adına, millət adına söz söyləmək, çox çətin olduğu qədər hər şairə nəsib olan məziyyət də deyildir. Çox az şair xalqının gözyaşının və gülüşünün tərcümanı ola bilmişdir. İran Türklüyünün gözcülüyünü ve sözcülüyünü yapan Huşəng Cəfəri bu baxımdan taleli şairlərdən biridir. Çünkü o, mənsub olduğu İran Türk xalqının haqqını, hüququnu, arzusunu, başına gələnləri, ümid və gözləntilərini qələmə alan və yüksək səslə səsləndirən milli şairi ola bilib”.

Bu gün Huşəng Cəfəri ana dilinin, Güney Azərbaycan xalqının təbii ünsiyyət vasitəsi olan türkcənin ən cəsarətli qoruyucularından və təbliğatçılarındandır. Vətəndaş şair dərindən dərk edir ki, ana dili milli yaddaşın, milli duyğu və düşüncələrin, xalqın tarixi keçmişinin, bütün maddi və mənəvi dəyərlərin ən etibarlı mühafizi, “müştərək xəzinəsidir. Fərdləri bir-birinə bağlayan birinci bağ dildir. Kültür ünsürləri içərisində ən milli ünsür dildir.”

***

Xalqın varlığının, dünya xalqları arasında yer almasının ən güclü ünsürlərindən biri məhz onun keçmişini gələcəyinə bağlayan, özəlliklərini, yaşayışını, adət-ənənə, dünyaduyumu, yaşam fəlsəfəsi, inancları, elm və sənət görüşlərini içinə alan dilidir. Şair Huşəng Cəfəri dilin insanın ruhunun ifadəsi, xalqın mənəvi dəyərlərinin ən önəmlisi olduğunu milləti “özellikli kılan asli unsurların başında geldiğini, milletin millî hafızası ve geçmişini geleceğe taşıyan millî hazinesi olduğunu iyi bilir.” Onu da bilir ki, hər bir xalq və o xalqın sənətkarları da gərək öz ana dilini qorusun və inkişaf etdirsin. Güney xalqının ana dilinin yasaqlanması, buxovlanması onun ən dözülməz milli dərdlərindən biridir:

Bir seli çəkəcəm sara boynunda

Bir eli yardımsız, yara boynunda

Bir dili asılı çara qoynunda

Bir dili dilçəksiz, darda çəkəcəm!

Həm “Şəkil”, həm də digər şeirlərindən onun “Sara selə əzəmət verdi, bakirə bir qızın namusunu qorudu və Saranın ismətinin qurtuluşu dağıdıcı seli belə əzəmətli etdi. Qışqıran bir mən idim, bir də mənim duyğularım!..” - fəryadları eşidilir...

Son dönəmlərdə Güney xalqının görən gözü, eşidən qulağı və danışan dili, milli dərd və problemlərinin tərcümanı olmağı bacaran Huşəng Cəfərinin və əksər Güney yazarlarının əsərlərində Urmu gölü hadisələrinin güclü əks-sədası duyulmaqdadır. Urmu gölünün sürətlə quruması, bu quruma nəticəsində Azərbaycan türklərinin daha sıx yaşadığı Urmu şəhərini və ətraf bölgələri gözləyən duzlaşma-duz fırtınası İİR dövlət rəsmilərinin o qədər də ciddiyə almadığı gerçək bir milli problemdir.

Hüşəng Cəfərinin Urmuya həsr etdiyi şeirdə Güney fəallarının gölün qurudulmasına qarşı keçirdikləri aksiyada səsləndirdikləri “Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!” şüarının bədii-poetik əksi ilə bərabər, dünyanın bu qlobal problemə laqeydliyi, Güney Azərbaycan türklərinin də Ermənistanın amansız hücumlarının, soyğunçuluq və işğalçılıq planının məngənəsində can çəkişdirən Quzey Azərbaycan türkləri kimi meydanda köməksiz, yalqız qalmasından dolayı şairin qəlb ağrıları da təsirli bədii ifadəsini tapır. Hansı tərəfdən baxırsa, Vətənini dustaqlıqda, dərd içində görən Huşəng Cəfərinin həssas ürəyi sıxılır, quruyan Urmu gölünü hətta göz yaşları ilə doldurmaq istəyində bulunur. Eyni zamanda qeyrətli oğlu bu iş üçün də məhz el birliyinin gərək olduğunu, əks təqdirdə, yəni, bu birlik olmazsa, yeniləcəyini anlayır və anladır:

Urmu gölü kimi yalqızam, yalqız...

Gedirəm zülmətin kökün yolduram.

O qədər ağlıyam Urmu gölündə

Göz yaşımla Urmu gölün dolduram...

***

Milli vətənpərvərlik ruhunda yazdığı şerləri ilə daim elin ulusun milli özünüdərk prosesini, milli ruhunu gücləndirən, milli şair kimi sevilən və “Türk olmaq, Türklüyə sahiblənməkdir, Azərbaycan Oğuzlar yurdu, Türk cumhuriyyətidir. Millətimiz Oğuz türkü, elimiz Oğuz, dilimiz Oğuz türkcəsi, oğuzluğumuz özümlüyümüzdür, milli ruh, milli gücdür” - prinsipilə qələmə sarılan Huşəng Cəfəri hətta Bütöv Azərbaycanla bağlı arzularını da dilə gətirməkdən çəkinmir. Şeirlərindən birini xalqın danışıq dilindən aldığı ifadə ilə - “Arzu gülüm güllənəcək!” adlandıran şairin başlıq yerində işlətdiyi frazioloji birləşmə sonrakı yardımçı, həm də məlum fikirlərin sərgilənməsinə xidmət edən uğurlu bir poetik tapıntı, açardır:

Arzu gülüm güllənəcək,

Bir sel olub sellənəcək,

Uca səslə dillənəcək,

Azərbaycan iki deyil,

Bir ürəkdir bir bədəndə,

Qalsa da qan sahilində,

Olmayacaq farsa bəndə.

Gəl birləşək sən də, mən də,

Canımızı edək qurban,

Dərdimizə edək dərman.

Cismimizdən çıxanda can,

Dodağımız belə desin:

Azərbaycan, Azərbaycan!

Huşəng Cəfərinin əksər şeirlərində azad, xoşbəxt gələcəyə inam duyğurarı şahə qalxır və milli ruha, soykökə bağlılıqla eyni zamanda ənənəviliklə modernist düşüncənin qovuşuğunu yaratmaq çabaları da daim izlənir. Şairin ustad Şəhriyarın “Səhəndiyyə//Səhəndim” poeması üslubunda yazdığı “Savalan” poemasını milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə sevgi mövzusunun öxünəməxsus tərzdə təqdimatı saymaq olar. Onun “Günəş” kıtabında yer almış “Savalan” poemasının yazılmasına səbəb yenə də əhalisinin əksəriyyətinin Azərbaycan türklərindən ibarət olmasına rəğmən, İranın dövlət TV kanallarından birində yayımlanan filmdə Azərbaycan türkünün məsxərəyə qoyulub təhqir edilməsi olub. Digər yazar soydaşlarının səsinə səs verən Huşəng Cəfəri həmin olaya etirazını bu poemanı yazmaqla bildirdi...


MANŞET XƏBƏRLƏRİ