Kabus geri dönür?


Həkim: "ÜST kimi bərbad reputasiyası olan bir qurumun belə açıqlama verməsi yeni korrupsiya qaynaqları yaratmaqdan, təşkilatı ianələr hesabına "dolandırmaqdan" başqa bir şey deyil"

Deputat: "Düşünürəm ki, bu dəfə məcburiyyət deyil, könüllülük qaydası üzrə gediləcək"

COVID-19 ilə bağlı karantin rejimi yumşaldılsa, tələblər zamanla ləğv edilsə də, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), eləcə də təşkilatın nümayəndələrinin vaxtaşırı mətbuata açıqlamalarından belə başa düşülür ki, pandemiyanın bitməsinə sevinmək üçün hələ tezdir.

Məsələn, bu günlərdə ÜST-nin Azərbaycanda kı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında 50 yaş üzəri, risk qrupuna daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib: "Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Lakin bunu da yaxından izləmək lazımdır. Çünki keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır".

"Ümumdünya Səhiyyə Təşkilatı virusun növlərini, yeni ştamları nəzarətdə saxlayır. Nəzərə alaq ki, bu gün "Omicron" ştamının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etmək lazımdır", - deyə təşkilat təmsilçisi bildirib.

Harmancı əhaliyə buster doza vurdurmasını tövsiyə edib və həmçinin qeyd edib ki, COVID-19 əleyhinə peyvənd hər il vurula bilər: "Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, bu gün qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirus və qrip peyvəndi ilə birgə hər il vurulması mümkün ola bilər. Ancaq bu, hələlik müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur".

Burada COVID-19 əleyhinə peyvəndin hər il vurulma ehtimalı isə xüsusilə diqqət çəkib. Buster doza ilə hər şeyin yekunlaşdığını düşünənlər indi hesab edirlər ki, bu açıqlama peyvənd oyununun yeni mərhələsinin başlamasına dair siqnal ola bilər.

Əgər peyvəndin hər il vurulma ehtimalı reallaşarsa, bu, məcburi hal ala bilərmi? AYNA bu və digər suallara cavab tapmağa çalışıb.

Həkim-farmakoloq Müşfiq Hüseynovun dediyinə görə, COVID-19 artıq tarix olub: "Bu, bir faktdır. Əgər 3-5 il sonra təbiət virusun yeni modifikasiyasını "təqdim" edəcəksə, bu, başqa məsələdir. Lakin hazırda COVID-19 testləri ilə bağlı danışmağın mənası yoxdur. Adi qrip vaksinlərini də payız-qış mövsümündən əvvəl vurduranlar var. COVID-19-a qarşı peyvəndin vurulmasını da insanların öz seçiminə buraxmaq lazımdır".

"ÜST kimi bərbad reputasiyası olan bir qurumun belə açıqlama verməsi yeni korrupsiya qaynaqları yaratmaqdan, təşkilatı ianələr hesabına "dolandırmaqdan" başqa bir şey deyil. Getsinlər, daha yararlı işlərlə məşğul olsunlar", - deyə Hüseynov vurğulayıb.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı isə hesab edir ki, bu ehtimal reallaşsa belə, məcburi olacağı mənasına gəlmir: "Dünyada, eləcə də Azərbaycanda bir sıra viruslara qarşı peyvəndlərdən istifadə olunur. Kim istəyir, ehtiyac duyursa, vurdurur. COVID-19 pandemiyasından əvvəl də qripə qarşı həssas insanlar peyvənd vurdururdular. Çünki onlar qripə yoluxduqları halda başqa xəstəliklərinin də ağırlaşdığı müşahidə olunur. Xüsusilə də tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər resperatur xəstəliklərin yayıldığı dövrlərdə, yazda və payızda havaların kəskin dəyişdiyi vaxtlarda peyvənd olunurdular".

"Yəni bu, məcburi deyil. Onsuz da bu peyvəndlərin qoruma müddəti bir ildir. Bu müddət bitdikdən sonra ehtiyac duyan insanlar məcbur qalırlar ki, yenidən – hər il peyvənd olunsunlar", - deyə deputat söyləyib.

Onun fikrincə, koronavirus da artıq ənənəvi viruslardan birinə çevrilib: "Çünki mutasiya etdi, eyni zamanda da insanların əksəriyyəti peyvənd olundu, təbii yolla bir və ya bir neçə dəfə yoluxaraq immunitet qazandı. Artıq orqanizmimiz COVID-19-u və onun yeni ştamlarını tanıyır".

"Virus yeni yayılan vaxtlarda dünyanın məşhur ekspertləri bildirirdilər ki, bunun bu qədər təhlükəli olması insan orqanizmində yaşamaması ilə bağlıdır. Lakin artıq mənzərə dəyişib. İnsanlarda bu virusa qarşı immunitet formalaşıb. Yoluxan adamlar da əlavə ağır xəstəlikləri yoxdursa, yüngül keçirirlər. Bu baxımdan əgər ehtimal reallaşarsa, bu peyvəndi də kim istəyər - vurdurar, kim də istəməzsə - vurdurmaz. Düşünürəm ki, Hande Harmancı da bu mənada deyib", - deyə İbrahimqızı fikrini yekunlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ