Ət ucuzlaşmayacaq: İqtisadçı hesablama apardı və nöqtə qoydu


"Nazirlər Kabinetinin son qərarı əti ucuzlaşdıracaq",- deyə bir yanaşma doğru deyil".

"Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası" nda dəyişikliklər edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar və dəyişikliklərin antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə biləcəyi barədə fikirlər səslənir.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Nazirlər Kabineti "Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası"nda dəyişikliklə bağlı qərar elan edilən kimi saytlar sevincək, "ət qiymətləri düşəcək, ucuzlaşacaq", kimi başlıqlar qoyublar, sanki insanları avam yerinə qoyurlar:

"Bəli, qərar pozitiv addımdır, ən azından maldarlıqla (saxlanması və satışı) məşğul olan fermerlərin canını mənasız kağız-kuğuz işindən qurtaracaq. Reallığa gələndə isə hər bir xırda və iribuynuzlu mal-qara üçün təyin edilmiş 20 manatlıq rüsum ləğv edilir. Yəni 20 kq ət verən qoyun-qoç üçün bu rüsumun ləğvinin qiymətlərdə 1 manata yaxın təsiri ola bilər, amma 200 kq-lıq dananın ət qiymətlərinə hər kq-da 10 qəpik, 400 kq-lıq malın ət qiymətlərinə isə hər kq-da 5 qəpik təsir edə bilər. Vəssalam! Amma nəzərə alın ki, mal-qara üçün təbii yem bazası azalıb (otlaq yerlərinin bir çoxu texniki bitkilərə ayrılıb), payız-qış aylarında isə satılan yemin qiyməti kəskin artıb və biz hələ də daxili təlabatı ödəyə bilmirik deyə Gürcüstandan diri mal-qara idxal edirik. Yəni "NK-nin son qərarı əti ucuzlaşdıracaq" yanaşması doğru deyil".

(cebhe.info)


MANŞET XƏBƏRLƏRİ