Jurnalistlərə it deyən polkovnikin özünü tülkülüyə qoyması…


Seymur VERDİZADƏ

Jurnalistləri təhqir edən adamların siyahısı zəngindir: Sabiq nazir Əli İnsanovdan tutmuş tanınmış aktyor Taleh Yüzbəyova qədər çoxlu sayda adamın adı var bu siyahıda. Tağı Əhmədovu ayrıca qeyd etməyə lüzum görmürəm. Onun necə "burcutduğu" hamının gözü qabağında baş verib.

Bəxtəvər başımıza, bu gün də sabiq MTN polkovniki Vüsal Ələkbərov bizə dil uzadıb. Bakı Hərbi Məhkəməsində keçirilən iclasdan sonra V.Ələkbərova sual vermək istəyən "Yeni Müsavat" qəzetinin əməkdaşı Elşən Balaxanski və "Azadlıq" radiosunun əməkdaşı Aytən Məmmədova ona yaxınlaşıblar. Lakin o, barəsindəki ittihamlara cavab verməkdən boyun qaçırıb. Amma jurnalistlər keçmiş polkovnikdən əl çəkməyiblər. Axı ortada kifayət qədər ciddi ittihamlar var. Kimsə bu ittihamlara cavab verməli deyilmi?

Yox, bizimkilər cavab verməyə deyil, hesab tələb etməyə vərdiş ediblər. Vüsal Ələkbərov da digər sabiq məmurların ənənəsinə sadiq qalaraq, onu müşayiət edən jurnalistləri təhqir edib. Bilirsiniz, nə deyib? Yazım, bilin: "İtsiz, dalıma düşmüsüz? Gedin işinizlə məşğul olun".

Adam polkovnik rütbəsinə qədər yüksəlib, amma hələ də bilmir ki, jurnalistin işi sual verməkdir. Onun işi isə bu suala cavab verməkdir.

Hazırda həbsdə olan MTN-in sabiq generalı Mövlam Şıxəliyevin və onunla birlikdə həbs olunan şəxslərin məhkəməsini yaxından izləyirəm. Bu şəxslərin başına torba keçirib var-dövlətini, sərvətini əlindən almadıqları adam qalmayıb. Dövlətə vurulan zərərin miqdarı on milyonlarla ölçülür. Ayrı-ayrı iş adamlarına məxsus çoxlu sayda obyekt ələ keçirilib. Kimdən xoşları gəlməyibsə, başına bir qapaz vurub pulunu əlindən alıblar. Təkcə bir epizoda nəzər salaq. "MTN işi"ndə adı keçən şəxslərdən biri də Bahəddin Sultanovdur. Məhkəmə onu zərərçəkmiş kimi tanıyıb. Bahəddin Sultanov məhkəmədə verdiyi ifadədə deyib ki, Vüsal Ələkbərov onu və oğlunu həbs etdirəndən sonra azadlığa çıxmaları üçün 1 milyon dollar tələb edib.

Zərərçəkmişin sözlərinə görə, Vüsal Ələkbərov ona qardaşı ilə danışmaq üşün şərait yaradıb. Bahəddin Sultanov qardaşından təcli 360 min dollar gətirməyi xahiş edib. Pulun tapılması bir gün çəkib. Bu bir gün ərzində Vüsal Ələkbərov Bahəddin Sultanovu öz kabinetində girov saxlayıb.

Bu, bir epizod üzrə verilmiş ifadədir. Ortada bu cür ittihamlar çoxdur. Bu ittihamlara kim cavab verməlidir?

İt də desən, pişik də desən, mətbuat bu sualların cavabını səndən alacaq.

Özünü tülkülüyə qoyub aradan çıxmaqla deyil...

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ