İşğal xəritəsi böyüyür – Dünya gözlənilən qorxunc fəlakətin astanasında

İşğal xəritəsi böyüyür – Dünya gözlənilən qorxunc fəlakətin astanasında

“Davam edən Rusiya-Ukrayna müharibəsi nüvə toqquşması ehtimalını artırır”.

Turkustan.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə Rusiya-Ukrayna müharibəsi ətrafındakı qlobal gəlişmələrə diqqət çəkilib:

“Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlət ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar verib. Müxtəlif dövlətlərin hərbi büdcələri artır. Nüvə silahı potensialını artırmağa qərar verən dövlətlər də var. Bu isə dünyanı daha böyük fəlakətə sürükləyir.

BMT baş katibi Antonio Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Qazaxıstan Ukrayna müharibəsi fonunda nüvə silahının qadağan olunmasını təklif edib. Ancaq Qazaxıstanı eşidən yoxdur. Əksinə nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırırlar.

Çin müdafiə naziri Vey Fenxe bir neçə gün əvvəl Sinqapurda keçirilən beynəlxalq forumda deyib ki, ölkəsi nüvə silahlarını modernləşdirib. Nüvə başlığı daşıyan modernləşdirilmiş raketlər ilk dəfə 2019-cu ildə Pekində hərbi paradda nümayiş etdirilib. Çində nüvə raketlərinin saxlanılması üçün 100-dən çox şaxta var və bu say artır. Çin müdafiə nazirinin sözlərinə görə, modernləşdirilmiş nüvə raketləri özünümüdafiəni gücləndirmək üçün lazımdır. O, Çinin nüvə raketlərini kiməsə qarşı birinci istifadə etməyəcəyini bildirib. Ancaq bu sadəcə bəyanatdır.

Pekin Tayvan adasını ələ keçirmək məqsədilə ABŞ-la qarşıdurmaya hazırlaşır. Elə buna görə də Vaşinqton Çinin nüvə silahlarını artırmasından narahatdır. ABŞ-ın müdafiə naziri Lloyd Ostin hesab edir ki, Pekin təxribata hazırlaşır. Ostinin fikrincə, Çin qonşuları Yaponiya və Hindistana qarşı hərbi təzyiqi artırır”.

Məqalədə vurğulanıb ki, Çinin nüvə arsenalını artırması və Şimali Koreyanın raket sınaqları Yaponiya və Cənubi Koreyanı ciddi narahat edir:

“Bu iki dövlət seçim qarşısındadırlar: onlar ya ABŞ-dan ərazilərində nüvə silahı yerləşdirməyi xahiş edəcəklər, ya da özləri nüvə silahının istehsalına başlayacaqlar.

Çin nüvə silahı arsenalını artırmaqla yanaşı, nüvə başlığı daşıya bilən sualtı hərbi gəmilərinin sayını da artırıb. Bundan başqa, Çin təyyarədaşıyan gəmilərin istehsalını sürətləndirib. Çin ayrıca, Cibuti və Kambocada böyük hərbi-dəniz bazaları inşa edir. Bütün bunlar Pekinin gələcək planlarından xəbər verir”. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ