Tbilisinin "3+3"dən qaçmasının səbəbi – Gürcü ekspert açıqladı


"Rusiya İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda öz strateji mövqelərini möhkəmləndirməyə çalışır və buna qismən nail olub. Lakin Ukraynadakı müharibə səbəbindən vəziyyət dəyişə bilər. Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan Gürcüstanın 3+3 formatına qoşulmasını gözləyir, lakin Qərb bu formatda təmsil olunmadığından Tbilisi bitərəf qalıb".

Bu fikirləri Modern.az-a açıqlamasında Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan hələlik Qərbin regionda yeganə strateji tərəfdaşıdır: "Bu format qüsursuz olsa da, tərəflərin mövqeləri və çəkisi bərabər deyil. Düşünürəm ki, kommunikasiyalar açılsa, iqtisadi əlaqələr bərpa olunarsa, insanlar real fayda görəcəklər və sülh əldə olunacaq. Gürcüstan 3+3 formatına müşahidəçi qismində qoşula bilər. Ukraynadakı müharibə fonunda bu, çətin olsa da, gələcəkdə istisna etmirəm".

Zaal Anjaparidze vurğulayıb ki, rəsmi Tbilisi Ermənistanla Azərbaycan arasında bitərəfliyi qoruyub saxlasa və müharibə dövründə olduğu kimi Gürcüstanda erməni və azərbaycanlı icmaları arasında toqquşmaların qarşısını alsa, sabitliyə töhfə verə bilər.

"Gürcüstan vaxtilə Bakı ilə İrəvan arasında uğurla vasitəçi rolunu oynayıb və hazırda Rusiya və Avropa İttifaqının bu sahədə dominantlıq etməsinə baxmayaraq, Gürcüstan da imkan daxilində öz töhfəsini verə bilər. Eyni zamanda, Gürcüstan Qafqaz ölkələri arasında ikitərəfli və üçtərəfli dialoqlar üçün neytral platforma rolunu oynaya bilər", - siyasi ekspert ölkəsinin Cənubi Qafqazda cərəyan edən proseslərdə hansı mövqedən çıxış etməsi barədə danışarkən deyib.

Qeyd ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Platforma ilk növbədə, özündə region ölkələri arasındakı nəqliyyat-kommunikasiya xətlərinin açılması və gələcək əməkdaşlıqlar üçün zəmin yaratmağı ehtiva edir. Rəsmi Tbilisi Gürcüstanın Rusiya ilə birgə "3+3" formatında təmsilçiliyini qəbuledilməz hesab edir.


MANŞET XƏBƏRLƏRİ