Əkbər Qoşalı. Qaşınan İlan...


İran adlanan dövlətin Azərbaycan Respublikası əleyhinə apardığı siyasət arada zəifləmiş kimi görsənsə də, bitimək bilmir ki bilmir. Ustad Məmməd Arazın ruhu məni bağışlasın, "İran düzəlmir ki düzəlmir, baba"... Hərdən heç İran deməyə də dil dönmür, ad "İlan" şəklində təzahür edir.

Buyurun, bu günlərdə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirib. Azərbaycan Respublikası əleyhinə şüarlarla, sayıqlamalarla dolu olan aksiyada növbəti dəfərejimin üzü, daha doğrusu, üzsüzlüyü görsənib. Ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirənlər guya müstəqildi, guya vətəndaş hüqularından yararlanır - eləmi? Ay sizi dooşan yesin! - Fars-molla rejimi hara, müstəqil düşüncəyə meydan vermək hara? İnsanları hər şeydən bıkdıran, dini dəyərləri istismar edən bir zehniyyət bizim qarşımıza nə ilə çıxır?..Dünyəvi Azərbaycan dövlətinin səfirliyi qarşısındakı adıyaman aksiyaların sifarişçisinin kimliyi ictimaiyyətimizə Gün kimi aydındır.

***
İranın və oxşarlarının Azərbaycanın uğurlarına qıcıq olması təzə söhbət deyil, əlbəttə. Əlbəttə, biz də sadəlöhv deyilik lakin son aylardakı isnişmələrdən, anlaşmalardan sonra barı bir az toxtayacaqlarını düşünmüşdük. Ancaq gün keçdikcə belə təsəvvür yaranır ki, Azərbaycanın öz ərazilərini azad etməsi Ermənistandan daha artıq Fars-molla rejimini rahatsız etmişdir. Qarabağın, Gündoğar Zəngəzurun viran edilməsində, özəlliklə 1993-2020-ci illərdə ermənilərlə ortaq hərəkətdə bulunmuş molla rejimi,
qalib Azərbaycanın öz ərazilərinə, sınırlarına nəzarəti bərpa etməsindən pək məmnun deyildir.
Fars-molla rejiminin ölkəmizə qarşı apardığı siyasətin mahiyyətini, daha doğrusu, mahiyyətsizliyini başqa cür necə izah etmək olar? Vətəndaşlarımız ayıq-sayıq olmalı, din, məzhəb, təriqət pərədsinə bürünmüş şeytanlıqlara aldanmamalıdır. İran rejiminin qulu olmağı Tanrının qulu olmaqdan üstün tutanların siyasətinin qurbanı olmaq cəhalətin ta kəndisidir.

***
Əgər barışıq, uzlaşma, anlaşma üçün hər şeyi unutmağa çalışsaq da, bir sıra mövzular var ki, onların unudlması çətindir, çox çətindir və hətta mümkünsüzdür...
Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı dövründə, həmvətənlərimizin min bir zəhmətlə tikdiyi evləri, hələ-hələ, tarixi, mədəni, dini abidələrimizi dağıdan zehniyyətin kiməsə nəsə deməyə haqqı çatırmı? Baba, adını İslam Respublikası qoymuş bir rejim, məscidin dağıdılmasına, tapınaq materiallarının daşınmasına, daşınmayanlarınsa "farslaşdırılması"na qol qoyursa, durub bizə ağıl vermə haqqı hardan alır? Məscidə donuz dolduranlarla işbirliyi içində olub, müsəlmanların yurdunu viran qoyan, Azərbaycan milli, mədəni, tarixi və dini irsinin saxtalaşdırılmasına çalışanlar sussa, sussa və tək kəlmə kəsməsə daha urvatlı olardı.
İran İslam Respublikası adlanan fars molla rejiminə məxsus şirkətlərin Qarabağda məscidlərə donuz dolduranlarla sıx işbirliyini tarix unudacaqmı? Biz unutsaq da, Tanrı unudarmı?
Müharibəyə qədər, müharibə vaxtı qəbulediməz davranışları yetməzmiş kimi, postmüharibə dövründə də hoqqa çıxarır: güh sınıra ordu yığır, gah Bəyanat verir, gah hədə gəlir, gah da nə bilim neynirlər... İran adlanan ölkədəki bir ovuc erməniyə min haqq tanıyan rejim, ölkənin əsas xalqını məktəbsiz, hüquqsuz, kitabsız, ac-yalavac, evsiz-eşiksiz, bir sözlə, urvatsız şəkildə yaşatmaqdadır. Ermənistanda rejimlər dəyişsə də İrana və İranda rəhbər kim olsa da, Ermənistana isti münasibət dəyişmir. Deməli, bu "cici-bacılıq" rejimlərin xarakteridir, ötəri hal deyil.
İran rəsmisi deyir:"Ermənistanın sınır toxunulmazlığı bizim üçün "qırmızı xətdir". - Ayıbınıza kor olasız. İran həmən İran deyilmi ki, Suriyanın böyrüüstə qoyulması, Livanın qeyri-stabil dövlətə çevrilməsi, Əfqanıstanda, digər yaxın-uzaq müsəlman ölkələrində "bezpridel" yaranması üçün xüsusi "xidmət" göstərib. Öz ağıllarınca Azərbaycan Respublikasında da istiqrarsızlıq yaratmağa çalışırlar. "Ağa"lar, bu torpaqda, bu mədəniyyət iqlimində "Hizbullah" yetişdirilmək cəhdləriniz sonuc verməyəcək. Gözünü (bəsirət gözünü) Qum tutmuşların qəhrəmanlaşdırılması, Qumzədələr yetişdirilməsi siyasəti bihudə zəhmətdir.
Qaldı ki İranda təşkil olunan aksiyalarda Azərbaycanı İsraillə işbirliyində günahlandırıb, Bakını sionizmə dəstək verməkdə (?!) qınamağa - bu, rejimin saman çöpündən tutması və tutalğacsızlıqdan başqa bir şey deyil. Eviniz yıxılmasın, Azərbaycan müstəqil ölkədir, öz Konstitusiyası, öz milli və dövlət maraqları var; Azərbaycan beynəlxalq hüquq normalarına əməl edir, hər kəsdən də hüquq əsaslı davranış, rəftar tələb etmə haqqına sahibdir.
Müstəqil Azərbaycan hansı ölkə ilə hansı işbirliyində olacağını özü müəyyənləşdirir və kiminsə bizim hüquqları dəyərsizləşdirmə haqqı yoxdur. Mollalıqla siyasətçilliyi qarışdırımış Ocaq Necata gəldikdə isə... O adamın bizə qarşı düşmənçiliyi, ölkəmizdə radikalların yetişdirməsi (dəstəkləməsi), siyasi təbliğat aparması kimi çalışmaları ifşa olunmuşdur. O, artıq Ocaq yox,Qaçaq Necatdır.

İran istər İlan olsun, istər İvan olsun, bizdən iraq olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ƏKBƏR QOŞALI


MANŞET XƏBƏRLƏRİ