Xəyalə Zərrabqızı. Musa Dədə, nə gözəl üzlə döndün Tanrının qapısına!!!


Şahdağla Babadağın arasında dağ əzəmətiylə ucalan, o dağlardan süzülüb gələn büllur sutək dumduru, təzə-tər Musa Yaqubun özü kimi, sözü kimi halal çörəyini kəsmək, süfrəsinə qonaq olmaq böyük səadətdir. Təkcə yazıb – yaratdıqları yox, tikib – qurduğu ev – eşik də adamın özünə oxşayır. Lap aralıdan baxanda elə bilirsən ki, o kənd özü də Musa Yaquba bənzəyir və Buynuz bu oxşarlıqdan, doğmalıqdan qürrələnib başını bir az da dik tutur. Elə haqqı da çatır əslində. Axı Buynuz Azərbaycan coğrafiyasında Yazıçılar İttifaqının qeyri- rəsmi filialına çevrilmiş yeganə kənddir.

  • Musa Yaqubu qoynunda bəsləyən, çaylarının şırıltısı, quşlarının cəh – cəhi, bulaqlarının sədası, təbiətinin ahəngi ilə ona ana laylası çalan kənd Musa Yaqubdan ötrü dünyanın ən çirklənməmiş, gözəl, tərtəmiz modelidir, məncə...
  • Bəli, qızım. Bu yurd mənim ədəbi qəhrəmanımdır. Mən istəyirəm ki, nə tədbirim varsa, elə burda, bu kənddə olsun. Bu meşələr, ağaclar, həyət-baca, palıdlar, Göyçay çayı, vələslər, cökələr ədəbi qəhrəmanlarım olduğu üçün onları ikinci həyat kimi qəbul edirəm. Bəzən deyirlər ki, Musa Yaqub təbiət şairidir. Mən bu adla fəxr edirəm. Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam.Mən Bakıda özümüyarımçıq hiss edirəm, amma bu doğma - yurduma poetik qəhrəmanlarımın yanına gələndə sevinirəm, bütövləşirəm, onlarla birləşəndə daha böyük oluram, tam oluram.

Mən heç vaxt onun borcunu qaytara bilməyəcəm...

Bəlkə də borcundan çıxmadım, Vətən
Ömür bahar deyil, bir də qayıtsın
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!

Bu kəndin hər fəsli bir cür gözəldir: yayda bağların nübarı, baharda çiçəyi, payızda barı, qışda qarı. Hərəsi bir ayrı gözəldir. Hər fəsil də şeirlərimdə öz gözəlliyi ilə ifadəsini tapıb. Sizə bir xatirə danışım. Bir qədər kədərli olsa da... 9 yaşım olanda atam vəfat edib. Anam çox qeyrətli qadın idi – Rəbiyə xanım, rəhmətlik anam bizə həm ata, həm ana olub. Atamın itkisi mənim ruhumda, yaddaşımda həmişə qış fəsli kimi bumbuz qalıb, xatirələrim də üşüyüb. "Zülmün nağılı", "İndi desəm, nağıldır" poemalarımda həmin o atalı – atasız, analı xatirələrimi qələmə almışam.

Ata ayağı ruzulu olur, ata gedən gündən sanki adamın ocağına da, ruzusuna da qar yağır:

Atamın boz pencəyinə

qar yağırdı.

Samanlığın qapısında

düşüb qalan

dəryazının əlcəyinə

qar yağırdı.

Orağının dəstəyi də döndü buza

Qar yağırdı ruzumuza...

Atam o cür vaxtsız gedişiylə çox şeyi özüylə apardı, mənim uşaq arzularım da elə qar altında boynubükük qaldı, daha heç vaxt göyərmədi:

Amma mənim daha heç vaxt

oyuncağım göyərmədi,

Mənim uşaq istəklərim

göyərmədi.

Atamın öz əlləriylə

alınacaq

Köynəklərim göyərmədi,

Elə qaldı qar altında...

Rəhmətlik anam da çox həssas qadın idi, olduqca böyük ürəyi vardı. Heç vaxt uşağı olmayan qadının yanında bizi qucağına almazdı, oxşayıb, əzizləməzdi. Bu elə müqəddəs bir hissdi ki, bunu izah eləmək olmur. Deyirdi ki, mən sizi qucaqlayanda o gəlinlərin ürəyi qübar eliyər.

İndi mən burda Buynuzda öz torpağımla qovuşanda yadıma qələm dostlarım düşür, hər dəfə kəndimdən, bulağımdan, torpağımdan yazanda içim göynəyir ki, mən öz yurdumu qoxulaya bilirəm, amma onlar o torpağın ətrinə həsrət qalıb.

Allah o günü bizə nəsib eləsin ki, Qarabağımıza qovuşaq, biz hamımız o torpaqları gedib ziyarət edək, mən Buynuza qovuşanda bütövləşdiyim kimi... o səadəti dostlarımın da dadmağını arzulayıram.

  • Söhbətə Buynuzdan başladıq, amma Musa Yaqub həssas bir mövzunun üstünə gəlib çıxdı. Vətəndə vətənsizlik dərdi, öz yurdunda çadır qurub yaşamaq, mümkünsüz qayıdışın əzabı...
  • Qızım, Şair bu torpaqla bağlı dərdin bəla tərəfini yazır. Şairin, yazıçının gücü ideoloji cəhətdən xalqın içində, düşüncəsində, ruhunda inam yaratmağa yetir. Mən bir şeirimdə yazmışam ki:

Kim qaldırıb çadırdan yuxarı o bayrağı?

Çadır şəhərciyindən çıxarın o bayrağı

Bizə bayraq nə gərək, bizə bayram nə gərək?

Yəni çadır şəhərciyindən bayraq qaldırıb quru millətçiliklə heç nə olmur. SSRİ-də hərbi marşları Levitan oxuyurdu, onu göz üstündə saxlayırdılar. Biz "Qalx, ana torpaq" deyib hayqıran Şəmistanımızın da qədrini bilmədik. Torpağı qorumaq o torpağın üstündə cücərən insanları qorumaqdan başlayır.

  • Musa müəllim, o vaxt sovet rejimi dağılanda bütün millətlərin sandığından nə qədər qadağan olunmuş ədəbiyyat çıxdı. Bu gün ki, sovet rejimi yoxdu, amma bu gün bizdə yenə sandıq ədəbiyyatı formalaşmaqdadır. Bəs deyilir ki, yasaqlıq yoxdu, senzura yoxdu, o zaman buna səbəb nədi? Cəsarətsizlikmi?
  • Bilirsən, qızım, sovet dövründə yazanda sən artıq bilirdin ki, bu əsər çapa getməyəcək. Amma indi belə məsələlərdə münasibətlər rol oynayır. Bir də sənətkar artıq həvəsdən düşür. Adam sözü deyər, oxucu ordan payını götürər. Amma indi ha bağır, həyəcan siqnalı çal, xəbərdarlıq elə, dəridən – qabıqdan çıx. Səni eşidən yoxdu. Onda artıq həvəssizlik başlayır, nadan kütləyə söz eşitdirə bilmirsənsə, yazdığım elə sandıqda qalsa, yaxşıdı, - deyirsən.
  • Çox incə məqamı vurğuladınız. Əslində, fiziki əngəlli olmaq kar, kor olmaq deyilmiş demək ki. Əsl kor olanlar görüb də görməzdən gələnlər, əsl kar olanlar eşitsə də, qulaqardına vuranlardır. Bu cəmiyyətin bəlası görməzlik, eşitməzlikdir.
  • Əlbəttə, qızım. İndi birmənalı yanaşırlar. Filankəsin mövqeyi, fəsmənkəsin mövqeyi. Bir şeyi bilmək lazımdır ki, yazıçı, şair heç vaxt xalqının ziyanına söz yazmaz, deməz. Şair ürəyinin yanğısı ilə zamanın nöqsanlarını göstərir ki, görüb ona əlac eyləyəsən. Füzuli yazırdı ki: Heç kəsə dərdi – dil lazım deyil, dərman üçün. Yəni adam dərdini yazanda dərman istəməkdən ötrü yazmır, deyir ki, sadəcə biləsən. Biz də heç kimdən dərman – zad istəmirik, dərdi deyirik ki, başa düşsünlər. Biz heç kəsin çiyninə götürə biləcəyindən ağır yük qoymuruq ki. Mən bir şeirimdə də bunu yazmışam:

Yenə bu dünyada ölçü – ülgü var,

Qarışqa yükü var, dəvə yükü var.

Özündən ağır yük çəkə bilsə də,

Bu yükü qarışqa adına yazma.

Yazma bu yalanı onun adına

Yox, yox, torpağın da adına yazma,

Salıb günümüzün hesabatına

Yazma bu yalanı onun adına.

Torpaq nə qələmdi, nə də yazıdı,

Torpaq bərəkətdi, torpaq ruzudu.

Anadır, kiridir bütün bəşəri

Anamız adına yazma bu şəri,

Ruhumuz adına yazma bu şəri.

  • "Dövrün dəyirmanı" kitabınızda sevə - sevə oxumuşam bu şeiri. Tale, zaman, vaxt... hamısı ötüşür. Dəyirman işləməlidir ki, həyat öz axarıyla getsin. Amma bu gün dövrün dəyirmanı, deyəsən, tərsinə fırlanır...
  • Bəli, tam tərsinə fırlanır. Tərsinə fırlanmağın da bəlası odur ki, tərsinəlik o dəyirmanı dağıdır, tökür. Dəyirman müqəddəs yerdi, ona haram qatmaq olmaz axı.

- Bu dövrün dəyirmanı fırlandıqca çox adamları tanıyıb, çoxlarını dəyişən gördünüz. Bu qalmaqallı Yer kürəsində yaşamaq, özü də kişi kimi yaşamaq böyük hünərdir. Sizə baxıram, 83 ili arxada qoymusuz. Bu illəri alın açıqlığı ilə yaşamaq, bu çətin vaxtlarda özünü, sözünü, ləyaqətini qorumaq nə qədər çətin olsa da, sağ olun ki, bunu şərəflə bacarmısınız.

- Qızım, onu Allah-taala adama qismət eləyir. Zorla özünü qorumaq olmur. Özünü, şəxsiyyətini qorumağı bacarmaq da, istedad kimi, Allahın bir vergisidir. Amma qızım, mən bu keyfiyyətimlə fəxr eləmirəm. Axı burda fövqəladə heç nə yoxdu. İnsan elə bu cür olmalıdı da. İnsan özünü, şərəfini, şəxsiyyətini dövrün tərsinə fırlanan dəyirmanından qorumağı bacarmalıdır. Bax palıd, çinar kökündən ayrılan kimi çürüyür gedir. Amma söyüd ağacına bax, onun yarpağında da, torpağında da, onun budaqlarında da kökü var. Allahın söyüdü kökünə bağlıdır.

Zaman bizi elə yerə gətirib çıxarıb ki, Haqqın yolunda olmağa belə fövqəladə bir şey kimi baxırlar. İnsan həqiqətə səcdə eləməlidir da, bu, insanın borcudur. Və mənim həqiqətə nə dərəcədə səcdə etməyimə birinci növbədə mənim yaradıcılığım cavab verməlidir. Bilirsiz, adamın özü ilə sözü, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlamalıdır. Bu bütövlük səndə varsa, deməli, sən üzü Haqqa doğru yol alıb gedirsən. Yolundan, əqidəsindən dönməmək şərəfdir, üzağlığıdır. Adam təkcə həyatda yox, yaradıcılıqda da Həqiqətə xidmət etməlidir.

***

Musa Yaqub çağdaş Azərbaycan poeziyasının görkəmli yaradıcılarından olmaqla yanaşı, həm də saflığın və cəsarətin simvoludur. Çünki istedad təkcə poetik düşünə bilmək deyil, istedad həm də hamının pıçıldamağa qorxduğu gerçəyi deyə, yaza bilməkdir. İstedad o zaman böyük olur ki, cəsarətə söykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın. Şərəfini, ləyaqətini, sözünü medala, evə, hər hansısa mandata, komforta dəyişən ruhu satılmışların yaşadığı bir toplumun içində hələ də nəfəs ala biliriksə, bu məhz şəxsiyyəti xırdalanmayanların, sürüşə - sürüşə ucalmaq sevdasına düşməyənlərin hesabınadır. Onlar var olduqca bizim yaşamaq, qorumaq və mücadilə etmək üçün nədənlərimiz olacaq. Düşünəcəyik ki, sözünün və özünün azadlığını kölgələməyən, xırdalanmayan beşcə nəfər varsa, onlara tutunub yaşamağa dəyər. Çünki o insanlar özləri dəyərdi – Musa Yaqub kimi...

***

Bir dəfə Seyran Səxavətdən soruşurlar ki, sizin üçün Musa Yaqub kimdi? Seyran müəllim möhtəşəm bir cavab verir: "Musa Yaqub ilkin körpə paklığını öz içində qoruyub saxlayan bir sənətkardır. O, illərdi, daxilindəki pak, məsum Musanın qulluğunda dayana-dayana şeir yazır. Özünün dediyi kimi, bir az da sadəlövh uşaq kimidir. O, içindəki körpə uşaqla əl-ələ verib o uşağın gözündən dünyaya boylana-boylana qalıb. Bu yaşında da Musa müəllim öz uşaqlığını dilə gətirir. Bu, əsl möcüzədir - Musa Yaqub yaşında bir uşağın möcüzəsi... Musa Yaqub daim Həqiqətə səcdə eləyən böyük ziyalıdır..."

***

Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir. Bu dərgaha baş vurmaq hər şairə nəsib olmur. Musa Yaqub alnı Haqqın dərgahında olan, Sözü Tanrının əmanəti, Ruhun tərcümanı kimi qoruyan və ucaldan şairdir.

"Bu dünyanın qara daşı göyərməz..." Bunu kim bilmir ki?! Amma heç kəs demir. Musa Yaqub deyəndə ki, "bu dünyanın qara daşı göyərməz", hamımız inanırıq. Axı Musa Dədə ilahinin sirlərini bizə pıçıldayır, qaranlığımızı aydınlandırır, sözləri ruhumuza məlhəm olur.

Bu gün Sözün ucuzlaşdığı bir zamanda Azərbaycan oxucusu Musa Yaqubun timsalında təkcə öz şairini yox, həm də Haqq elçisi, əbədiyyət carçısı obrazını tapdı. Onun şeirlərinin saf, tərtəmiz nəfəsi Tanrı duası kimi boğulduğumuz ədəbi mühitdə oksigenimiz oldu.

***

P.S. Ötən ay dəyərli Qulu Ağsəsə yazmışdım ki, Musa Yaqubla söhbət etmişəm. O söhbəti Sizə göndərmək istəyirəm. Həmişəki kimi nəzakətlə "Göndər!" – demişdi Qulu Müəllim. Yazını gözləyirdi... Bilmirəm, mənmi gecikdim, Musa Dədəmmi tələsdi?!

Səsini ruhumun yaddaşıma köçürüb saxladığım kimi söylədiklərinin də nöqtəsinə, vergülünə dəymədən saxladım, əlim gəlmədi...

***

Bir dünya İşıq idi Musa Dədə... Nur parçası idi... Nura qovuşdu! Nura qərq oldu!

Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək... Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür...

Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi...

Tanrıdan qopan Nur parçası Tanrıya döndü... Ondan gələn Ona qayıtdı!...

Musa Dədə, Nə gözəl üzlə döndün Tanrının qapısına! Gəldiyin kimi körpə uşaq paklığında...

Əbədiyyətdəki Doğuluşun qutlu olsun, dilimizdə nəğməyə, ürəyimizdə Sevgiyə dönən Şair!...

***

Sonuncu görüşümüzdə vidalaşanda demişdim ki: Bu kirlənmiş dünyada hələ də nəfəs ala biliriksə, bu Sizlərin saf nəfəsi sayəsindədir, Musa Dədə!!!

...!!!

Mən o nəfəsi hələ də hiss edirəm...

Nə qədər ki, sol yanımızda sevən bir ürək var, nə qədər ki, təmizlik var, duruluq var, nə qədər ki, yağmur yağır, nə qədər ki, dağdağan ağacları çiçəkləyir, Musa Yaqub yenidən doğulacaq...

XƏYALƏ ZƏRRABQIZI

12 may 2021-ci il


MANŞET XƏBƏRLƏRİ