Azərbaycan elm və mədəniyyətində Mirzə Kazım bəy - ARAŞDIRMA


MEDİA Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

İlqar MÜZƏFFƏROĞLU,
AJB-nin üzvü

Görkəmli və həmişəyaşar Azərbaycan alimi, böyük nüfuza malik şərqşünas Mirzə Kazım bəy XIX əsr ictimai-siyasi və fəlsəfi fikir tariximizdə dərin iz qoymuşdur. Bütün dünyada məşhur olan bir sıra qiymətli əsərlərin müəllifi kimi o, Rusiyadan çox-çox uzaqlarda tanınmış və şöhrət zirvəsinə ucalmışdır. XIX əsrdə Rusiyanın iri şəhərlərindən və mədəni mərkəzlərindən biri də Kazan idi.

Mirzə Kazım bəyin rus ədəbiyyatı xadimlərindən yaxından bilavasitə əlaqə saxladığı ilk şəxsiyyət L.N.Tolsoydur. Onlar 1842-ci ildə rastlaşıb tanış olmuşlar. L.N.Tolstoy Kazan universitetinə daxil olmağa hazırlaşanda Mirzə Kazım bəyin rəhbərliyi altında iki il Şərq dillərini öyrənmişdir. L.N.Tolstoyun tədqiqatçılarından biri yazır: "LevNikolayeviçKazandauniversitetədaxilolmaqüçünikiilyarımhazırlaşmışdır;türktatardillərinionaöyrədənprofessorKazımbəyyaddilləriqavramaqdaşagirdininqeyri-adiqabiliyyətinəheyrətetmişdir.Tolstoyhəmindillərdənbaşqa,həmçininlatındilindənyaxşıimtahanvermişdir". (bax:V.Şklovski.LevTolstoy,Moskva, 1963,səh. 76).

Belə bir faktı da qeyd etmək yerinə düşər ki, Mirzə Kazım bəy Kazan universitetində 1835-1836-cı tədris ilindən etibarən bir neçə il görkəmli rus yazıçısı T.İ.Melnikovun da (Andrey Peçorski) müəllimi olmuşdur. Andrey Peçorski universitetdə Şərq dillərini öyrənirdi. O, yazır: "Dərslərimizin yarısından çoxunu Şərq dilləri təşkil edirdi... Universitetinpartaları arxasında biz qədim ədəbiyyat və Şərq ədəbiyyatı ilə yaxşı tanış oluruq. Bizim dil fakültəmizdə Kazım bəy, kovalevski, Erdman kimi gözəl Şərq dilləri, professorları vardı..." (Bax: П.И.Мелников – Андрей Печорский, "Полное собрание сочинений, том, СПБ – Москва, 1897, стр. 61").

Mirzə Kazım bəyin böyük rus inqilabçı-demokratı A.İ.Gertsenlə şəxsən tanışlığı danılmaz faktdır. Məlumdur ki, A.İ.Gertsen Moskva universitetini bitirən kimi "təhlükəli, azad fikirli gənc" hesab edilərək 1834-cü ilin iyulunda çar hökuməti tərəfindən həbs olunmuş və doqquz ay həbsxanada yatdıqdan sonra Permə sürgün olunmuşdu. Perm yolu isə Kazandan keçirdi.

Kazan cavan mütəfəkkirə dərin təsir göstərmişdi. Xüsusən də Kazan universitetində tədris işlərinin yüksək səviyyədə təşkili onu məftun etmişdi. Sonralar "Əyalətdən məktublar"da A.İ.Gertsen təəssüratını belə ifadə etmişdi: "Əgər Kazan universiteti öz vəzifəsini təkcə Avropa elmlərini yaymaqla məhdudlaşdırmış olsaydı, onun əhəmiyyəti ikinci dərəcəli olardı; o, uzun müddətnəinki alman universitetlərinə, həmçinin bizim Moskva və Derpt kimi universitetlərimizə də çata bilməzdi. İndi isə bu universitet həmin universitetlər sırasında özünə məxsus yer tutur. Onun kafedralarında Şərq ədəbiyyatı geniş ölçüdə öyrədilir və çox vaxt orada asiyalılar dərs deyir".

1835-ci ildə böyük rus şairi A.S.Puşkin Rusiyanı səyahət edəndə Kazana da gəlib çıxır. Şəhər dəhşətli faciədən yenicə qurtarmışdı – vəba xəstəliyindən çox adam ölmüşdü. Böyük şair əvvəlcə "rus elmini" vəbadan xilas etmiş görkəmli alim, Kazan universitetinin rektoru N.İ.Lobaçevskinin yanına gedir. Rektor rus dilçilik elminin Kazan cəmiyyətinin üzvlərini professorlardan Suvovtsevi, Fuksu, Pertsovu, şair Babuşkini, professor Mirzə Kazım bəyi və başqalarını Aleksandr Serqeyeviçlə tanış edir.

Məlumdur ki, A.S.Puşkin Kazan təəssüratları və Kazan faciəsi əsasında özünün "Vəba zamanı qonaqlıq" pyesini yazmışdır. Şübhə yoxdur ki, A.S.Puşkinlə görüş görkəmli azərbaycanlı aliminə dərin təsir etmişdir. Mirzə Kazım bəy məhz bundan sonra Puşkinin "Bağçasaray fontanı" poemasını Azərbaycan dilinə tərcümə etməyə başlamışdır.

Kazan universitetinin zəngin arxivində saxlanılan həmin əsərin tərcüməsi bizim tərəfimizdən tapılmışdır. (Uzun və səmərəli axtarışdan sonra).

Mirzə Kazım bəy poemanın necə yarandığını əvvəlcədən bilirmiş. Ona görə də onun adını həm Azərbaycan, həm də fransız dili variantında "Göz yaşı çeşməsi" adlandırmışdır. Puşkin məktublarından birində yazmışdır ki, "...aşiq olmuş xanın qəribə abidəsi haqqında mən əvvəllər eşitmişdim. Lakin Kazım bəy həmin abidəni "Göz yaşı çeşməsi" adlandırmaqla iki dilə poetik şəkildə tərcümə etməsi istər-istəməz məndə fərəh və qürur hissi doğurur..." (Bax: А.С.Пушкин. Полное собрание сочинений, изд. 2-е, том IV, Москва, 1957 г. стр. 202).

Bəri başdan deyək ki, arxivdə Mirzə Kazım bəy tərəfindən edilən tərcümənin yalnız 263 misrası qalmışdır ki, bu da A.S.Puşkinin əsərinin təqribən yarısıdır.

Əlyazması variantından görünür ki, tərcümə bitməmişdir, yarımçıqdır, qaralamadır. Mirzə Kazım bəy əsəri tərcümə edərkən orijinala yaxın olmağa çalışmış və fikrimizcə, buna nail olmuşdur. Bəzi misralarda müəllif "Tavrida" sözünü "Krım"la, "Məkkə" sözünü "Kəbə" ilə əvəz etmişdir.

Mirzə Kazım bəy Puşkinin dostu, şair V.A.Jukovski ilə də yaxın olmuşdur. Jukovski 1837-ci il iyunun 21-22-də öz gündəliyində Kazanda Mirzə Kazım bəylə görüşdən aldığı xoş təəssüratı ətraflı qeyd etmişdir. (Bax: "V.A.Jukovskinin gündəliyi" , SPB. 1901-ci il, səh. 390).

Dövrünün istedadlı yazıçısı İ.İ.Lajeçnikov da Mirzə Kazım haqqında ən layiqli xoş sözlər yazmışdır: "...özümə borc bilib deyirəm ki, mənim vaxtımda fərasətsizlərlə yanaşı, tibb alimi Fuks və Lentovski, təbiətşünas və arxeoloq Eyxvald, oriyentalist Mirzə Kazım bəy və Erdman kimi elmə məhəbbətlə və səmərəli xidmət edən ləyaqətli müəllim və alimlər də var idi..." (Bax: И.И.Лажечников. Полное собрание сочинений, том XII, СПБ, 1900, стр. 324).

Yeri gəlmişkən qeyd edək ki, A.S.Qriboyedovun da Şərqə olan marağı hamıya bəllidir. Bu maraq, hər şeydən əvvəl Şərq dillərinin öyrənilməsi ilə əlaqədar idi. Məlumdur ki, A.S. Qriboyedov Şərq dilləri üzrə ilk dəfə Peterburqda universitet müəllimi Mirzə Cəfər Topçubaşovdan dərs almışdır. Şairin tədqiqatçılarından biri (N.A.Suxanovski) inamla yazırdı ki, 1824-cü ildə Peterburqda Qriboyedovun Şərq dilləri üzrə məşğələləri uzun çəksə də, bu məşğələlər, şübhəsiz, onun üçün çox faydalı olmalı idi, çünki Qriboyedov Mirzə Cəfərin şəxsində özünə gözəl müəllim tapmışdı. Mirzə Cəfər Topçubaşov alimliklə bərabər həm də, istedadlı şair-publisist idi.

Bəzi tədqiqatçıların müsbət rəyinə baxmayaraq Mirzə Kazım bəylə Qriboyedovun şəxsi tanışlığını isbata yetirən arxivlərdə dəlil-sübutlara rast gəlmədik. Ancaq əldə etdiyimiz başqa sənədlər deməyə əsas verir ki, qiyabi də olsa, Mirzə Kazım bəy böyük rus şairinin yaradıcılığına böyük önəm vermişdir. "Русское слово" jurnalının 1859-cu il 4-cü və 5-ci nömrələrində A.S.Qriboyedovun gündəlikləri: "Qriboyedovun qaralama dəftəri" başlığı altında dərc olunmuşdur. Maraqlıdır ki, bu gündəliyin şərhi Mirzə Kazım bəyə məxsusdur. Aşağıda gündəlikdən bəzi parçaları misal gətirməyi zəruri hesab edirik: A.S.Qriboyedovun gündəliyindən: - "İyulun 11. Şahın ordugahını, onun saray adamlarını görürük. Gəlirik geri, çadırlarımızı qururuq. Axşamdır, ancaq ay görünmür, bayram yoxdur" (4-cü nömrə, səh. 43).

Mirzə Kazım bəyin şərhi: " Ay - bayramın başlanması üçün dəqiq vaxtın yeganə göstəricisidir ki, qanuna görə bayram təzə ayın doğulması ilə qeyd olunur. Bayramın başlanğıcı üçün dindarlar ayı haradasa görməlidirlər: bunsuz bütün astronomlar yekdilliklə, necə deyərlər, ayın "doğulduğunu" təsdiq etsələr də, bayram başlanmaz" (4-cü nömrə, səh. 73).

A.S.Qriboyedovun gündəliyindən: "26 iyun. Tezdən dururuq. Bayırda dəhşətli isti var. İran dövləti ilə Rusiyanın döyüşünün Gəncə ətrafında şair Nizaminin məqbərəsi yaxınlığında olması barədə Abbasqulunun məlumatı". (5-ci nömrə, səh. 41).

Mirzə Kazım bəyin şərhi: "Nizami Gəncəvi Şərq ədəbiyyatının ilk ləyaqətli nümayəndələrindən biridir. Əsl-nəcabəti Gəncədəndir. Özünün qabiliyyət və bacarığı ilə Səlcuqların birinci sülaləsinin sarayında şairlər arasında tezliklə birincilik qazanmışdır. Erkən yaşlarından yaradıcılıq aləminə qədəm qoyan şair bir-birinin ardınca çoxlu yaddaqalan əsərlər yaratmışdır; onun zövqü, ilhamı və şeiriyyəti nümunəvi sayıla bilər" (5-ci nömrə, səh. 112).

Mirzə Kazım bəyin tanışları içərisində ən parlaq simalardan biri də böyük rus inqilabçı-demokratı N.Q.Çernışevski olmuşdur. Şübhə yoxdur ki, bu iki şəxsiyyət arasında dostluq ilk növbədə inqilabçı-demokrat yazıçının Şərqi və Şərq dillərini yaxından öyrənmək səyi ilə əlaqədardır. Hələ 1844-cü il fevralın 3-də dostu A.F.Rayevə yazdığı məktublardan birində Nikolay Qavriloviç qeyd edir ki, "...bütün bunlara baxmayaraq, əgər siz məndən öz arzumu bildirməyi istəsəniz, deməliyəm ki, mən böyük sevinclə məhz Şərq dilləri fakültəsində elmə dərindən yiyələnmək üçün onun arxasınca (Mirzə Kazım bəyin – M.İ.) Peterburqa gedərdim".

Universitetə daxil olana qədər N.Q.Çernışevski Şərq dillərini müəyyən qədər öyrənmişdi. O, 1844-cü ildə seminariyada oxuyarkən ərəb və fars dillərini öyrənmək üçün müstəqil çalışmışdı. Həmin illərə aid dəftərlərində bir sıra tərcümələri vardır. Bunlardan Müdrik Loğman (ərəb yazıçısıdır) "Ahu", "Şir və tülkü", "Şir və öküz" təmsillərini göstərmək olar. Harun-əl-Rəşidin xəlifəliyi haqqında povestin əvvəli və çoxlu ərəb zərbi məsələlərindən məsələn: işsiz alim susuz buluda bənzər, ən pis adam odur ki, elmə səmərə verilir, axmağın ürəyi ağzındadır, aqilin dili ürəyində və s. gəlib bizə çatmışdır.

N.Q.Çernışevskinin tədqiqatçılarından olan Yevgeniy Lyateki böyük mütəfəkkirin Şərqə marağını belə xarakterizə edir: "...özünün üç illik məşğələləri zamanı Şərqin müdrikliyi ilə ünsiyyətə Çernışevski az vaxt sərf etməmişdir. Nəzərə almaq lazımdır ki, onun əlinin altında zəruri olan hər cür vəsait olmamışdır, o, dəftərləri lüğət və qrammatik qaydalarla yazıb doldurmuşdur: yeri gəlmişkən deyək ki, Q.S.Sablukovun tatar qrammatikası özünün hədsiz misal və sitatları ilə birlikdə köçürülmüşdür".

Bütün bunlara görə də N.Q.Çernışevski Peterburqa gələn kimi Mirzə Kazım bəylə yaxınlaşmışdı. 1850-ci il aprelin 15-də Nikolay Qavriloviç gündəliyində yazır: "Nikitinkanın (yazıçının oğludur) imtahanı çox pis keçirdi. Kazım bəylə birlikdə ora (Peterburqa) köçdük və onunla xeyli söhbətimiz oldu, uzun-uzadı danışdıq".

Bizə elə gəlir ki, Mirzə Kazım bəyin dövrünə görə populyar olan "Sovremennik" jurnalı ilə əməkdaşlığı məsələsindən danışmasaq qəbahət olar.

Çünki bu jurnalın nəşri böyük rus yazıçıları və mütəfəkkirlərindən Saltıkov-Şedrin, L.N.Tolstoy İ.A.Qonçarov, N.Q.Çernışevski, N.A.Dobrolyubov, N.A.Nekrasov və başqalarının adı ilə üzvi surətdə bağlıdır. 1852-1853-cü illərdə "Sovremennik"də Mirzə Kazım bəyin dörd məqaləsi çap olunmuşdur. Xüsusən Çin haqqında yazdığı iki məqaləsində müəllif nəcib və orijinal məsələlər qaldırmışdır. Xarakterik cəhətdir ki, Çin haqqında məqalələr seriyasının əvvəlinci iki yazıçı Mirzə Kazım bəyə, üçüncüsü isə N.Q.Çernışevskiyə məxsusdur.

Mirzə Kazım bəyin 1852-ci ildə "Современник"də dərc olunmuş "Jurnalın redaktoruna məktub" məqaləsi diqqət çəkəndir. Şərq alimi bu yazısında bir sıra zəruri məsələlərə toxunmuş və ədəbi tənqidin təmizliyi və səmimiliyini müdafiə etmişdir. Mirzə Kazım bəy yazır: "Alimlərin buraxdığı səhvlər onların həmkarları tərəfindən düzəldilir. Bu, həqiqi maarifpərvərin gözündə nə birinci tərəfin özünü öyməsinə, nə də ki, digər tərəfin inciməsinə səbəb olmalıdır".

Mirzə Kazım bəy əlbəttə ki, tənqidin peşəkar hazırlığına xüsusi fikir verirdi. O, yazır: "...Tanış olmadığın əsərə tənqidi məqalə yazmaq bilmədiyi dilin qrammatikasını yazmaq kimi bir şeydir... Oxucu kütləsi üçün çox şey demək olar, ancaq bu çox şeydə elm üçün, tənqid üçün heç bir şey də olmaya bilər" . Xatırlatmaq yerinə düşər ki, bir çox xarici və rus elmi cəmiyyətlərinin fəxri üzvü, Şərq dilləri üzrə fəxri doktor, elm üzrə üç dəfə Demidov mükafatına layiq görülmüş, əsərləri müxtəlif ölkələrin kitab fonduna daxil olub sevilə-sevilə oxunan, nəhayətdə müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısı Kazım bəy Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu 22.06.1802-ci ildə Güney Azərbaycanın Rəşt şəhərində anadan olmuş və 68 yaşında (1870-ci ildə) ürək çatışmamazlığından Peterburqda dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!


MANŞET XƏBƏRLƏRİ