Qardaşlar taksi sürücülərini belə soyurmuşlar - VİDEO


Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı Astara rayon sakinləri Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək onları Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada qeyd edilən hadisələri törətdikləri məlum olub. Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib. Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə götirilib. Onun üzərində şəxs axtarış aparılan zaman 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Təqdim edilən hər bir faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Bu şəxslərin qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat verə bilərlər (APA).


MANŞET XƏBƏRLƏRİ