Uşaqlar dünyamızın baharı...


Sevgili dostum Süheyla, Günaydın!

Gözləriniz aydın, Əzizim! Tanrıya sonsuz şükürlər olsun, əkizlərin - Arasla Berat anaokuldan məzun olur. Maşallah! Bir Ana üçün balaların sevincini - əkdiyi ağacların bəhrəsini görməkdən daha gözəl nə ola bilər ki?!

Onları verənə minlərcə şükür! Dünyamızın baharı, ömrümüzün günəşidir, üzümüzün gülüşü balalar...

Bizim ustad şairimiz Mirzə Ələkbər Sabir yazır ki: Bir ananın ən dəyərli zinəti böyütdüyü ədəbli, tərbiyəli çocuqdur.

Sənin ən böyük yaradıcılığın Analığın, yaratdığın ən gözəl əsərlərin övladlarındır, heç bir ödüllə, təşəkkürlə dəyəri ölçülməyən zəhmətin sevginlə qoruduğun Ailəndir, Əziz Bacım!

Açıklama yok.

Ailəsini uca tutan və qorumağı bacaran insan mənim dünyamda dəyərli olduğu qədər həm də bütövlükdə dəyərdir... Bunun üçün bütün səmimiyyətimlə deyirəm ki, Süheyla xanım və Mahmud Bəy kimi İnsanlar sözün həqiqi mənasında, cəmiyyətimiz üçün bir Dəyərdir...

Ailə ən incə cizgiləriylə göz oxşayan sənətkarlıq abidəsidir... Və O Abidənin memarı zərif çiyinlərini bu böyük məsuliyyətin altına söykəyən Qadındır...

İnsan necə vətəndaş olursa, o cür də ailə başçısı olur, o cür Ana olur, o cür də şəxsiyyət olur.

Şəxsiyyətində yarımçıqlıq olan adam heç vaxt böyük ədəbiyyat yarada bilməz. Sənin yaradıcılığın öz mayasını daxili dünyandan alır, Əzizim! Bizim qələmə aldıqlarımız iç dünyamızın aynasıdır axı… Sözümüzə, üzümüzə yansıyan da elə içimizdəkilərdir…

Açıklama yok.

Böyütdüyümüz balalar bizim bu həyatda yaza biləcəyimiz ən möhtəşəm əsərlərimizdir. Onlar bizi özümüzə göstərən Aynadır… Onların necə böyüməsi həm də bizim necə ana olmağımızdan asılıdır.

Analıq ilahi bir vergidir, bəlkə də... Ana olmağı bacarmaq ayrıca bir yaradıcılıqdır. Bəzi insanların düşüncə biçimində Ana olmaq bişirib yedirməkdən, qarın doyurmaqdan, saçını darayıb geyindirmədən ibarətdir. Fəqət Analıq görəvi bununla bitmir. Analıq nə mətbəxdə aşçılıqdı, nə evdə dayəlik...

Analıq yuvan üçün, ailən üçün özünü fəda etməkdən duyduğun rahatlıqdı, eşinin və övladlarının içində əriyib onlara qarışmaqdan aldığın zövqdü, Allaha "kömək" edərək onları yaşatmaq, sevindirmək, onlara həyat enerjisi, yaşam motivasiyası olmaqdı... Səni müşahidə etdikcə bu görəvinin nə gözəl üstəsindən gəldiyini ürəkdən alqışlayıram, Dəyərlim!

Açıklama yok.

Bu dünyada insan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin peşə yoxdur. Bir binanın memarı olmaqdan daha çətini Ruhun memarı olmaqdır...

Ana olmağı bacarmaq ən böyük yazıçı, ən böyük müəllim, ən böyük sənətkar ola bilməkdi...

Ana olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi...

Ana olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı...

Bu həyatda ən uca adın – Ana adındı, əziz Bacım!

Və bu gün Sən kitab oxurkən Arasla Berat Sənə çiçək toplayıb ərməğan edirsə, demək ki, əməyin gözəlcə bəhrəsini verir, verdiyin tərbiyə özünü doğruldur. Onlar əli kitablı analarının zəhmətinə bir dəstə çiçəklə təşəkkür edə bilirlərsə, Tanrıya şükr etmək üçün bundan daha gözəl səbəb nə ola bilər ki?!

Nazim Hikmət nə gözəl deyir: "Mutluluk səhər işə, axşam evə tələsməkdir".

Səni işə və evə tələsdirən səbəblərini Tanrı qorusun, Əziz Bacım! Ocağın ruzi-bərəkətli, çörək qoxulu, kitab qoxulu, çiçək qoxulu, övlad qoxulu olsun həmişə! Evin şen olsun!

Bu gün insanların bir aylıq karantində bir damın altını paylaşmağa təhəmmül edə bilmədiyi bir mühitin içində Mahmud Hocamla Səni tanımaq, Sizin kimi insanların – ailələrin varlığını duymaq ayrıca bir səadətdir...

Açıklama yok.

Yaxşı ki varsınız, Əzizlərim! Dəyərləri itən, insanları bozlaşan bu dünyada nə yaxşı ki varlığı ilə rəngləri və işığı öləziməyə qoymayan Sizlər Varsınız!

Ekizləri təxəyyül etdiyinizdən, arzuladıqlarınızdan daha gözəl böyütməyiniz, ali məktəblərdən məzuniyyətini, mürvətlərini görməyiniz diləyirəm.

Arasım – Beratım! Sizi bağrıma basır, gözlərinizdən öpürəm yavrularım! Sizin gözlərindəki parıltıdır dünyamızı aydınlandıran... Gözünüz hər zaman sevinclə, xoşbəxtliklə parlasın, yavrularım! Siz Varsınız deyə yaşamağa, çalışmağa, bütün əzablarına rəğmən həyata gülümsəməmizə dəyər... Həmişə Varımız olun dünyamızın baharı, ömrümüzün günəşi, üzümüzün gülüşü Balalarımız!

Ən xoş arzularla: Sizi çox sevən Xəyalə


MANŞET XƏBƏRLƏRİ