Müdriklik Zirvəsindən yaşananlara baxanda...


Bu gün Ankarada Hacı Bayram Vəli Universitetində çağdaş Türk ədəbiyyatşünaslığının yaşayan klassiklərindən Prof.Dr. Nazım Hikmət Polatın şərəfli ömür yoluna həsr olunmuş ərməğan kitabın təqdimat törəni keçiriləcək.

Sevgili məsləkdaşım, dəyərli ziyalı, Ankara Hacı Bayram Veli Universitetinin dr. öğretim üyesi, Doç.dr. Tayfun Haykır Bəyin sosial mediada bu törənlə bağlı dəvət duyurusunu oxuyanda ürəkdən sevindim.

Ustad Nazım Hikmət Polatın elm və ədəbiyyatşünaslıq yolunda misilsiz xidmətlərinə təşəkkür olaraq, Möhtərəm Hocamıza ehtiramla bu ərməğan kitabın hazırlanmasında başda Tayfun Bəy olmaqla əməyi keçən bütün qələmdaşlarımı təqdir etdim, zəhmətlərini alqışladım.

Ustadın doyulmaz söhbətini 2020-ci ilin fevralında Bakıda dinləmək nəsibim olmuşdu. Yunus Əmrə İnstitutu Xəzər Universitetində gözəl bir görüş düzənləmişdi. "20. Yüzyıl Türkiyechr("39")sinde Edebiyat Öğretimi ve Türk Dünyası" könülü möhtəşəm bir konferans vermişdi Nazım Hikmət Hoca! O unudulmaz gün xatirəmizdən silinməz gözəl söhbətləri, şəxsiyyəti, düşüncələri ilə hamımızın doğmamız olmuşdu Nazım Hoca. Etiraf edim ki, onu dinlədikcə sanki real insan olmağı ilə bərabər həm də bir əsərin qəhrəmanı olduğunu zənn edirdim.

Elə İnsanlar var ki, onların sadəcə Varlığı bu toplum üçün Dəyərdir. Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Üzünün nuru sözlərinə tökülən, tək bircə dəfə gördüyüm, bir neçə saatlıq söhbətindən sehirləndiyim Nazım Hikmət belə işıqlı insanlardır.

Bu gün 67 yaşın zirvəsində qərar tutan Nazım Hikmət Polat öz yaşadıqlarını, yetirmələrinin hazırladığı ərməğan kitabın səhifələrində vərəqləyəcək.

Nə mutlu Sizə, Ustad! Nə xoşbəxt adamsınız ki, kainata ötürdüyünüz enerji bu şəkildə gözəlliklərə dönüşərək özünüzə qayıdır. Demək ki, enerji itmir, etdiyiniz yaxşılıqlar kimi...

Sizin şərəfli ömür yolunuz bizim hamımız üçün - bütövlükdə türk gəncliyi üçün, cəmiyyətimiz üçün dəyərli nümunədir. Vicdan, ləyaqət, dürüstlük, təmizlik, sadəlik, səmimilik, mütəvazilik, ağsaqqallıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: "təsəlli" sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanı tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur, Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, ruhunun, adının paklığını – Tanrı əmanəti kimi qoruyan bir İnsanın – Sözün həqiqi mənasında böyük hərflərlə İNSANIN varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu millət Nazım Hikmət Polat ləyaqətdə qutsal və uca ürəkli bir şəxsiyyət yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır...

Yaşınızın, ömür nərdivanınızın bu müdriklik məqamını və şəxsinizə hazırlanan ərməğan kitabını ən səmimi arzularımla təbrik edir, Kitabın hazırlanmasında əməyi keçən, Vəfa borcunu belə gözəl yerinə yetirən dostların böyük ürəyi, qədirşünaslığı qarşısında sayğıyla əyilirəm!

Azərbaycandan qucaq dolusu sevgilərlə Sizləri bağrıma basır, yanınızda olmasam da, bu gözəl gününüzün sevincinə qatılıram!

Sayğılarla: Dr. Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ