Ukraynada təhsil alan Azərbaycan vətəndaşlarının aqibəti necə olacaq?


Ukraynada başlanan hərbi əməliyyatlardan sonra soydaşlarımızı, Azərbaycan vətəndaşlarını ən çox düşündürən məsələlərdən biri də ali təhsil ocaqlarında təhsil alan və bu ölkədə universitetlərə qəbul olunmaq istəyənlərin aqibətinin necə olmasıdır. Çünki Ukraynanın ali təhsil ocaqlarında hazırda təxminən 7-10 min arası Azərbaycan vətəndaşı və minlərlə bu ölkədə yaşayan soydaşlarımız təhsil alır. Eyni zamanda, Ukrayna universitetlərinə qəbul olmaq istəyən Azərbaycan vətəndaşlarının da sayı az deyil.

AZƏRTAC-ın sorğusuna cavab olaraq Ukraynanın Təhsil və Elm Nazirliyindən bildiriblər ki, ölkədə gedən müharibə səbəbindən qanunvericiliyə edilən dəyişikliyə əsasən əcnəbi vətəndaşlar yaşadığı ölkədə onlayn şəkildə qəbul imtahanlarından keçə bilərlər.

"Ukrayna universitetlərində təhsil almaq istəyən əcnəbilər dəvət almaq üçün ali məktəblərə müraciət etməlidirlər. Bu il Ukraynanın təhsil müəssisələrində əcnəbilər üçün təhsil daxili və ya məsafədən, yəni onlayn həyata keçirilir. Həm əyani, həm də onlayn təhsil almaq üçün dəvət alınmalıdır. Müharibə dövründə təhsil onlayn formatda da keçiriləcək", - deyə nazirliyin məlumatında qeyd edilib.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olmuş soydaşımız, təhsil məsələləri üzrə ekspert Nəsib Alicanov isə AZƏRTAC-a bildirib ki, Ukrayna universitetlərinə qəbulla bağlı Azərbaycan vətəndaşları arasında düzgün maarifləndirmə işinə ehtiyac var. Təbiidir ki, müharibə vaxtı Ukraynada təhsil alan və bu il ora qəbul olmaq istəyən vətəndaşlarımız arasında bir çaşqınlıq yaranıb.

"Ukrayna hökuməti müharibə şəraitini nəzərə alaraq, əcnəbi vətəndaşların ölkənin universitetlərinə onlayn qəbuluna icazə verib. Ukraynada kifayət qədər etibarlı ali təhsil ocaqları var, sadəcə azərbaycanlı tələbələr öncədən Ukraynada təhsil alacaqları universitet barədə məlumat toplamalı, onun xarici tələbələr üçün təhsil proqramlarına lisenziyasının olub-olmadığını yoxlamalıdırlar", - deyə Nəsib Alicanov əlavə edib.

Onun sözlərinə görə, ötən illərdə Ukrayna ali təhsil ocaqlarına daxil olan tələbələr də müharibə dövründə təhsilini onlayn şəkildə davam etdirə biləcəklər. Onların təhsilinin davam etdirilməsində hər hansı problem yaşanmayacaq.


MANŞET XƏBƏRLƏRİ