SÜHEYLA KARACA HANÖNÜ. Ədəbiyyatla başlayan Dostluq...


Sevgili Xəyalə!

Öncəliklə qəlblərimizi bir-birinə isindirən Rəbbimizə şükürlər olsun! – deyərək məktubuma başlamaq istəyirəm.

Bir daha anladım ki, yazmaq sehirli bir şeydir. Yazılanlar qəlbləri, insanları, dövlətləri bir-birinə yaxınlaşdırır. Ortaq dəyərimiz yaxşı insan ola bilmək... Sizin son dərəcə diqqətcilliyinizi, əzminizi, çalışqanlığınızı heyrətlə izləyirəm. Azərbaycanda yaşayıb Türkiyədəki ədəbi mühitə bu dərəcədə yaxından bələdliyiniz, yazılan əsərləri, müəllifləri, nəşriyyatları həssaslıqla diqqət dairənizə almağınızı çox təqdir edirəm.

Məni bir yazımla kəşf edib əsərimi oxumağınız, hətta mənimlə bağlı yazılan portret yazıları, müsahibələri belə oxumağınız gözlərimi yaşartdı. Bu zəmanədə öz həmcinsinin istedadını ön plana çıxarmağa çalışmaq olduqca yüksək insani keyfiyyətdir. Sizin yazılarınızdan ürəyimə hərarətli duyğular axdığı kimi, həm də yeni bilgilər əldə etdiyimi söyləməliyəm. Belə ki, həmişə dinlədiyimiz, daim qulaqlarımızda səslənən "Bil, Oğlum!" şeirinin tanıdığımız Serhat Kabaklıya aid olduğunu Sizin məqalənizdən oxuyub öyrənmiş oldum.

Kitabımın "ən gənc bilim adamı" ödülünü almış zəhmətkeş bir araşdırmaçının əlində olmasının qürurunu yaşatdınız mənə. Bunun üçün Sizə minnətdaram! Bizlər bir millət, iki dövlətik! Bu dəyişmədi, dəyişməyəcək də. "Qarabağ türküsü" ilə bizim də gözlərimiz bulaq kimi doldu. Heydər babanın şeirləri bizim də dilimizin əzbəridir. Qarabağ azad olduğunda Sizlərin sevincinə şərik olub, azərbaycanlı qardaşlarımızla bərabər sevinib ağlamışdıq. İndi isə qürur hissi ilə deyirəm ki, Azərbaycanda mənim fəxri bacım var.

Salam və dualarımla!

Süheyla Karaca Hanönü

8 iyun 2022, İstanbul

Dəyərli Bacım Süheyla!

Gözəl ürəyinin, zərif duyğularının diqtəsi ilə qələmə aldığın məktubunu oxuduqca gözlərim doldu. Ötən ay Türk ədəbiyyatının yaşayan klassiklərindən olan Prof.Dr. Birol Emildən, ötən həftə əsərləri ilə türklük ruhumun qidalandığı Milli düşüncəli Aydın, Prof.Dr. Cemal Kurnazdan, bu gün isə qələminə, imzasına, yaradıcılığına böyük rəğbət bəslədiyim, müəllimliyinə, xanımlığına, analığına vurğun olduğum sevgili Süheyla xanımdan belə duyğu dolu bir məktub almağımın bəxtiyarlığını yaşamaqdayam.

Əzizim Süheyla!

Kürəsəlləşən dünyanın itməkdə olan dəyərlərindən biri də yazılı ünsiyyətdir, məktublaşmadır. Sanki insanlar arasında mənəvi bağ zamanla qırılmaqda, münasibətlərin hərarəti getdikcə öləziməkdədir. Dünyanın "buzlaşmağa" sürükləndiyi bir dönəmdə iki qələmdaş, iki arxadaş olaraq aramızda oluşan bu isti bağlılığımız məni fövqəladə məmnun edir.

Ədəbiyyat həm də könül bağıdır, mənəvi dünyalarımız arasında körpüdür. Biz Səninlə nə qutlu bir yolda rastlamışıq.

İlk dəfə Süheyla Karaca Hanönü imzasını "Türk ədəbiyyatı" dərgisində Mustafa Özçelik Bəyin təqdimatında tanımışdım. Öz içimdə Mustafa Bəyə dərin minnətdarlıq duyaraq yazısını birnəfəsə oxumuş, yaradıcılıq dünyamızda bir gənc qələm kəşf etmişdim. Daha sonra sosial mediadan yaradıcılığını izləməyə başlamışdım. Və beləliklə, Sənin yazdığın əsərə münasibətin kimi ailənə, ömür-gün yoldaşına və yetişdirdiyin övladlarına necə yaradıcı münasibət bəslədiyinin şahidi olmuşdum. Maraqlı və gözəl olanı bilirsənmi nədir, Əzizim?!

5 yaşlı qızım Gülnazın Sənin haqqında söylədikləri:

  • O Ananın adı nədir, Anacan?
  • Süheyla Anadır, qızım!
  • Bizi niyə Süheyla Anaya aparmırsan? Onun balaları ilə oynamaq istəyirəm.
  • Onlar bizdən çox uzaqlarda yaşayır, qızım. Amma söz verirəm, aparacağam.
  • Yaşasın! Sevindim. Süheyla Ana bizi çox sevir, Anacan!
  • Hardan bildin, Gülnazım? – deyə soruşuram təəccüblə.
  • Görürsənmi, Süheyla Ana bizə gülə-gülə baxır. Çox sevməsəydi, ta uzaqlardan bizə gülümsəməzdi.

Qızım bu sözləri Süheylanın bilgisayardan bizə təbəssümlə baxan şəklinə baxaraq söyləyir. Uşağın dəqiq müşahidələrinə heyranlığımı gizlədə bilmirəm. Həqiqətən də, körpələr hisslərində yanılmır.

Süheylanın təbəssümünün içində onun zərafəti, insansevərliyi, nəzakəti, ipək kimi qəlbi, xoş xasiyyəti gizlənir. Zamanla, yaxından tanıdıqca o gülərüz çöhrədə gənc yaşında olğun düşünə bilən, ruhundakı körpə yavrunu zamanın və mühitin çətin sınaqlarında kirlənməyə qoymayan müdrik bir xanımın varlığını görürəm. Hər yazısını oxuyub incələdikcə çağdaş türk ədəbiyyatı ilə bağlı yeni bilgilər əxz etməklə yanaşı həm də yüksək əxlaqi dəyərlər və insani keyfiyyətlər əxz edirəm.

Ədəbiyyatın qüdrəti məhz burda – nəinki fərdlər, hətta dövlətlər, xalqlar arasından sərhədləri qaldırıb insanları bir-birinə doğmalaşdırmağındadır.

Sevgili Süheyla!

Nə mutlu bizə ki, bir-birimizi gözəl anlaya bildiyimiz ortaq Türkçəmiz var. Böyük İsmayıl bəy Qaspıralının ruhu şaddır ki, illər öncə söylədiyi "dildə, düşüncədə, işdə birlik" şüarı Bizləri Sizinlə birləşdirən uca bir dəyərə çevrilib.

Ürəkdən inanıram ki, dost məktublaşması kimi aramızda başlayan bu bağlılıq zamanla daha da dərinləşərək mənəvi körpüyə çevriləcək və bir sürə sonra düşüncələrimiz, birgə çalışmalarımı iki qardaş xalqın ədəbiyyatına öz töhfəsini verəcək.

Analığına vurğun olduğum, Müəllimliyinə pərəstiş etdiyim, Təbəssümünü sevdiyim Gözəl Qadın!

Qadın gülərsə, şu ıssız bəşəriyyət güləcək.

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

–deyərək "Peyğəmbər" əsərində qadını "bəşəriyyətin xilaskarı" adlandırırdı Hüseyn Cavid. Bəli, qadın olmaq sözün bütün mənalarında ən ali səadətdi. Bu səadət o zaman daha da ülviləşir və bütövləşir ki, dünyaya fərqli özünəməxsus baxışı olan, bütün mənəvi-əxlaqi, ruhani, irfani gözəllikləri özündə hifz edən yaradıcı qadın olasan.

Dəyərli Süheylam! Sən sağlam kökləri olan, dünyaya Samiha Ayverdi, Emine İşınsu kimi nadidə düşüncəli xanımlar bəxş edən böyük bir ədəbiyyatın övladısan. Və gözəl olan odur ki, bu zəngin mənəvi sütunlar üzərində Sən dünyaya özgün baxışın, zərif yazı üslubunla öz imzanı təsdiqləmisən. Uca Tanrı başladığın bu qutlu yolda Səni hər daim üzüağ, müzəffər qılsın!

Azərbaycanda Səni çox sevən doğma bir ailən var. Dəyərli Mahmud bəyə salamımızı yetir. Ən yaxın zamanda gözəl əsərlərinin imza gününü Bakıda qeyd etmək diləyilə!

Qarabağ deyəndə sevinclə döyünən ürəyindən, sevincdən yaşaran gözlərindən öpürəm!

Ən xoş diləklərim və sevgilərimlə: Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ