Lütfi Zadənin oğlu "yoxa çıxıb"


Dünyaca məşhur azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetinin fəxri professoru olmuş mərhum Lütfi Zadənin oğlu Norman Zadədən neçə vaxtdır xəbər yoxdur. Lütfi Zadənin vəfatından 5 il keçsə də, indiyədək oğlu onun məzarını ziyarət etməyib. Deyilənə görə, Norman Zadə Azərbaycanda olan tanışları ilə əlaqələri kəsib.

Lütfi Zadənin yaxın qohumu, Xalq artisti Cənnət Səlimova Modern.az-a açıqlamasında Norman Zadə ilə münasibətlərinin olmadığını bildirib.

"Hazırda Lütfi Zadənin oğlu ilə əlaqəmiz yoxdur. Atasının ölümündən sonra onun əlaqə saxlaya bilməmişik. O, özü də atasının məzarını ziyarət etmək üçün Azərbaycana gəlməyib. Məndə olan məlumata görə, Amerikada, Los-Ancelesdə yaşayır. Menecement kimi fəaliyyət göstərir. Son danışıqları zamanı vəziyyətinin yaxşı olduğunu deyib. Bakıya niyə gəlmədiyini də bilmirəm. Bizə heç nə deməyib" - Cənnət Səlimova vurğulayıb.

Qeyd edək ki, Lütfi Zadənin Stella və Norman adlı iki övladı olub. Qızı Stella 2006-cı ildə 59 yaşında vəfat edib. Məşhur alimin oğlu Norman Zadə 1950-ci ildə doğulub, hazırda 72 yaşı var. O atası kimi Amerikada məşhurdur. ABŞ-da onu daha çox Norm Zada adı ilə tanıyırlar.

Norman informatika sahəsi üzrə riyaziyyatçı alim, eyni zamanda peşəkar poker oyunçusudur. Bundan başqa, o, həm də vəkil və media maqnatı olub.

Norman Zadə qeyd etdiyimiz kimi, pokerin dərin bilicisidir. O qədər dərin ki, hətta poker oyunu haqqında 1974-cü ildə kitab da yazıb - "Uduşlu poker sistemləri" ("Winning Poker Systems").

Norman 1974-cü ildə poker üzrə yarışlarda qalib olub.

Onun naşiri olduğu "Perfect 10" jurnalını buraxmazdan öncə atasının işlədiyi yerdə - Kaliforniyanın Berkli Universitetində professor kimi çalışıb, eyni zamanda Stenford və Kolumbiya universitetlərində dərs deyib. Tətbiqi riyaziyyat üzrə ixtisaslaşan Norman Zadənin poker bilicisi kimi yazdığı "Uduşlu poker sistemləri" kitabı qumar oyunlarının həvəskarları üçün bələdçi rolunu oynayır.

Norman Zadə 2010-cu ildə Beverli Hilsdəki malikanəsini 16,5 milyon dollara satıb. "Qremmi" və "Emmi" mükafatlarının laureatı Coan Rivers onun sevgilisi olub.

Xatırladaq ki, görkəmli alim Lütfi Zadə 2017-ci il sentyabrın 6-da dünyasını dəyişib, öz vəsiyyətinə uyğun olaraq Bakıdakı Fəxri xiyabanda dəfn olunub. Onun həyat yoldaşı Fey Zadə də həmin il yanvarın 17-də vəfat edib.


MANŞET XƏBƏRLƏRİ