"Diplomatların Kəlbəcərə səfəri iki aspektdən əhəmiyyətlidir" - Aqil Məmmədov


Xəbər verildiyi kimi Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər şəhərində olublar.

Nümayəndə heyəti ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılarla tanış olub. Onlara şəhərdə törədilən dağıntıların miqyası, aparılan quruculuq işləri barədə məlumat verilib.

Səfərlə bağlı fikirlərini bölüşən Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib ki, bu səfər ölkə Prezidentinin bilavasitə təşəbbüsü və tapşırığı ilə həyata keçirilib: "Məlumdur ki, Cənab Prezidentin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərə diplomatik korpus təmsilçilərinin ziyarətləri təşkil olunur. Məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir. Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edirdi".

Millət vəkili bildirib ki, bu səfər bir neçə aspekdən çox önəmlidir: "Birincisi, bu səfərin əsas məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir. Bilirsiniz ki, ermənilər Kəlbəcərdə müxtəlif Ağdaban soyqırımını, Tunel faciəsini digər vandallıq aktlarını törədiblər. Bu hadisələr barədə diplomatlara yerində məlumat vermək, işğalın acı nəticələrini onlara canlı göstərmək olduqca əhəmiyyətlidir. Bu gün dünya ictimaiyyəti diplomatların gözü ilə Azərbaycan xalqının son 30 ildə nələr yaşadığını, gerçək qəsbkarın kim olduğunu, erməni işğalının insanlığa, təbiətə, dünya tarixinə və mədəniyyətinə hansı yaralar vurduğunu canlı şəkildə görür. Bu baxımdan, diplomatların Kəlbəcərə səfəri yüksək qiymətləndirilməlidir".

A.Məmmədov bildirib ki, diplomatların Kəlbəcərə səfərinin ikinci mühüm əhəmiyyəti bölgənin iqtisadi və turizm potensialı ilə tanış olmaqdır: "Mən diplomatların ilkin təəssüratlarını dinlədim. Kəlbəcər, onun iqtisadi və turizim imkanları haqda yüksək fikirlər söylədilər. Eyni zamanda, təmsil etdikləri ölkələrin iş adamlarının bu bölgəyə investisiya qoymaq perspektivlərindən danışdılar. Bu, çox sevindiricidir. Həm, ölkəmizə xeyri, həm Kəlbəcərin yenidən qurulması, həm də yurda qayıdan insanlarımızın işlə təmin olunması, güzəranı baxımından. Hesab edirəm ki, çox uğurlu bir səfər oldu".


MANŞET XƏBƏRLƏRİ