Səmədzadə "fırtınası": Qaralovla düşmənçilik, ya qətllər seriyası?


Şəmsi Səmədzadənin ömürlük həbsdən birbaşa əfvə düşməsi və onun ətrafında gedən təbliğat hamının diqqətini çəkir. Hazırda sosial şəbəkələrdə də baxış sayına görə Şəmsi Səmədzadənin açıqlamaları reytinq qırır. Maraqlıdır, kimdir Şəmsi Səmədzadə? Niyə ömürlük həbs olunmuşdu? Kim xatırlayır 23 il öncə həbsə atılan iş adamını?

Turkustan.azAxar.az-a istinadən xəbər verir ki, bu sualların birbaşa cavabı yoxdur. Bilinən bunlardır: 34 yaşında Gəncəbasar bölgəsində tanınmış iş adamı olub, hətta Prezident təyyarəsində xarici səfərə gedib və azərbaycanlı iş adamı kimi rəsmi görüşə də qatılıb. Əslən Qərbi Azərbaycandan olan gəncin, özünün dediyinə görə, 2700 işçisi olub, qazilərə, əlillərə, şəhid ailələrinə yardımlar edib və s.

Və birdən-birə həbs edilərək, ömürlük cəza alıb.

Niyə həbs edilib?

Özünün 3 il öncə "Rezonans" verilişinə açıqlamasında "yanlış vaxtda yanlış yerdə olduğum üçün" həbs edildiyinə işarə etmişdi. İlk dəfə anasının sözünə baxmadan toya getdiyini və o toyda yaşananlardan təəssüflə danışmışdı.

Hansı toy və toyda nə baş verib? – məlumat yoxdur.

Əfv edildiyi gün mediaya açıqlamasında keçmiş Baş prokuror Zakir Qaralovun sifarişi ilə həbs edildiyini iddia edir. Medianın yazdığına görə, Zakir Qaralov Gəncədə prokuror olarkən Şəmsi Səmədzadə onunla hesablaşmayıb. Zakir Qaralovla onun iş otağında görüşərkən isə mübahisə zamanı stulu prokurorun başına vurub. Yalnız bir neçə ildən – Zakir Qaralov Baş prokuror təyin edildikdən sonra "stulun qisası"nı alıb.

Bu iddialar nə qədər həqiqətə uyğundur?

Zakir Qaralov 2000-ci ilin 25 aprelində Baş prokuror təyin edilib. Əfv edilən Şəmsi Səmədzadə bildirdi ki, 23-cü ildir həbsdədir. Demək, həbsi 2000-ci ilin əvvəlinə düşür, ya da elə aprel ayına. Belə çıxır ki, Zakir Qaralovun baş prokuror kimi ilk işi Səmədzadəni tutdurmaq olub?

İnanaq?

İkincisi, Zakir Qaralov 2020-ci il 1 mayda vəzifəsindən azad edilib – yəni 2 il bir ay öncə. Əgər doğrudan da Şəmsi Səmədzadənin həbsdə qalmasının səbəbkarı Zakir Qaralov idisə, niyə bu iki il müddətində işə yenidən baxılmasını tələb etməyib və ən azı bir neçə maddənin üzərindən götürülməsinə nail olmayıb?

Ümumiyyətlə, Şəmsi Səmədzadənin azad olunması üçün böyük bir kampaniyanın mayasında nə dayanır? Kimlər buna təşəbbüs göstərib və niyə?

Şəmsi Səmədzadə əfvə düşüb, 23 ilə yaxın həbs həyatı yaşayandan sonra Prezident onu bağışlayıb. Yəni ona elan edilən və mühakimə olunduğu cinayət işlərinin məsuliyyəti tam-tamına üzərindədir - heç bir bəraət, ən xırda maddənin də üzərindən qalxması məsələsi yoxdur.

Yeri gəlmişkən və ən əsas məsələ: Şəmsi Səmədzadə hansı maddələrlə ittiham olunub?

Bu məsələnin üzərinə kimsə gəlmir və özü də bu barədə danışmır. "Yanlış zamanda yanlış yerdə" olmaqla həbs edilibsə, bəs, niyə 1992-ci ildə baş verən hadisəyə görə 2000-ci ildə cinayətə cəlb edilib?

Öyrəndiyimiz yalnız bir fakt var: Ş.Səmədzadənin ittiham olunduğu maddələrdən biri də 120-ci maddədir (qəsdən adamöldürmə). O, kimi, hansı şəraitdə öldürüb? Onun qətllər sifariş etməsi iddiası nə qədər doğrudur?

Bu suala iki gündür cavab tapa bilmirik: rəsmilər də, Səmədzadəni dəstəkləyənlər də, onun yaxınları da bu suala cavabdan imtina edir.


MANŞET XƏBƏRLƏRİ