Deputatdan etiraz: “Qiymətləri belə qaldırmaq olmaz!”

Deputatdan etiraz: “Qiymətləri belə qaldırmaq olmaz!”

Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur.  Ötən il 1 kiloqramı 50 qəpik olan faraş kartofun qiyməti hazırda 1 manat 40 qəpik - 2 manat arasında dəyişir. 3 kiloqramı 1 manata olan soğan isə 0.90 qəpik-1 manatdan təklif edilir. Pomidor-xiyar 2 manat 50 qəpik - 4 manat arasında satılır. Mövsümü meyvələrin qiymətindən danışmağa isə dəyməz...

Kənd təsərrüfatında məhsuldarlığın bol olduğu söylənilsə də, qiymətlər gün keçdikcə qalxır.

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də vətəndaş olaraq bahalaşmadan gileylidir.

Komitə sədrinin sözlərinə görə, yerli məhsulların istehsalına önəm verilirsə, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, deməli, bu məhsulların bahalaşması yolverilməzdir:

"Təəssüflər olsun ki, kartof-soğanın, meyvələrin qiyməti kəskin şəkildə artıb. İki-üç ay bundan əvvəl kiloqramı 90 qəpik olan almanın kiloqramı indi 3 manat 80 qəpik olub. Bu, bazarda inhisarçılıq edənlərin “xidmətidir”, onlar qlobal bahalaşmadan süni şəkildə istifadə edirlər. Bu gün məhsulun istehsalından, istehsalın artımından danışırıqsa, necə ola bilər ki, qiymətlər gün keçdikcə bahalaşır?”

T.Rzayev qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı artıb:

"Bizə təqdim olunan statistikaya görə, kənd təsərrüfatı məhsulları son illər müvafiq olaraq artır. Kartof, soğan və digər kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir. Bazarda anlaşılmazlıq var, müvafiq orqanlar tərəfindən qiymətlər təmin olunmalıdır. Tez-tez monitorinqlər keçirilməlidir, sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, sən istənilən qiyməti qoyub, məhsulu bazara çıxarmalısan. Vətəndaşlarla tez-tez görüşürük qiymətlərdən çox narazıdırlar. Marketlərə, bazarlara özümüz də gedib görürük, qiymətləri belə qaldırmaq olmaz. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı yaranır”.

Komitə sədri deyib ki, hazırkı hava şəraiti də təsərrüfata müəyyən qədər təsir edəcək:

“İqlim dəyişikliyi bütün dünyada baş verir və çox ciddi problemlər yaradır. Son illər təxminən 40%-ə qədər kənd təsərrüfatı məhsulları iqlim dəyişikliyindən və ziyanvericilərdən zərər görüb. Havanın temperaturunun bu qədər aşağı düşməsi kənd təsərrüfatına çox pis təsir edir. Qarşıdakı müddətdə bunun qiymətlərdə təzahürünü görəcəyik".  /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ