"Aclıq fəlakət həddinə çatır": Bu, artıq film deyil - Yeni "ərəb baharı", narazılıq, iğtişaşlar...


"Aclıq fəlakət həddinə çatıb". İkinci Dünya müharibəsindən bəhs edən "Uzaq sahillərdə" filmindəki bu deyimi çoxları xatırlayır. İndi vəziyyət o istiqamətə gedir.

"İkinci Dünya müharibəsindən bəri görünməyən ərzaq böhranı və aclıqla üz-üzəyik. Bu, Hollivudun qorxu filmi deyil".

Bunu Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulz deyib. Bunu deyən tək o deyil. Koronavirus, şiddətli quraqlıq və indi Ukraynada müharibə səbəbindən ərzaq qiymətləri artıb. Lakin bu, son hədd deyil, çünki nazirin dediyi kimi, bir çox ölkələr Rusiya və Ukraynanın kənd təsərrüfatı məhsullarından asılıdır. Bu ölkələr isə müharibə edir. Birinin infrastrukturu dağıdılıb, digəri ağır sanksiyalar altındadır.

BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, Ukrayna məhsulları, həmçinin Rusiya və Belarus məhsulları və gübrələri bazara qaytarılmadan problemin həlli mümkün deyil. Bu isə hələlik real görünmür.

Vəziyyət çox ciddidir

Təşkilatın hesablamalarına görə, 2022-2023-cü illərdə dünyada ac insanların sayı 8-13 milyon nəfər arta bilər. Bunlar daha çox Oman və ya Liviya kimi iki ölkədədir.

Cebhe.info xəbər verir ki, qarşıdakı aclıqla onsuz da mübarizə aparırlar, kim nə qədər bacarırsa. Ancaq bu, problemi qlobal həlli deyil.

"Telegram"-ın yaradıcısı Pavel Durov kasıblara yemək almaq üçün 12 milyon avro bağışlayıb. BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli "Twitter" vasitəsilə Prezident Vladimir Putindən Odessa limanında ilişib qalmış 20 milyon ton Ukrayna taxılının xilas edilməsinə kömək istəyib. Prezident Co Bayden də eyni fikri bölüşüb. Bildirib ki, Amerika bu taxılı dünya bazarına qaytarmağın və bununla da qiymətləri aşağı salmağın yollarını araşdırır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hələ mart ayında həyəcan təbili çalırdı. Dünyanın Rusiya və Ukrayna məhsullarından necə asılı olduğuna dair xüsusi hesabat hazırlayaraq vəziyyəti açıq göstərirdi.

Dünya müharibə edən iki ölkədən asılıdır

Vəziyyət isə olduqca ciddidir. Hazırda müharibə edən iki ölkə dünyanın ən böyük ixracatçılarıdır:

- Buğdada Rusiya birinci, Ukrayna beşinci;
- Arpada Ukrayna ikinci, Rusiya üçüncü;
- Qarğıdalıda Ukrayna üçüncü, Rusiya beşinci.

Ümumi dünya üzrə günəbaxan yağı ixracının təxminən üçdə ikisi Ukrayna və Rusiyanın payına düşür. Üstəlik, Rusiya kolza yağının ikinci ən böyük tədarükçüsüdür və birinciliyi ancaq Kanadaya uduzur.

FAO-nun hesabatına görə, 50-dən çox ölkə Rusiya və Ukraynadan buğda ixracından kritik dərəcədə asılıdır. Hər iki ölkə birlikdə tədarükün üçdə birindən çoxunu təşkil edir. Şimali Afrika, Şərqi və Mərkəzi Asiya ölkələrinin durumu FAO ekspertlərini xüsusilə narahat edir. Çünki onların başqa yerdən daha bahalı buğda almağa imkanı yoxdur.

Amma problemlər bununla da bitmir. Çünki bütün taxıl istehsalçılarının həm də gübrələrə ehiyacı var. Məhsuldarlıq ondan asılıdır, gübrələrin ən böyük tədarükçüsü isə Rusiyadır. Təxminən 25 ölkə bütün ən vacib gübrələrin üçdə birindən çoxunu Rusiyadan alır. İndi Rusiya gübrə satmır.

FAO analitiklərinin gəldiyi nəticəyə görə, Rusiya və Ukraynadan dünya ərzaq bazarlarına tədarükün dayanmaması üçün mümkün olan hər şeyi etmək lazımdır. Xüsusilə, Rusiyaya qarşı taxıl və gübrə ixracına mane olacaq hər hansı sanksiya olmamalıdır.

Rusiyalı ekspert, Aqrobiznes və Ərzaq Təhlükəsizliyi Mərkəzinin direktoru Anatoli Tixonov deyir ki, dünya bu vəziyyətdən tez qurtulmazsa, qiymətlərin daha da artmasını görə bilərik:

"Formal olaraq, sanksiyalar kənd təsərrüfatı məhsullarına şamil edilmir. Rusiyadan çatdırılmalar var. Amma bizim taxılın daşınması ilə bağlı böyük problemlərimiz var, hətta hökumətin müəyyən etdiyi kvota daxilində (daxili bazarı qorumaq üçün fevralın ortalarında iyunun sonuna kimi tətbiq edilirdi –red.) ixracatçılarımızın qiymətlərin yüksəlməsi ilə bağlı qorxular var idi. Gəmiləri icarəyə götürmək, yükü sığortalamaq mümkün olmadı. Qərb limanları isə sanksiyaları elə tətbiq edirlər ki, onları ümumilikdə Rusiya ilə bağlı hər şeyə qədər genişləndiriblər".

Ukraynadan hələlik çatdırılma var. Polşa, Moldova, Rumıniya vasitəsilə quru nəqliyyatı ilə ölkədən ayda 1-1,5 milyon ton ixrac edilir.

60 faiz bahalaşma...

Amma bazarda elə bir vəziyyət yaranıb ki, hər kəs narahatdır. Bu arada, əsas taxıl məhsulu olan buğdanın dəyəri 2022-ci ilin yanvar ayının əvvəlindən mayın ortalarına kimi 60%-dən çox artıb.
"Bazarda qiymətlərin qalxması səbəbindən bir sıra ölkələr buğdanın alınması üçün Dünya Bankına artıq kreditlər üçün müraciət ediblər". Bunu "Total Research"-in strateji araşdırmalar şöbəsinin mütəxəssisi Qleb Finkelşteyn deyir.

Məsələn, Rusiya və Ukrayna taxılının ən böyük alıcılarından biri olan Misir bu mövsüm ilk dəfə bahalı hind buğdası aldı. Çünki qorxur ki, ehtiyatı kifayət etməsin.

Hindistan buğdası da artıq problem olub. Mayın ortalarında ölkə hakimiyyəti öz ərzaq təhlükəsizliyindən narahat olaraq onun ixracına məhdudiyyətlər qoyub. Hindistan da daxili bazarda qiymətlərin kəskin artmasından qorxur. Bunun fonunda Avropa birjalarında buğda qiymətləri yeni rekordlara çatdı, bir gündə 6% bahalaşdı.

Dünya apokalipsis gözləyir

Ancaq bu, hələ apokalipsis deyil. Sadəcə dünya onu da gözləyir. "Əgər bu il vəziyyət az-çox aydın olarsa, qışdan başlayaraq həm kasıb ölkələrdə, həm də Afrika qitəsində, həm də Ukraynanın özündə vəziyyət ciddi şəkildə pisləşə bilər" ,-Qleb Finkelstein proqnozlaşdırır.

"Əkin kampaniyası başlayıb, amma dünya buna hazır deyil", - Anatoli Tixonov bildirib. Ammonyak və selitra istehsalının əsas mənbəyi olan qaz xeyli bahalaşıb. Bütün dünyada əkin mövsümü üçün mineral gübrələrin qiyməti inanılmaz dərəcədə yüksəlib. Buna görə də Braziliyada, Avropa İttifaqında və digər bölgələrdə bir çox fermerlər gübrələrdən düzgün istifadə edə bilməyiblər. Bu, minimum 20-30% məhsul itkisi deməkdir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozuna görə, 2022-2023-cü illərin kənd təsərrüfatı mövsümündə dünya buğda istehsalı son dörd ildə ilk dəfə 4,5 milyon ton azalacaq. Yem buğdasının istehlakı isə 7,5 milyon az ola bilər. Sonuncu rəqəm son dərəcə vacibdir, çünki bu, avtomatik olaraq ət və süd istehsalının azalması, onların qiymətlərinin artması deməkdir. Yəni daha bir təhlükə...

Ukrayna yeni mövsümdə praktiki olaraq bazarı tərk edəcək, çünki ən yaxşı halda məhsulun yarısını toplayacaq. Ümumilikdə Avropa İttifaqında məhsul da azalacaq. Amerikanın proqnozlarına görə, indiki vəziyyətdə yalnız bir neçə ölkənin taxıl istehsalını artırmaq şansı var. Onların arasında ABŞ, Kanada və Rusiya da var.

Rusiya hakimiyyəti ölkədə 130 milyon ton taxıl məhsulu əldə edəcəyini proqnozlaşdırır ki, bunun da 87 milyon tonu buğdadır. Ötən mövsüm 120 milyon ton taxıl, 76 milyon ton buğda olub. ABŞ buğda istehsalını 47 milyon tona (+2,2 milyon), Kanada 30 milyon tona (+11,4 milyon) çatdıra bilər.

Taxıl siyasətə qarışdı

Bir çox Qərb mediası bunu belə şərh edir: taxıl nəhayət ki, siyasi məsələyə çevrildi. Dünya Bankı və ÜTT də daxil olmaqla ən böyük beynəlxalq təşkilatlar ən yoxsul ölkələrdə ərzaq iğtişaşları gözləyir. Təkcə yoxsullarda deyil, maddi çətinliklərlə üzləşən insanlarda da narazılıq artır. Xarici media xəbərlərlə doludur.

Tunisdə un qıtlığı var, Misirdə çörək bahalaşıb, Əlcəzair ehtiyata qənaət etmək üçün buğda məhsullarının ixracına məhdudiyyətlər qoyur, Yəməndə 161 min əhali üçün "fəlakətli aclıq" proqnozlaşdırılır.

Yeni "ərəb baharı"?

2008-ci ildə buğdanın kəskin bahalaşması sonradan "ərəb baharı" kimi inqilablara səbəb oldu. 2010-2012-ci illərdə Tunis, Misir və Yəməndə inqilablar oldu, Liviya və Suriyada müharibələr başladı. Etirazlar Əlcəzair, İraq, İordaniya, Mərakeş, Oman və bir sıra başqa ölkələr silkələdi. Artıq tarixin təkrar olunmasının ilk əlamətləri var-Şri-Lankada həyat şəraitinin pisləşməsi ilə bağlı etirazlar başlayıb. Yanacağın olmaması və ərzaq qiymətlərinin artması narazlıq yaradıb. Ölkə əsasən xarici turizmdən qazanırdı və pandemiya zamanı axın azalıb, pul baha qiyməti qarşılayacaq qədər deyil.

Söhbət təkcə çörəkdən getmir. Əsas problem ondan ibarətdir ki, taxılın qiymətinin qalxması bütün heyvandarlıq məhsullarının maya dəyərinin artmasına səbəb olur. Quşçuluqda yemin maya dəyərinin 70%, donuzçuluqda 60%-i taxıldan asılıdır. İnflyasiya bütün qida zənciri boyunca sürətlənir.

Azərbaycan da asılı ölkədir

Rusiya və Ukraynadan buğda tədarükündən ən çox asılı olan ölkələr bunlardır:

Eritreya - 100% (53% - Rusiya təchizatı, 47% - Ukrayna)
Qazaxıstan - demək olar ki, 100% (əsasən Rusiya)
Monqolustan - demək olar ki, 100% (Rusiya)
Ermənistan - demək olar ki, 100% (Rusiya)
Azərbaycan - 95% (Rusiya)
Gürcüstan - 93% (Rusiya)
Somali - 92% (43% - Rusiya, 49% - Ukrayna)
Seyşel adaları - 91% (Ukrayna)
Belarus - 86% (Rusiya)
Qırğızıstan - 86% (Rusiya)
Türkiyə - 85% (53% - Rusiya, 32% - Ukrayna)
Konqo Demokratik Respublikası - təxminən 85% (əsasən Rusiya)
Finlandiya - 81% (Rusiya)
Livan - 74% (12% - Rusiya, 62% - Ukrayna)
Madaqaskar - 74% (50% - Rusiya, 24% - Ukrayna)
Misir - 72% (45% - Rusiya, 27% - Ukrayna)
Benin - 68% (Rusiya)
Albaniya - 65% (58% - Rusiya, 7% - Ukrayna)
Konqo - 62% (Rusiya)
Tanzaniya - 61% (48% - Rusiya, 13% - Ukrayna)
Liviya - 61% (22% - Rusiya, 39% - Ukrayna)
Pakistan - 60% (22% - Rusiya, 38% - Ukrayna)
Liberiya - 59% (Rusiya)
Ruanda - 58% (Rusiya)
Namibiya - 58% (Rusiya)
Seneqal - 55% (53% - Rusiya, 2% - Ukrayna).

Rusiya gübrələrindən asılı ölkələr:

Monqolustan - 98%
Belarus - 94%
Finlandiya - 79%
Qazaxıstan - 74%
Estoniya - 73%
Moldova - 72%
Azərbaycan - 66%
Qırğızıstan - 62%
Serbiya - 56%
Latviya - 55%
Honduras - 51%.

Ən böyük alıcılar:Yenə Azərbaycan

2021-ci il üçün Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzin məlumatına görə, Rusiya taxılının ən böyük alıcıları:

1. Türkiyə 2410 milyon dollar
2. Misir 1555 milyon dollar
3. Səudiyyə Ərəbistanı 452 milyon dollar
4. Azərbaycan 305 milyon dollar
5. Nigeriya 254 milyon dollar
6. Liviya 250 milyon dollar
7. Qazaxıstan 244 milyon dollar
8. Latviya 223 milyon dollar
9. Sudan 203 milyon dollar
10. Banqladeş 190 milyon dollar.

2021-ci il üçün "Aqrar İqtisadiyyat İnstitutu" Ukrayna Milli Araşdırma Mərkəzinin məlumatına görə, Ukrayna taxılı alan ölkələr bunlardır:

1. Çin 2550 milyon dollar
2. Misir 1390 milyon dollar
3. Türkiyə 918 milyon dollar
4. İndoneziya 750 milyon dollar
5. İspaniya 645 milyon dollar
6. Hollandiya 552 milyon dollar
7. İran 533 milyon dollar
8. Pakistan 355 milyon dollar
9. Liviya 342 milyon dollar
10. Tunis 306 milyon dollar.

Göründüyü kimi, dünyanı heç də yaxşı, tox günlər gözləmir.

Tərcümə etdi: Elnarə Kərimova
Cebhe.info


MANŞET XƏBƏRLƏRİ