"İƏT parlamentarlarının Şuşa səfərinin strateji önəmi var" – Aqil Məmmədov


"Azərbaycanın işğal altındakı ərazilərini azad etməsindən bir il yarım vaxt keçməsinə baxmayaraq, artıq, bu bölgədə beynəlxalq miqyaslı tədbirlər keçirilir. Bu da onun göstəricisidir ki, yaxın dövrdə Qarabağ iqtisadi rayonu regionun ən qaynar və inkişaf etmiş bölgələrindən birinə çevriləcək".

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının iştirakçılarının Füzuli Beynəlxalq Hava Limanı vasitəsilə Şuşaya səfəri bu baxımdan olduqca əhəmiyyətlidir: "Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı ən müasir standartlara cavab verən bir limandır. Bəlkə də, həmin hava limanının tikilməsi haqda qərar qəbul olunanda, bəziləri bunun əhəmiyyətini dərk edə bilmirdilər, amma bu günkü reallıqlar göstərir ki, Füzuli Beynəlxalqm Hava Limanının tikilməsi haqda qərar cənab Prezidentin müdrik uzaqgörəniyinin daha bir göstəricisidir".

Millət vəkili İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edən parlament nümayəndə heyətlərinin Şuşaya səfəri haqda da danışıb. Bildirib ki, xarici nümayəndələrin, xüsusilə, rəsmi şəxslərin Şuşaya səfər etməsi həm rəmzi məna daşıyır, həm də siyasi, strateji baxımdan önəmlidir: "44 günlük müharibə nəticəsində Ermənistan kaputilyasiya aktına imza atsa da, bu gün bəzi rəsmi və siyasi dairələr yenə də hansısa "status"dan danışırlar, Şuşaya beynəlxalq təmsilçilərin səfərlərinə məntiqsiz reaksiya verirlər. Onlar anlamalıdırlar ki, Şuşa ilə Azərbaycanın digər rayonlarının heç bir status fərqi yoxdur. Bütün dünya artıq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam olaraq qəbul edir. Ermənilər də, bu reallığı de-fakto qəbul etdikləri kimi, rəsmən də qəbul etməlidirlər".


MANŞET XƏBƏRLƏRİ