"Qarabağ məsələsinin "bağlandığını" demək hələ tezdir" - Mirzoyan


Azərbaycan Ermənistanın Dağlıq Qarabağın gələcək statusu və təhlükəsizliyi ilə bağlı təklifini hələki qəbul etməyib.

Bu barədə mayın 18-də Brüsseldə səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağ məsələsinin "bağlandığını" demək hələ tezdir:

"Biz sülh prosesinə dair baxışımızı bildirmişik. Biz bildirmişik ki, Azərbaycanın bizə verdiyi təkliflərdə bizim üçün qeyri-məqbul sayılacaq heç nə yoxdur. Bununla belə bu təkliflər gözlənilən sülh müqaviləsinin gündəliyi üçün heç də bütün məsələləri əhatə etmir. Bizim üçün əsas məsələ Qarabağ ermənilərinin təhlükəsizliyi və müvafiq olaraq Qarabağın statusu məsələsidir".

Mirzoyan bildirib ki, Yerevan müzakirələrin davam etdirilməsinə tərəfdardır: "Biz bunu da hesab edirik ki, sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk qrupunun, həmsədrlərin mandatının çərçivəsində aparılması mühümdür. Biz hələki bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun".

Ararat Mirzoyan deyib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılmasına tərəfdardır, lakin bunun üçün həm də qarşı tərəfin razılığı lazımdır. Azatutyun yazır ki, düz bir ay bundan əvvəl Brüsseldə Azərbaycan və Ermənistanın liderləri sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə razılığa gəlmişdilər.

İlham Əliyev və Nikol Paşinyan habelə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün müştərək komissiyanın yaradılmasına dair razılıq əldə etmişdilər. Ermənistanın xarici işlər naziri bu komissiyanın ilk iclasının bu həftə Mosvada keçiriləcəyini bildirmişdi. Lakin bu danışıqlar bu həftə baş tutmayıb.

Ararat Mirzoyan Azatutyuna deyib ki, bu məsələdə də fikir ayrılıqları var. Mirzoyan mayın 18-də Brüsseldə Avropa İttifaqının xarici işlər komissarı Josep Borrellə görüşüb. Borrell bu görüş zamanı bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir. Lakin o əlavə edib ki, tərəflər hələ bundan çox uzaqdırlar. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ