Həkimlərə ŞAD XƏBƏR


"Həkimlərin maddi vəziyyəti, eləcə də tibbi xidmətlərin keyfiyyəti yaxşılaşdırılacaq".

Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova həkimlərin maaşının artırılması ilə bağlı məsələni şərh edərkən deyib.

Deputat bildirib ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasından danışarkən stimullaşdırıcı amillərin rolunu inkar etmək olmaz:

"İcbari tibbi sığortanın tətbiqinə başlanması həm xəstəxanalara, həm də ambulator klinikalara müraciətlərin kifayət qədər artmasına səbəb oldu. Bu da həkimlərin birbaşa iş yükünün artmasına gətirib çıxardı. Buna görə də maaş artımı ilə bağlı qərar stimullaşdırıcı amil kimi mühüm rola malikdir. Bu artımlar dövlət başçısının səhiyyə sistemində həyata keçirdiyi strateji kursun davamı olmaqla yanaşı, həkimlərimizin əməyinə verilən yüksək dəyərin bariz örnəyidir".

T.Cəfərova qeyd edib ki, 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib:

"Bu da 2020-ci illə müqayisədə 18% artım olduğunu göstərir. Həmçinin 2021-ci ildə icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 22 milyondan çox olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində toplanmış vəsaitlərin miqdarı artdıqca həm bir çox tibbi xidmətlərin əlçatanlığının artmasının, həm də həkimlərin bundan sonrakı maddi vəziyyətinin, eləcə də tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasının şahidi olacağıq. Yəni bu addımlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji kursun tərkib hissəsidir və bundan sonra da davam etdiriləcək".

Xatırladaq ki, iyunun 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 31 ixtisas üzrə həkimlərin maaşı artırılacaq. Bu qərarla səhiyyə işçilərinin aylıq əməkhaqlarının təqribən 1000 manata çatdırılması nəzərdə tutulur. Bu, 8 mindən çox ixtisaslı həkimi əhatə edəcək.


MANŞET XƏBƏRLƏRİ