Putinin Türkiyəyə gedişinin ən vacib məqamları - Tarixi səfər olacaq


"Türkiyə-Rusiya münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır".

Bunu Bakupost.az -a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov Türkiyə mətbuatının Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı yaydığı məlumatı şərh edərkən deyib.

Politoloq Türkiyənin hazırda Rusiya ilə münasibətlərin inkişafına xüsusi dəyər verdiyini qeyd edib:

"Nəzərə almaq lazımdır ki, Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərinin alışı ilə bağlı əməkdaşlığı, Türkiyə və Rusiyanın "Akkuyu" layihəsində iştirakı NATO tərəfindən ciddi reaksiya ilə qarşılanıb. Türkiyə bu gün Avropa İttifaqını miqrant problemindən, o cümlədən qaçqınların kütləvi köçündən qoruyarkən, eyni zamanda, NATO çərçivəsində fəal əməkdaşlıq etsə də, ABŞ daim qırıcı təyyarələrlə bağlı manipulyasiya etməyə çalışır, həmçinin müxtəlif məsələlərdə Türkiyəyə qarşı haqsızlıq edir. Bu məsələlərin konteksində Rusiya-Türkiyə əlaqələri tarixinin ən yaxşı dövrünü yaşayır".

T.İsmayılov vurğulayıb ki, Türkiyə digər NATO ölkələrindən fərqli olaraq Rusiya-Ukrayna savaşında barışdırıcı mövqedən çıxış edir:

"Bu baxımdan Putinin Türkiyəyə səfərinin müstəsna olacağını, eyni zamanda, Türkiyə ilə Rusiya arasında bir sıra sahələrdə gələcək illəri əhatə edən böyük həcmli sazişlərin imzalanacağını düşünürəm".

Qeyd edək ki, Türkiyə KİV-ləri Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yaysa da, rəsmi Kreml bu xəbəri təkzib edib.


MANŞET XƏBƏRLƏRİ