Pomidordakı bahalaşma hələ davam edəcək - Ekspert


Son günlər paytaxtın bazar və marketlərində satılan pomidorun qiyməti kəskin artıb. Bazarlarda ən ucuz pomidorun kiloqramı 3-5 manata satılır.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, pomidor Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft, kənd təsərrüfatı məhsulları arasında ilk sırada durur:

"Bu il də pomidor ixracında ciddi artım müşahidə olunur. Əsasən də Rusiyaya ixracat artıb. Daxili istehsal da həm daxili bazarın, həm də ixracatın təmin olunması üçün yetərli deyil. İxracat artan kimi daxili bazarda müəyyən problemlər yaşanır. Qiymətlər artır, qıtlıq müşahidə olunur. Bu kimi problemlə üzləşməmək üçün istehsalın həcmini artırmaq lazımdır. İstehsal o həcmdə artmalıdır ki, həm daxili bazarın, həm ixracatın tələblərini tam ödəyə bilsin".

Ekspert bildirib ki, pomidorun qiymətindəki artım hələ bir neçə həftə də davam edəcək. Ancaq yay aylarının əvvəllərindən qiymətlərdə sabitləşmə olacaq:

"Yay aylarının əvvəllərindən, yerli istehsalın artımı gözlənilir. Yerli məhsullar artıq bazara çıxarılacaq. Yalnız bundan sonra pomidorun qiymətində sabitləşmə müşahidə olunacaq".


MANŞET XƏBƏRLƏRİ