Nazirlik çoxdan gözlənilən evləri necə satacaq? - Detallar və qiymət


Xəbər verildiyi kimi, Bakı şəhərinin Ramana, Ümid, Хocəsən, Kürdəxanı qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sifarişi ilə inşa olunmuş və olunan çoxmənzilli binalar satışa çıxarılıb.

Prezident İlham Əliyev 2022-ci il aprelin 11-də verdiyi fərmanla "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nı təsdiq edib.

Qeyd olunur ki, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələri və müharibə əlillərinin mənzillə təminatına yönəldiləcək.

Mənzillərin satışı prosesinə başlanılıbmı? Sözügedən mənzillərə qiymət təyin olunubmu?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Cebhe.info-nun sorğusuna cavabında bildirib ki, satış elektron portal üzərindən olacaq:

"Prezident İlham Əliyevin 11 aprel 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışını təşkil etmək məqsədilə elektron portal hazırlanır. Portal bir neçə moduldan ibarət olacaq. Mənzil almaq istəyən hüquqi və fiziki şəxslərin satış portalına real vaxt rejimində Vahid Giriş Sistemindən - "ASAN login" üzərindən giriş imkanı olacaq. Portalda onların qeydiyyatı aparılmaqla, hər biri üçün elektron kabinetlər yaradılacaq, mənzillərin satışı ilə bağlı bildirişlər yerləşdiriləcək".

Nazirlik rəsmisi portalda mənzillərlə bağlı bütün məlumatların yerləşdiriləcəyini deyib:

"Portalda satılan mənzillərlə bağlı məlumatlar (ünvanı, binanın mərtəbə sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, sahəsi, otaqlarının sayı, təmir vəziyyəti və s.) yerləşdiriləcək. Fiziki və hüququ şəxslər mənzil satışına dair elanla portal üzərindən məlumatlandırılacaq. Hazırda bu istiqamətdə müvafiq prosedurlar davam etdirilir".

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən, vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub: 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayır.

Sözügedən binalarda da qiymətlərin təxminən belə olacağı ehtimal edilir.


MANŞET XƏBƏRLƏRİ