Əcnəbilər necə Azərbaycan vətəndaşı ola bilər? - QAYDALAR


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamına əsasən, əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak alarsa, müstəsna şəkildə Türkiyə vətəndaşlığını əldə edəcəklər. Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq.

İnvestisiya tələbi ilə vətəndaşlıq hüququnun verilməsi haqqında qonşu ölkələrdə atılan bu cür addımlar Azərbaycanda da müzakirələrə səbəb olub. Bir çox iddiaçılar ölkəmizdə belə güzəştlərin tətbiq edilməsinin tərəfdarıdır. Amma bəziləri düşünür ki, bu şərtlərə cavab verən hər kəsi Azərbaycan vətəndaşlığına qəbul etmək düzgün addım deyil.

Azərbaycan vətəndaşlığını necə almaq mümkündür?

Turkustan.az Azərbaycan vətəndaşlığına qəbul olmaq üçün qanunvericilikdə nəzərdə tutulan mövcud şərtləri təqdim edir:

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir,

Ərizə-anket (kompüter vasitəsilə doldurulmalıdır) - 2 nüsxədə çap olunmalıdır;

Azərbaycan Respublikası Prezidentinin adına ərizə (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;

Tərcümeyi-hal (kompüter vasitəsilə yazılmalıdır) – 2 nüsxədə çap olunmalıdır;

Fotoşəkil (3x4 ölçüdə) – 4 ədəd;

Dövlət rüsumunun ödənilməsi haqqında qəbz (200 manat);

Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış;

Pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər, habelə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər istisna olmaqla) - (notariat qaydasında təsdiq edilmiş tərcüməsinin əlavə olunması);

Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış (maaş göstərilməklə), pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) Şəxs işləmirsə Azərbaycan Respublikası vətəndaşı tərəfindən öhdəliyə götürülə bilər. Bu zaman:

- Öhdəliyə götürən şəxsin öhdəlik ərizəsi (notariat qaydada təsdiqli);

- Öhdəliyə götürən şəxsin şəxsiyyət vəsiqəsi (notariat qaydada təsdiqli);

- Öhdəliyə götürən şəxsin qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (iş yerindən arayış, pensiya, təqaüd və s.);

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti;

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti;

Azərbaycan Respublikasının vətəndaşları olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri (olduğu halda).

Azərbaycan Respublikası vətəndaşlığına qəbulla bağlı vəsatət qaldıran şəxs yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə müraciət etdikdə aşağıdakı sənədlər əlavə olunmalıdır:

Digər valideynin razılıq ərizəsi (notariat qaydada təsdiqli);

Digər valideynin pasportunun surəti (notariat qaydada təsdiqli);

Nikah haqqında şəhadətnamənin surəti;

14-18 yaşlı uşaqların razılıq ərizələri (notariat qaydada təsdiqli).

Qeyd: Ərizə-anket və ərizədə vəsatət qaldıran şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da adları qeyd olunmalı, həmçinin 4 ədəd fotoşəkilləri (3x4 ölçüdə) təqdim olunmalıdır.

Xatırladaq ki, 2022-ci ilin aprel ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 11288 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 13492 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb. Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 1133 qərar qəbul edilib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ