Partiya sədrlərinin pensiyası: narazılar və razılar - "250 manat alırdım, onu da kəsdilər"

Partiya sədrlərinin pensiyası: narazılar və razılar -

Bu günlərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə 180 manat yaşa görə müavinət təyin edilməsi xeyli müzakirələrə səbəb oldu. Azərbaycan parlamentinin sabiq sədri İsa Qəmbər bu təyinatla razılaşmayaraq, məhkəməyə müraciət edəcəyini bildirib.
Dövlət Sosial Müdafiə Fondunun məsələyə dair açıqlamasında isə  qeyd edilib ki, İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub.

Modern.az-ın əməkdaşı məsələnin ciddi müzakirələrə səbəb olduğunu nəzərə alaraq, 65 yaşı çatmış digər partiya sədrlərinin nə qədər pensiya aldığını öyrənməyə çalışıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğu bildirib ki, o, sovet hökuməti vaxtında işləsə də, indi işləməyən adamla eyni pensiyanı alır.

ADP sədrinin sözlərinə görə, hazırkı pensiya qanunvericiliyində ciddi boşluq var:


“Bu boşluq da pensiya fondu ilə bağlı şərtlərin qoyulmasıdır. Bizim vaxtımızda isə pensiya fondu yox idi. Dövlət özü real əmək haqqı əvəzinə nominal əmək haqqı verirdi. Bunun da böyük hissəsini götürür, daha sonra pensiya kimi təqdim edirdi. Biz bununla bağlı Milli Məclisə də müraciət etdik. Çünki sovet hökuməti dönəmində işləyib dövlət büdcəsinə vergi verən adamlara qarşı ədalətsiz münasibət var”.

S.Cəlaloğlu pensiya miqdarının artırılması, yaş həddinin azaldılması ilə bağlı da fikirlərini qeyd edib:

“Təbii ki, Azərbaycanda orta həyat yaşı götürülməlidir. Əslində yüksək yaşda pensiya kəsilməsi ədalətsizlikdir. Elə bir pensiya müddəti olmalıdır ki, insanlar heç olmasa həmin müddətdə 5-10 il yaşayıb istirahət edə bilsinlər. Yoxsa ölməyə az qalmış təqaüdə çıxmağın nə mənası var... Ölən insanlar arasında 55 yaşına kimi olan kişilərin sayı 50 faiz artıb. Yəni faktiki olaraq pensiya yaşına qədər insanlar ölüb gedirlər. Ona görə də, mütləq həm qadınların, həm kişilərin pensiya yaşı azaldılmalıdır”.


Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev isə 66 yaşı olmasına baxmayaraq, pensiya almadığını deyib.

Onun sözlərinə görə indiyədək ona pensiya kəsilməyib.

Bununla belə, H.Hacıyev pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətində də olmadığını vurğulayıb.

H.Hacıyev pensiyanın hazırkı miqdarından da danışıb: “Pensiya miqdarı artırılmalıdır. Hazırkı pensiya miqdarı bazarla ayaqlaşmır”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahud Mirəlioğlu qeyd edib ki, o da adi pensiya alır: “Mən millət vəkili olmuşam, sonra yenə seçilmişəm, amma mandatdan imtina etmişəm. Bu və ya digər məsələlər, problemlər olub. Ancaq mən narazı da deyiləm”.

Onun sözlərinə görə, cəmiyyətin pensiya yaşına çatmış bütün üzvlərinin, ahıl, tənha insanların pensiyaları onları təmin etməlidir. Daha çox bu istiqamətdə mübarizə aparılsa, doğru olar. Mirəlioğlu deyib ki, istənilən halda pensiya yaşının aşağı salınması təqdirəlayiqdir.

Partiya sədri vurğulayıb ki, pensiyanın nə qədər olmasından asılı olmayaraq, heç vaxt heç kim bu məsələdən razı qalmır: "Bu da problemlərdən, indiyə qədər yığılıb qalan borclardan və bahalaşmadan qaynaqlanır. Pensiyanın məbləğini kimdən soruşsan, heç kəs qaneedici cavab verməz. Bu həm də insanın özünün mahiyyətindən irəli gəlir. Bəzən də olur, deyirsən ki, bəli, məni qane edir".


Azadlıq Partiyasının sədri Əhməd Oruc pensiya almadığını, əvvəllər xəstəliyinə görə müavinət aldığını bildirib:


“250 manat müavinət alırdım, onu da bu ilin yanvar ayından kəsiblər.  Dedilər ki, sən xəstə deyilsən, tam sağlamsan, gedib işləyə bilərsən. Baxmayaraq ki, mən açıq ürək əməliyyatı keçirmişəm, yüksək təzyiqdən əziyyət çəkirəm, ikinci qrup şəkər xəstəsiyəm. Onlar isə deyirlər ki, sən tam sağlamsan, sənə təqaüd düşmür. Belə çıxır ki, insanlara öləndən sonra təqaüd vermək istəyirlər”.


Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə qeyd edib ki, aldığı pensiya onu qane edir:

"Mənim üçün hazırda vəziyyət normaldır. Ancaq məsələ hamı üçün pensiyanın miqdarından gedirsə, pensiyanın miqdarı qalxsa, yaxşı olar”.

A.Əlizadə aldığı pensiyanın miqdarını  demək istəməyib.


MANŞET XƏBƏRLƏRİ