Türkiyənin əlinə vazkeçilməz fürsət düşüb, NATO gərək... - Professor detalları açıqladı

Türkiyənin əlinə vazkeçilməz fürsət düşüb, NATO gərək... - Professor detalları açıqladı

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qərbin Kiyevi birmənalı dəstəklədiyi şəraitdə Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə qarşı çıxması dünya siyasətində rezonans yaradıb. Hazırda Türkiyə-Finlandiya-İsveç nümayəndələri diplomatik kanallarla müzakirələr aparır. Bəzi dairələr isə Ankaranın addımını Rusiyaya dəstək prizmasından yozmağa başlayıb.

Turkustan.az xəbər verir ki, teleqraf.com Türkiyənin son addımlarını professor Qabil Hüseynli ilə müzakirə edib.

Onunla müsahibəni təqdim edirik:

- Qabil müəllim, Türkiyə qəti mövqeyini elan etməsə də, Finlandiya və İsveçin NATO-ya daxil olmasına isti yanaşmır. Ankara hansı səbəblərdən bu ölkələrin NATO-ya daxil olmasına qarçı çıxır?

- Həm Finlandiya, həm də İsveç bir növ PKK terrorçularının, eləcə də PYD-dən olan terrorçuların “mərkəzinə" çevrilib. Bu ölkələrdə Türkiyəyə qarşı olan terrorçulara sığınacaq, vətəndaşlıq verirlər, onların təşkilatlarının fəaliyyət göstərməsinə zəmin yaradırlar. Türkiyə öz xalqının adından narahatlığını ifadə etməklə bu ölkələrə xəbərdarlıq edir. Açıq bildirdi ki, bu ölkələrin NATO-ya daxil olmasının qarşısını ala bilər. Sonradan İsveçin xarici işlər naziri bildirdi ki, Türkiyənin narahatlığını yaxşı anlayırlar və bundan sonra narahatlıqlara xüsusi diqqət yetirəcəklər. Finlandiya da buna bənzər mövqe ifadə edib. ABŞ dövlət katibi Blinken deyib ki, məsələnin anatomiyasını yaxşı bilirik və bu işləri qaydaya salmaq üçün Türkiyə ilə birgə işləyib məsələsi nizama salacağıq.

- İsveç, Finlandiya və nəhayətdə ABŞ problemin kökünü bildiyini deyir və məsələnin həllinə çalışacaqlarını vurğulayırlar. Sizcə, məsələ hansı formada həll oluna bilər?

- Açığını demək lazımdır. Türkiyədən İsveç və ya Finlandiyaya nümayəndə heyəti gələndə PKK, PYD və ya YPG nümayəndələri etiraz aksiyaları keçirirlər. Eləcə də müxtəlif dövürlərdə küçə yürüşləri keçirir, etirazlar təşkil edirlər. Onlar Finlandiya və İsveçdə açıq şəkildə anti-Türkiyə təbliğatı aparırlar. Normalda onlar Türkiyə əleyhinə yolaverilməz iş aparırlar. İndi İsveç və Finlandiya belə hallar təkrarlanmayacağına söz verməlidir. Bu konteksdə danışıqlarda Ankara həm haqlıdır, həm də əlində ciddi əsaslar var. Baxaq görək bu prosesin nəticəsi necə olacaq.

Yeri gəlmişkən qeyd edilməlidir ki, PKK-nın televiziyası ilk dəfə İsveçdən yayımlanıb və bu, Türkiyə əleyhinə kampaniya idi. Türkiyənin tələbi ilə bu televiziyanın yayımı dayandırılıb.

- Belə təəssürat var ki, Türkiyə indiyə qədər bu məsələnin üzərinə getməyib...

- Türkiyə daima bu addımları atıb. Həmin addımlara hər iki ölkə “insan haqları”, “demokratiya” məsələlərini əsas gətirərək saymazyana cavablar veriblər. PKK-nın İsveçdəki televiziya kanalının bağlanmasına Ankara və ABŞ-ın təzyiqi ilə nail olunub. Hazırda İsveç rəsmiləri deyirlər ki, məsələni diqqətə almışıq. Artıq İsveç tərəfi Türkiyəyə rəsmi heyət göndərir. Ümid edək ki, danışıqlar uğurlu alınacaq.

- Bəzi analitiklər Türkiyənin son gedişini “fürsətdən yararlanmaq” konteksində yozur. Sizcə, bu məqamda Ankara doğru addım atıb?

- Siyasətdə belədir ki, dövlətlər yaranan fürsətdən istifadə edərək öz milli maraqlarını təmin etməyə, özünə qarşı yaranan problemi yoluna qoymağa çalışır. Bu normal addımlardır və həm də məntiqidir. Bütün dövlətlər belə edir. Türkiyənin əlinə indi vazkeçilməz fürsət düşüb, Ankara haqlı olaraq bundan yararlanmağa çalışır. Ümid edirəm ki, böyük ölçüdə də buna nail olacaq. Burada Rusiya ilə hansısa münasibətlərin olması gündəmdə deyil. Zənnimcə, Türkiyə dövlətçiliyini qorumaq, dövlət daxilində separatçı qüvvələri ram etmək və onların xaricdən pozucu fəaliyyətinin qarşısını almaq üçün düzgün hərəkət edir. Bu hərəkətlər Türkiyə dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək.

- Ankara-Helsinki-Stokholm xəttində aparılan diplomatik danışıqların hansı nəticə verəcəyini proqnoz edirsiniz?

- Mən, əminəm ki, sonda razılaşma olacaq. Amma Türkiyə də ona lazım olan və narahatlığı üçün əsas yaradan məsələləri aradan qaldırmağa müvəffəq olacaq. Bildiyiniz kimi Qərb mərkəzləri Finlandiya və İsveçin mümkün olduğu qədər tez NATO-ya üzv olmasına çalışır. Yay fəslində bu məsələ başa çatdırılmalıdır. Deməli, onlar həm də qısa müddət ərzində Türkiyəni narahat edən məsələləri həll etməlidirlər.

- Bəzi qüvvələr Türkiyənin bu siyasi addımının guya Rusiya ilə bağlı olduğu vurğulayaraq, qardaş ölkəyə qarşı uyğunsuz, məntiqsiz fikirlər səsləndirirlər. Bunu necə qiymətləndirmək olar?

- Bu kimlərinsə nəzəri yozmalarıdır. Məsələnin alt qatlarında yerləşən səbəbləri öyrənmədən Türkiyənin bu mövzuda guya Rusiyaya doğru reverans etməsi kimi anlayırlar. Amma burada nə Rusiya, nə də Qərb marağı var. Öndə olan Türkiyə maraqlarıdır və bunları reallaşdırmaq üçün Ankara ciddi səylər göstərir. İndiki şəraitdə sırf Rusiya naminə bu addımlar atılsaydı, Türkiyə üçün xoşagəlməz nəticələrə gətirib çıxarardı.


MANŞET XƏBƏRLƏRİ