Hindistan da qadağa qoydu: çörək bahalaşacaq?


Bu il ərzaq buğdasına çıxış idxalatçı ölkələr, o sıradan da Azərbaycan üçün problemli olacaq. Çünki bir tərəfdən dünya bazarında buğdanın qiymətinin bahalaşması davam edir, digər tərəfdən ixracatçı ölkələr xaricə satışa qadağalar qoyur.

Turkustan.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu Hindistanın taxılın ixracına məhdudiyyət tətbiq etməsini şərh edərkən qeyd edib.

O bildirib ki, qiymətlərin bahalaşmasını şərtləndirən amillər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində təcavüzə məruz qalan ölkədə istehsal imkanlarının azalması və əsas ixracatçı ölkələrdə satışa tətbiq edilən qadağalardır. Hindistan da əsas taxıl məhsullarının ixracını qadağan etdikdən sonra beynəlxalq bazarlarda buğdanın qiyməti yenidən qalxıb. Çikaqoda etalon buğda indeksi 5,9 faizə qədər yüksəlib ki, bu da son iki ayın ən yüksək göstəricisidir.

Hindistanda ixrac qadağası buğda məhsullarını vuran isti dalğasının daxili qiymətləri rekord həddə çatdırmasından sonra qoyulub.

Hindistandan öncə isə Rusiya buğdanın ixracına iyunun 30-dək qadağa qoyub, Qazaxıstan da ixraca kvota tətbiq edib, Çində də buğda ixracı qadağa olunub. Adı çəkilən ölkələr Azərbaycan üçün potensial tərəfdaşlar sayılırdı.

Son aylarda dünya əmtəə bazarlarında buğdanın qiymətinin qalxması nəticəsində çörək və tortdan tutmuş əriştə və makarona qədər, hər şeyin qiyməti bahalaşıb.

Bəzi ölkələrdə, o sıradan İranda unun qiymətinin bahalaşması kütləvi etiraz aksiyalarına gətirib çıxarıb".

Ekspert dünya bazarında yaranmış bu gərgin durumu düzgün qiymətləndirməli və taxıl təhlükəsizliyi üçün vaxtında qərarlar qəbul etməli olduğumuzu vurğulayıb. (axar.az)


MANŞET XƏBƏRLƏRİ