Bakının 5 şərtinə qarşı İrəvanın "6-cı şərti": Paşinyan Brüssel və Rusiya arasında vurnuxur


Ermənistanın sülh danışıları üçün Azərbaycana təqdim etdiyi 6 bəndlik təkliflər paketində kifayət qədər boşluqlar var.

Hətta sənəddə əksini tapmamış və Ermənistan tərəfinin irəli sürdüyü bir sıra şərtlər Azərbaycanaın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaradır. Həmin təkliflərin təhlili bunu deməyə əsas verir.

Qeyd edək ki, Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan rəsmi İrəvanın Azərbaycanla sülh danışıqlarına başlamaq üçün rəsmi Bakıya təklif etdiyi 6 bənddən ibarət paketi açıqlayıb.

Təklifllər paketində aşağıdakı prinsiplər yer alıb:

1. Birinci bənddə qeyd olunur ki, martın 11-də biz Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflər almışıq, ona cavab veririk.

2. Ermənistan Respublikasının Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və yoxdur.

3. Erməni tərəfi üçün Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, eləcə də Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi məsələləri prinsipial əhəmiyyət kəsb edir.

4. Erməni tərəfi Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin, Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatının, 11 yanvar və 26 noyabr 2021-ci il (müharibə əsirlərinin qaytarılması, kommunikasiyaların açılması) tarixli bəyanatlarında göstərilən öhdəliklərin yerinə yetirilməsini vacib hesab edir.

5. Ermənistan tərəfi BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Beynəlxalq Mülki-Siyasi Paktı əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır.

6. Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Xatırladaq ki, rəsmi Bakı hələ mart ayında Ermənistana sülh müqaviləsinin 5 baza prinsipinə dair sənəd vermişdi. Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlıdır.

Mayın 2-də Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəslik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə 6 bəndlik paket rəsmi Bakıya təqdim edilib.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması xüsusi olaraq qeyd edilmir. Yəni belə bir ifadə mətnə salınmayıb. Hətta bildirilir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası olmayıb və yoxdur. Əgər belə bir fakt olmayıbsa, o zaman "Azərbaycan ərazilərinin hansı ölkə tərəfindən işğal edildiyi", Ermənistanın nə üçün 30 il Azərbaycanla müharibə apardığı və danışıqlar tərəfi kimi iştirak etdiyinə dair suallar meydana çıxır.

2020-ci ildə 44 günlük müharibədə Ermənistan nə üçün Azərbaycanla müharibə aparıb?

İkinci Qarabağ müharibəsinin yekunu olaraq 10 noyabr Bəyanatına və işğalçı qoşunların Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasına dair kapitulyasiya aktına Ermənistanın Baş naziri Nikol Paşinyan imza atıb. Ona görə də indi Ermənistanın Azərbaycana ərazi iddiası olmayıb demək heç bir məntiqə sığımır.

Azərbaycana təqdim edilən 6 bəndlik sənəddə Ermənistan silahlı birləşmələrinin Qarabağdan çıxarılacağına dair heç bir öhdəlik yoxdur. Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisində işğalçılıq fəaliyyətini davam etdirdiyi halda hər hansı sülhdən söhbət gedə bilməz.

Rusiya sülhməramlılarının Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etməklə yanaşı, həm də siyasi himayəçisi olduğunu nəzərə alsaq, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasına təbii ki, ehtiyac qalmır. Lakin təqdim olunan sənəddən Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən çıxartmaqda maraqlı olmadığı görünür.

Ermənistan tərəfi "müharibə əsirləri"nin qaytarılması və kommunikasiyaların açılmasına dair öhdəliklərin yerinə yetirlməsindən danışsa da, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini qeyd etmir. Əvvəla, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların heç birində müharibədən sonra Azərbaycan ərazisində diversiya - terror əməliyyatı həyata keçirmiş və Ermənistan tərəfinin "hərbi əsir" adlandırdığı silahlı qruplaşma üzvlərnin qaytarılmasına dair öhdəlik götürməyib.

İkincisi, kommunikasiyaların açılması təşəbbüsü ilk olaraq Azərbaycan və Türkiyə tərəfindən irəli sürülüb. Lakin Azərbaycanın bütün çağırışlarına baxmyaraq, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına razılıq verməyib. Azərbaycan Horadiz-Mehri-Arazdəyən-Culfa-Ordubad dəmir yolunun Zəngilan rayonunun Ermənistanla sərhəddəki Ağbənd stansiyasına qədər hissəsinin inşasını yekunlaşdırmaq üzrədir. Ermənistan tərəfi isə razılaşmanın əksinə olaraq, dəmir yolunun tikintisini ləngidir. Üstəlik, İrəvan quru yolunun açılmasına ümumiyyətlə, razılıq vemir. İndi Ermənistan tərəfi kommunikasiyaların açılması təklifini Azərbaycanın qarşısında şərt kimi qoymaqla sanki özünə qaytarmış olur.

Azərbaycana təqdim olunan təkilflər paketi göstərir ki, Ermənistan sülhə nail olunması üçün yalnız Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara üstünlük verir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaların sülh mexanizmi kimi istifadəsi təkliflər paketində öz əksini tapmayıb. Bu isə Paşinyanın Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdən qayıtdıqdan sonra aprelin 13-də Ermənistan parlamentində Qərbin mövqeyinə dair verdiyi açıqlamanın rəsmi İrəvanın maraqlarına uyğun gəlmədiyini göstərir.

Qeyd edək ki, Paşinyan beynəlxalq ictimaiyyətin ona Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımağı və Qarabağın statusu məsələsində Ermənistandan öz tələbini aşağı salmağı təklif etdiyini demişdi. Onun bu mesajı Brüsseldə Ermənistanın Baş nazirinin qarşısında Qarabağa olan iddiadan imtina etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımaq, Rusiyanın vasitəçiliyi olmadan sərhədlərin birgə delimitasiyasına başlamaq və sülh sazişi imzalamaq şərtlərinin qoyulduğunu təsdiq edirdi.

Ona görə də Paşinyanın aprelin 19-20-də Rusiyaya səfər etdikdən sonra "oyun qaydaları"nı dəyişməsi müşahidə olunur. O, parlamentdəki növbəti çıxışında sülh prosesindən yayınmağa görə məsuliyyəti Rusiya Prezidenti Vladimir Putinin üzərində atmağa çalışsa da, son hadisələr Baş nazirin özünün də Brüsseldə verdiyi sözləri yerinə yetirməkdə maraqlı olmadığını isbat edir. Bu baxımdan, Ermənistan müxalifətinin keçirdiyi etiraz aksiyaları Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımaqdan yayınmağa çalışan Paşinyan üçün tutarlı manipulyasiya vasitəsidir.

Brüssel razılaşmasının siyasi-hüquqi öhdəlik kimi qəbul edilməməsi Azərbaycanla Ermənistan arasında Birgə Sərhəd Komissiyasının yaradılmasına dair razılaşmanın da pozulmasına gətirib çıxara bilər. Ümumiyyətlə, Ermənistan tərəfinin təqdim etdiyi təkliflər paketində sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə dair ayrıca bənd olmadığından bu problemin həlli ilə bağlı qarşı tərəfin mövqeyi naməlum qalır.

Digər aydınlıq gətirlməli olan məsələ Azərbaycanın işğal altında olan 8 kəndinin taleyi ilə bağlıdır. Söhbət Qazax rayonunun yeddi, Sədərək rayonunun isə Kərki kəndindən gedir. Ermənistan anklav kəndlərin qaytarılması ilə bağlı Azərbaycan tərəfinin tələbinin üstündən sükutla keçib. Azərbaycana təqdim olunan 6 prinsip sırasında Ermənistan "Dağlıq Qarabağ"ın statusu məsələsini yenidən gündəmə gətirir. Ancaq 44 günlük müharibəyə qədər mövcud olmuş status-kvo aradan qalxdığından Ermənistan bu dəfə həmin məsələni ermənilərin təhlükəsizliyinin və hüququnun təmin olunması adı altında irəli sürür. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünün tanınması müqabilində Qarabağ ermənilərinə siyasi status verilməsini təklif edir.

Ermənistan 5-ci bənddə dövlətlərarası münasibətlərin qurulmasına dair sülh müqaviləsinin şərtlərindən biri kimi Helsinki Yekun Aktının və Beynəlxalq Mülki-Siyasi Paktını qeyd etməklə dolayısı ilə Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu yenidən gündəmə gətirmək istəyir. Eyni zamanda, sözügedən sənədlərə istinad edərək Ermənistan Hadrutdan və Şuşadan olan "erməni qaçqınların" qaytarılması məsələsini qaldırmaq niyyətindədir. Bununla da Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımadığını nümayiş etdirir. Yəni Ermənistan ən pis variant kimi Qarabağın sülhməramlıların müvəqqəti nəzarət zonasındakı hissəsi istisna olmaqla digər bölgələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul etməyə razı olduğunu bildirir.

"Ən yaxşı halda" isə Ermənistan Hadrutu qaytarmaq və qaçqın adı altında ermənilərin bir qisminin Şuşaya yerləşdirilməsini təmin etmək üzərində düşünür. Bu şərtin mahiyyəti Ermənistanın Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq ideyasından imtina etmədiyini təsdiq edir. Ermənistanın müvafiq danışıqların təşkili üçün əsas vasitəçi kimi ATƏT-in Minsk qrupuna müraciət etməsi də məhz status məsələsini sülh gündəliyinə daxil etmək məqsədi daşıyır. Çünki 44 günlük müharibədən sonra bölgədə geosiyasi vəziyyətin dəyişməsi Ermənistanı bu iddialarından məhrum edib. Azərbaycan birmənalı şəkildə Qarabağ ermənilərinə heç bir status verilməyəcəyini bəyan edib.

Paşinyanın açıqlaması da danışıqlar prosesində vasitəçi qismində iştirak edən böyük dövlətlərin Azərbaycanın mövqeyi ilə razılaşdığını göstərir. Çünki bütün beynəlxalq güclər müharibənin yenidən başlanmasında maraqlı deyil. Ona görə də təzyiqlər daha çox Paşinyana qarşı yönəlib.

Regionda hərbi və geosiyasi üstünlüyə malik Rusiya nə Azərbaycanla, nə də Türkiyə ilə qarşıdurmada maraqlı deyil. Xüsusilə də Ukraynadakı müharibədə ciddi böhranlı duruma düşən Rusiya hazırda Azərbaycan və Türkiyə ilə münasibətlərin pisləşməsini istəmir. Lakin Kremlə Azərbaycanla Ermənistan arasında sülhün yaranması da lazım deyil. Çünki sülhün bərqərar olacağı halda Azərbaycan ərazisində sülhməramlı qüvvələrə ehtiyac qalmayacaq. Ona görə də Rusiya mövcud konyukturun qalmasına çalışır.

Qərbin artan diplomatik fəallığı isə tərəflər arasında sülhə nail olunmasına və Rusiyanın bölgədəki geosiyasi üstünlüyünə son qoymağa hesablanıb. Avropa İttifaqının Paşinyanı Qarabağın statusu məsələsində öz tələbini aşağı salmağa məcbur etmək səyləri də bununla izah oluna bilər. Ancaq görünür, Paşinyan Ukraynadakı müharibə fonunda Qərb və Rusiya arasında artan geosiyasi rəqabətə yeni manevr imkanı kimi baxır. O, hər iki əks siyasi qütbün şərtlərinə razılıq versə də, sonda həm Rusiyanın, həm də ABŞ-ın və Avropa İttifaqını təmsil edən Fransanın təmsil olunduğu beynəlxalq platformaya öz təkliflərini təqdim edir. Əslində, Qərb və Rusiya arasındakı ziddiyyətlər nəticəsində dağılan Minsk qrupunun bərpasının mümkün olmayacağını Ermənistan rəhbərliyi yaxşı bilir. Sadəcə olaraq, bu addım Paşinyana status məsələsini yenidən beynəlxalq müstəviyə çıxartmaq və Azərbaycan qarşısında manipulyasiya imkanlarını genişləndirmək üçün lazımdır. /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ