Deputat: "Təsərrüfatların Kəlbəcərə buraxılması üzrə kvota aşağı salınmalıdır"


Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov parlamentin 13 may tarixli işlasında çıxış edərək işğaldan azad olunmuş Kəlbəcər rayonuna mal-qara, qoyunçuluq fermalarının, arı təsərrüfatlarının mövsümi köçürülməsi ilə bağlı danışıb. Bu məsələlərlə bağlı seçicilərin, kəlbəcərli fermerlərin təkliflərini çatdırıb.

Çıxışın mətnini təqdim edirik:

-Artıq ikinci ildir ki, arıçılıq, mal-qara və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsi həyata keçirilir. Kənd Təsərrüfatı nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən bu proses bir neçə cəhətdən mühüm əhəmiyyət kəsb edir.İlk növbədə, 29 il əvvəl doğma yurd-yuvalarından didərgin düşmüş insanlar yenidən doğma torpaqlara qayıdır, işğaldan azad edilmiş ərazilərdə yenidən həyat canlanmağa başlayır.

Bu təsərrüfatların mövsümi olaraq Kəlbəcər rayonu ərazisinə aparılması ölkəmizdə heyvanhdarlığın və arıçılğın inkişafı baxımından olduqca əhəmiyyətlidir. Kəlbəcər yaylaqları hələ sovet dövründə bir çox aran rayonlarının yaylaq düşərgələri idi. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqlardan istifadə edirdi.

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur.

Kənd təsərrüfatı məhsullarına tələbatın artdığı indki dövrdə heyvan sürülərinin yenidən Kəlbəcər dağlarına qayıtması ölkəmizin iqtisadiyyatına, qida təhlükəsizliyinə ciddi töhfə verə biləcək.

Həmçinin, bölgədə arıcılığın inkişafı "Kəlbəcər balı" kimi məşhur olan məhsulun əvvəlki şöhrətinin bərpa olunmasına və onun dünya bazarına çıxarılmasına imkan yaradacaq.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin avqust ayında Kəlbəcərdə olarkən Kəlbəcər balı haqqında yüksək fikirlərini ifadə etmişdi. Bildirmişdi ki, "bundan sonra Kəlbəcər balı bütün digər yerlərin balından daha da keyfiyyətli olacaq". Cənab Prezident arıcılara həm daxili bazarı təmin etməyi, həm də, xaricə ixrac potensialı haqda düşünməsi tövsiyə etrmişdi.

Bu günlərdə ilk arı təsərrüfatları Kəlbəcərə yola düşüblər.

Seçicilərlə görüşlərdə qaldırılan məsələlər içərisində daha çox arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisinə buraxılması istənilir. Keçən il də, bu il də təsərrüfatların rayon ərazisinə buraxılması üçün xüsusi kvota müəyyən edilib. Bu arı ailəsi sayına və qoyun təsərrüfatında qoyun sayına əsasən müəyyən edilir. Kvotanın tələbinə cavab verməyən, yəni nisbətən az arı ailəsi və qoyun sürüsü olan təsərrüfatlar bu imkandan kənarda qalırlar.

Bu baxımdan, mən müvafiq qurumlara, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinə təklif edərdim, hər iki təsərrüfat üzrə kvotanı aşağı salsınlar ki, daha çox təsərrüfatlar Kəlbəcər torpaqlarının bərəkətindən yararlana bilsinlər.

Əlbəttə, burada əsas diqqət əhalinin təhlükəsizliyi ilə bağlıdır. Mina partlaması nəticəsində bədbəxt hadisələr bu gün də yaşanır. Ərazilərin minalardan təmizlənməsi işi hesab edirəm ki, Kəlbəcər rayonu ərazisində də geniş şəkildə aparılmalıdır. Bu, həm orada xidmət keçən hərbçilərimizin, həm də ərazidə çalışan, işləyən vətəndaşlarımızın təhlükəsizliyi, həmçinin, böyük qayıdışın sürətləməsi üçün əhəmiyyətlidir.


MANŞET XƏBƏRLƏRİ