İŞİD-ə qoşulmuş Bəxtiyar Şıxıyev haqqında faktlar - DOSYE

İŞİD-ə qoşulmuş Bəxtiyar Şıxıyev haqqında faktlar - DOSYE

Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi Bəxtiyar Şıxıyev və ailəsi haqqında bir sıra məqamlar məlum olub.

Fərdi qaydada usta fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edən 33 yaşlı Bəxtiyar Şıxıyev 2012-ci ildən ibadətlə məşğul olmağa başlayıb.

2013-cü ildə dini nikahla ailə həyatı qurduğu hələ 15 yaşı tamam olmamış  Səadət Əsgərzadə Nazim qızı ilə birlikdə Suriyada davam edən silahlı münaqişələrdə iştirak etmək məqsədilə həmin torpaqlara üz tutub. O, həyat yoldaşı ilə qızğın döyüşlərin getdiyi bölgələrdə məskunlaşıb. Yetkinlik yaşına çatmayan Səadət Əsgərovanın ölkədən necə çıxarılması, ailəsinin buna necə icazə verməsi hələ özü ayrı bir sualdır.

Bəxtiyar Şıxıyev  Suriyada yaşadığı müddətdə digər bir azərbaycanlının rəhbərlik etdiyi "Cundul Şam” adlı silahlı qrupun tərkibində təlimlərdə iştirak edərək müxtəlif növ silahlardan və döyüş sursatlarından istifadə qaydalarını mənimsəyib. Eləcə də ona təhkim edilmiş silahla "ribat”a (təşkilat üzvləri ərazinin mühafizəsini belə adlandırır) çıxıb. Bu hərəkətləri ilə yanaşı o, hələ uşaq yaşında silah-sursat söküb-yığmağı öyrətdiyi arvadının da əllərinin cinayət ləkələri ilə kirlənməsinə zəmin yaradıb.

2014-cü ildə Suriya Ərəb Respublikasından Türkiyə Respublikasına qayıdaraq orada yaşamağa başlayıb. Yenicə dünyaya gələn övladını və ərini atıb gedən Səadət Əsgərova 2017-ci ildə Azərbaycan Respublikasına geri qayıdaraq kriminal aləmə qoşulub. O, gənc yaşlarında kriminal dəstənin tərkibində Bakıda  65 yaşlı qadının evinə soxulub, həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edib. O, əmlakını ələ keçirmək məqsədi ilə evinə girdiyi şəxsin əllərini kəndirlə bağlayıb, yerdə sürüyüb, ağzını dəsmal ilə tıxayıb yaşlı qadını köməksiz vəziyyətdə qoymaqla ona qarşı quldurluq cinayət əməllərini törədib.

Bu əməlinə görə Səadət Əsgərova Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar Şıxıyev özü isə ana sevgisindən məhrum qalmış azyaşlı övladı ilə birlikdə bir müddət gizlənib.

Bir müddət əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bəxtiyar Şıxıyev qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələrdə ittiham olunaraq saxlanılıb.

O, Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir

Kriminal ailədən geriyə valideynlərini dini düşmənçilik, dini radikalizm və dini fanatizm uğrunda itirmiş tək oğul övlad qalıb.

Hazırda isə DTX tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.   /apa.az/


MANŞET XƏBƏRLƏRİ