"ABŞ-a Avropanı sözəbaxan etmək üçün Rusiyanın timsalında "xoxan" lazımdır..."


Turkustan.azBAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin gündəmdə olan məsələlərlə bağlı Moderator.az-a verdiyi qısa müsahibəsini təqdim edir:

- Qüdrət bəy, "Rusiya Ukraynaya təcavüz etdiyi üçün Azərbaycan anti Putin koalisiyasında yer almalıdır" deyənlər nə qədər haqlıdır?

- Bunu söyləyənlər dövlətimiz və xalqmız qarşısında məsuliyyət hiss etməyənlərdir. Bir anlığa təsəvvür edin ki, Azərbaycan Respublikasının Prezidenti bu tip adamların ağlı ilə qərarlar qəbul edir. Görün ölkə hansı vəziyyətə düşər. Prezident dəfələrlə vurğulayıb ki, biz sərhədlərin zorla dəyişdirilməsini qəbul etmirik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Ukraynaya humanitar yardım edirik, amma bizim ərazi bütövlüyümüzlə bağlı öz problemimiz var və Qərb Ukraynanın ərazi bütövlüyünü pozan Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edib Ukraynaya siyasi, maliyyə dəstəyi verib, silah göndərib kəşfiyyat məlumatları ilə kömək etsə də, işğalçı Ermənistana münasibətdə 30 il ərzində bunların heç birini etməyib, bu gün də etmir. Prezidentin Rusiya və Ukraynaya münasibətdə yürütdüyü siyasət bizim təbii müttəfiqimiz olan Türkiyə ilə uzlaşdırılmış siyasətdir və ölkəmizin maraqlarına tam cavab verir. Ciddi siyasətdə emosiyalara yer olmamalıdır.

- ABŞ Prezidenti Ukraynaya kömək məqsədilə "Lend-Liz" qanununu imzaladı və ardınca bəyan etdi ki, Rusiyanın Ukraynadakı düşdüyü vəziyyətdən çıxış yolu yoxdur və bu onları düşündürür. Bir çoxları kimi Siz də bu cür düşünürsünüz?

- Qərb Rusiyanın Ukrayna üzərində qələbəsini qəbul etməyə hazır idi. Ukrayna Prezidentinin, Silahlı Qüvvələrinin və xalqının heç kimin gözləmədiyi müqaviməti çox şeyi dəyişdi. İkunci dünya müharibəsi zamanı da ABŞ faşist Almaniyasının SSRİ üzərində ildırımsürətli qələbə qazana bilmədiyinə əmin olandan sonra SSRİ-yə 1941-ci ilin martında qəbul olunmuş "Lend-Liz" qanununa əsasən kömək etdi və 1944-cü ildə Normandiyada ikinci cəbhə açdı. Amma faşist Almaniyasından fərqli olaraq ABŞ hal-hazırda Rusiyanın qələbəsini istəməsə də, məğlubiyyətini də istəmir. "Lend-Liz" qanunu da Ukraynanın qələbəsi üçün yox, ABŞ Prezidentinin öz sifətini qoruması və Ukraynanın ağır məğlubiyyətinin qarşısını almaq üçün qəbul olunub. Ukraynaya verilən və veriləcək hərbi dəstəyin miqyası da bunu sübut edir. ABŞ-a Avropanı sözəbaxan etmək üçün Rusiyanın timsalında "xoxan" lazımdı. Əks halda bu müharibədən yayınmaq olardı. ABŞ Rusiyada hakimiyyət dəyişikliyinin və eyni zamanda inkişafın qarşısını almaq üçün münaqişənin dondurulmasına, Rusiyanın resurslarını hərbə yönəltməsinə çalışacaq və bunun üçün Ukraynanı ciddi güzəştlərə getməyə məcbur edəcək. Güzəştlərə etiraz etmək ehtimalı böyük olan, Qərbin birmənalı qəbul etmədiyi "Azov" batolyonuna da ehtimallara görə bu məqsədlə kömək edilmir. Rusiyanın isə vəziyyətdən məğlub olmadan çıxması üçün imkanlar var. Bunun üçün Ukraynanın neytrallığı və Krımda Rusiyanın hərbi bazalarının saxlanılması qarşılığında Ukraynanın ərazilərini özünə qaytarmaq lazımdır. Rusiyanın çıxış yolunun olmadığını deyənlər onu ədalətli və düzgün qərarlar qəbulundan çəkindirib müharibə vəziyyətini saxlamaq üçün edirlər.


MANŞET XƏBƏRLƏRİ