9 May hansı ölkədə necə qeyd edilir... - 77 il əvvələ FƏRQLİ BAXIŞ


Bu gün faşizm üzərində qələbənin 77 ili tamam olur. 9 May tarixi təkcə Rusiyada deyil, bütün keçmiş sovet respublikalarında qeyd olunur.

77 il ərzində nələr dəyişib, ölkələr İkinci Dünya müharibəsində əldə olunmuş qələbəni necə qeyd edir?

Modern.az-ın əməkdaşı bununla bağlı kiçik araşdırma aparıb.

Orta Asiya ölkələri

2022-ci ildə Qazaxıstan Qələbə günü münasibətlə hərbi parad keçirməmək qərarına gəlib. Müdafiə Nazirliyindən məlumat verilib ki, xərclərə qənaət hesabına belə addım atılıb. Amma yenə də anım tədbiri keçiriləcək.

Müharibə illərində Qazaxıstan 1,2 milyona yaxın insanı cəbhəyə göndərib və onlardan 600 minə yaxını müharibədə həlak olub.

Özbəkistanda isə təxminən iki milyon insan müharibəyə gedib, onlardan 538 min nəfər evlərinə qayıtmayıb. Tacikistanda təxminən 290 min insan səfərbər edilib, onlardan üçdə biri ölüb.

Tacikistan və Qazaxıstanda 9 May Qələbə Günü, Özbəkistanda isə "Xatirə və Şərəf Günü" adlanır. Bu da təsadüfi deyil. Belə ki, respublikanın birinci prezidenti İslam Kərimovun dövründə hakimiyyət 9 Mayın belə qeyd edilməsini qərara alıb.

363 min nəfəri cəbhəyə göndərən və 100 min itki verən Qırğızıstanda Qələbə Günü həmişə əsas bayramlardan biri olub. 2020-2021-ci il koronavirus illəri istisna olmaqla, bu, mütəmadi olaraq kütləvi şənliklər və "Ölümsüz Alay"ın yürüşü ilə qeyd olunub.

Qırğızıstan sakinləri üçün 9 may ailə bayramıdır. İnsanlar öz təşəbbüsü ilə pəncərələrə qohumlarının şəkillərini qoyurlar. 2020-ci ildən hətta Türkmənistan hakimiyyəti də İkinci Dünya müharibəsinin ildönümünü hərbi paradla qeyd edir. Türkmənistandan 700 minə yaxın döyüşçü müharibəyə yollanıb, ən azı 90 min insan həlak olub.

Qafqaz üçbucağı

Cənubi Qafqazda çoxsaylı münaqişələrin vaxtaşırı silahlı toqquşmalara çevrilməsinə baxmayaraq, Azərbaycan, Gürcüstan və Ermənistan İkinci Dünya müharibəsində yekdilliklə iştirak edib.

Gürcüstan müharibəyə 700 minə yaxın insan göndərib, onlardan 300 mindən çoxu həlak olub. Gürcüstan cəmiyyətində yaşlı nəsil üçün bayram mayın 9-u, gənclər üçün isə çox vaxt ayın 8-i qeyd olunur. Bundan əlavə, burada çoxlarının SSRİ-yə münasibəti hədsiz dərəcədə mənfidir. Amma Qələbə parkında Gürcüstan rəhbərliyi hər il Naməlum Əsgər məzarını ziyarət edir. Cəmiyyətin əhəmiyyətli bir hissəsi müharibəni vətənpərvərlik savaşı hesab etmir, bu, onlar üçün sadəəcə II Dünya Müharibəsidir.

Azərbaycan da Gürcüstan kimi əhalinin beşdə birini, yəni 681 min nəfəri cəbhəyə göndərib. Onlardan 300 mini geri qayıtmayıb. Ölkə rəhbərliyi daim veteranları diqqətdə saxlayır, hər il Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi ziyarət edilərək, azərbaycanlı qəhrəmanların xatirəsi yad olunur.

Ermənistan üçün uzun müddət 9 May üçqat "bayram" olub. Amma 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bu bayramlar matəmə çevrilib. Belə ki, ermənilər 9 may tarixini Şuşanın işğal günü və qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu Günü kimi qeyd edirdilər. Lakin 44 günlük müharibədən sonra bu tarixlər ermənilər üçün qara bayrama çevrilib.

Qeyd edək ki, İkindi Dünya müharibəsində Ermənistanın 320 min sakini cəbhəyə gedib, onlardan 175 min nəfəri ölüb.

Qərb cəbhəsi

Keçmiş Sovet İttifaqının Qərb respublikaları ümumi tarixə daha həssas yanaşırlar. Bəziləri müharibəni və onun nəticələrini "vətənin əsarəti" hesab edir, bəziləri isə əksinə, əcdadlarının qəhrəmanlığını tərənnüm edir.

Belarus müharibədə 2,4 milyon vətəndaşını itirib. Belaruslular üçün Qələbə Günü ilin əsas bayramlarından biridir. Bütün rayonlarda hərbi abidələrə güllər gətirilir, mitinqlər, bayram konsertləri keçirilir, axşam səma atəşfəşanlıqla rənglənir.

Moldovaya gəlincə, müharibədə respublikanın 400 minə yaxın sakini iştirak edib, 84 minə yaxın insan həlak olub. Moldovada çoxları bayramı siyasiləşdirmək istəmir. Onlar üçün 9 May kədər və sevinc günüdür.

2022-ci ilə qədər İkinci Dünya müharibəsində qələbə Baltikyanı ölkələrdə təntənəli olaraq qeyd olunurdu. Amma Latviyada artıq 9 may tarixi Ukraynada həlak olanların Anım Günü adlandırılıb, Litvada da belə təklifə baxılıb. Hər iki respublikada bayram tədbirlərinin keçirilməsi qadağan edilib.

Bundan başqa, Latviyada 9 Mayla bağlı abidələrin sökülməsi müzakirə olunur.

Hazırda qanlı döyüş meydanına çevrilən Ukrayna isə əhalisinin beşdə birini İkinci Dünya Müharibəsində itirib. 1,3 milyon ukraynalı cəbhədə, daha 1,3 milyonu faşist düşərgələrində həlak olub. Bu ölkədə 9 May istirahət günü, 8 May isə "Xatirə və Kədər Günü" günü kimi elan edilib.

Xatırladaq ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.


MANŞET XƏBƏRLƏRİ