İlkin Süleymanov bəraət ala bilər...


Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bildirək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Cəmiyyətdə böyük rezonans doğuran bu hadisənin düyünü 3 ildir heç cür çözülmək bilmir. Şahidlər dindirilir, ortaya müxtəlif faktlar qoyulur, amma məsələ uzandıqca uzanır. Əksəriyyət isə getdikcə daha çox təqsirləndirilən şəxs İlkin Süleymanovun günahsız olmasına inanmağa başlayıb.

İstintaq orqanı əsl cinayətkarı tapmaqda, onun günahını sübuta yetirməkdə niyə bu qədər yubanır? Prosesin bu qədər uzanmasının əsas səbəbi nədir?

Tanınmış vəkil Cavad Cavadov cinayət işinin uzanmasının hüquqi tərəfini Modern.az-a şərh edib.

C.Cavadov söyləyib ki, elan olunmuş ittihamı sübuta yetirmək ittihamçının üzərinə düşür: "Təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Təəssüflər olsun ki, Azərbaycanda proses bir az fərqlidir. Təqsirləndirilən şəxs özünün günahsız olduğunu sübut etməlidir. Cinayət işini kənardan izələyən vəkil olaraq qeyd etməliyəm ki, istintaq ilkin mərhələdə ümumi üsulla gedirdi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi alınıb, ittiham bunun üzərində qurulub. İstintaqın sonrakı mərhələsində həmin şəxs ifadələrini danıb, işgəncələr altında o ifadələri verdiyini söyləyib."

Vəkil bilidirib ki, cinayət işi ilə bağlı məhkəmə və ittiham tərəfi çox çətin vəziyyətdədir. O təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunan İlkin Süleyanovun bəraət ala bilməsinin mümkün olduğunu söyləyib:

"Ola bilər ki, həmin işlə bağlı bəraət hökmü çıxarılsın. Məhkəmənin uzanma prosesi normaldır, bu işlərdə müddət yoxdur. Məhkəmənin vəzifəsidir ki, işi tam, hərtərəfli araşdırsın. Məhkəmənin gedişindən də görünür ki, həqiqətən araşdırma aparılır. Məhkəmənin uzanmasının əsas səbəbi sübutların mötəbər, inandırıcı olmamasıdır. Cinayət işinin özünün də ictimaiyyətin diqqət mərkəzində olması prosesi uzadan səbəblərdəndir."

Qeyd edək ki, növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.


      MANŞET XƏBƏRLƏRİ