Yoluxma nə zaman azalacaq? - "Hamı "Pfizer" üçün növbə gözləyir, "SinoVac" vurdurmaq istəmir"- HƏKİM


Ölkəmizdə son günlər yoluxma sayında ciddi artım müşahidə edilir.

Bir neçə həftədir ki, yoluxma 4 rəqəmli olaraq qalır. Həmçinin ölüm sayında da artım var. Azərbaycanda ötən gün yeni növ koronavirus (Covid-19) infeksiyasına 3759 yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 45 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 432 min 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub, onlardan 373 min 475 nəfər müalicə olunaraq sağalıb, 5722 nəfər həyatını itirib. Aktiv xəstə sayı 53 min 298 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 min 678, bu günə qədər isə ümumilikdə 4 milyon 498 min 717 test icra olunub. Qeyd edək ki, bu gün Azərbaycanda 98 min 494 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 min 167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 327 nəfər təşkil edib. Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 9 min 933, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 239 min 851, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 770 min 82 nəfərdir.

İndi hər kəsi düşündürən məsələ yoluxma sayında səngimənin nə zamana gözlənilməsidir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov deyib ki, yoluxmalarda artımın bir neçə səbəbi var:

"Ölkəmizdə əhalinin əksəriyyəti vaksinasiya olunmayıb. İnsanlar gedib "Pfizer" üçün növbəyə dayanırlar və növbə də 1 ay çəkir. Hər bir məntəqədə bu sistemi yaratsalar, hamı da gedib orada vaksin olunar və heç bir problem olmaz. Əhalinin böyük əksəriyyəti "SinoVac" vurdurmaq istəmir. Nəticədə vaxt da keçir, növbə çatana qədər də şəxs yoluxur. Ona görə mütləq Avropada istehsal olunan vaksinlərdən gətirilməlidir. İnsanlar bu templə ki, vaksin vurdurmaq istəyirlər, 10-15 günə hamı vaksinlənə bilər. "SinoVac" vurdurub ağciyərində 60 faiz yoluxma halı ilə xəstəxanaya gələn nə qədər insan var. Bunlar da getdikcə yoluxmanı artırır. Vaksinasiya prosesini tez bir zamanda qurtarmaq lazımdır".

O bildirib ki, yoluxmaların artmasının daha bir səbəbi müalicənin köhnə qaydalarla aparılmasıdır:

"Müalicə prosesi də köhnə qaydalarla aparılır. Üçüncü dalğa ağır keçir deyə həmin müalicələr də effekt vermir. Effekt verməyəndə də ölüm hallarının sayı çoxalır. Digər məsələ maskalarla bağlıdır. Əhali hələ təzə-təzə maska taxmağa başlayır. 3-4 gün bundan qabağa qədər avtobusda bir nəfər maska taxmırdı. Maska taxılmırsa, deməli, burada yoluxma olacaq. İnsanlar artıq görürlər ki, yoluxma artır, maska taxmağa, vaksinasiya olunmağa başlayırlar. Bu səbəbdən də maskanın taxılmasına əməl olunduqda, vaksinasiya sürətləndikdə yoluxmada azalmalar da olacaq. Yoluxmaların artmasının mövsümlə əlaqəsi yoxdur. Onsuz da havalar artıq neçə ay idi ki, isti idi, mövsüm dəyişməmişdi. Bu, sadəcə gigiyenik qaydalardan asılı olan dəyişimdir".


MANŞET XƏBƏRLƏRİ