"Türk Ədəbiyyatı" dərgisinin Nisan sayı işıq üzü gördü...


50 il boyunca, sözün həqiqi mənasında, türk milli düşüncəsinə söykənərək hürr təfəkkürün binasını qoyan "Türk ədəbiyyatı" dərgisinin bu gün ən yüksək səviyyədə işıq üzü görməsi istiqamətində dəyərli böyüyüm, Ustadım İmdat Avşar yorulmaz xidmətlərdə bulunmaqdadır.

Bu günlərdə "Türk ədəbiyyatı"nın Nisan (aprel) sayı oxucuların görüşünə gəlib. Hər bir sayda olduğu kimi aprel sayında da ədəbi, fəlsəfi, akademik araşdırmaların məzmun orijinallığı, ehtiva etdiyi dərin məna və elmi mündəricəsi, oxucunun hər ovqatda bədii zövqünü oxşayan hekayə və şeirləri, ədəbi proseslə birgə addımlayan, zamanla səsləşən maraqlı müsahibələri oxuduqca çağdaş türk ədəbi, mədəni, elmi mühitinin mənzərəsi, eyni zamanda, işinə yüksək peşəkarlıq, həvəslə yanaşan baş redaktorla bərabər yaradıcı heyətin yorulmaz əməyi təsəvvürümüzdə işıqlanır.

"Türk ədəbiyyatı" oxucularını sevgiylə salamlayan İmdat bəy "Həsbi-Hal"da Kabaklı Hocanın əziz xatirəsini rəhmətlə anaraq yazır: "Bu ay dərgimizin səhifələri azərbaycanlı elm adamı, akademik İsa Həbibbəylinin qurucumuz şeyxül-mühərririn Ahmet Kabaklının ədəbiyyat tarixçiliyinə həsr etdiyi məqaləsi ilə açılır. Ahmet Kabaklının beş cildlik əsərləriylə yeni bir "ədəbiyyat tarixçiliyi məktəbi" qurduğunu irəli sürən Həbibbəyli məqaləsində Ahmet Kabaklının Azərbaycan ədəbiyyatına və ədəbi şəxsiyyətlərinə dair dəyərləndirmələrini təhlil süzgəcindən keçirir.

İsa Həbibbəyli "Ahmet Kabaklı və Azərbaycan ədəbiyyatı" adlı irihəcmli məqaləsində Kabaklı hocanın bütün hizmətlərini təhlil edərək ümumiləşdirir: "Professor Əhməd Kabaklı özünəməxsus ədəbiyyatşünaslıq məktəbi yaratmış böyük elm xadimidir. Bundan başqa o, ədəbiyyatşünaslıq elminin bir çox əsas sahələri ilə dərindən məşğul olan və bu istiqamətlərin hər birində mühüm elmi nailiyyətlər əldə etmiş universal alimdir. Əhməd Kabaklının ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, folklorşünaslıq, ədəbi əlaqələr, ədəbi tənqid və bir çox başqa sahələr üzrə yazdığı kitablar və məqalələr, oxuduğu məruzələr və etdiyi çoxsaylı çıxışlar Türkiyədə fərqli bir ədəbiyyatşünaslıq istiqamətinin yaradılması ilə nəticələnmişdir.

Görkəmli ədəbiyyatşünas alim Əhməd Kabaklının ədəbiyyat tarixçilik məktəbi ədəbiyyat nəzəriyyəçiliyi ilə üzvü sintez halında meydana çıxmış, fərqli elmi-nəzəri yanaşmalar və ümumiləşdirmələr əsasında formalaşdırılmış yeni tipli ədəbiyyatşünaslıq istiqamətidir. Bütün bunlar onu göstərir ki, professor Əhməd Kabaklı Türkiyədə modern ədəbiyyat tarixçiliyi yaratmış görkəmli elm xadimidir. Ona görədir ki, professor Əhməd Kabaklının adı Türkiyədə hər biri fərqli bir elmi məktəbin yaradıcısı hesab olunan Fuad Körpüzadə, İsmayıl Hikmət, Nihat Sami Banarlı, Əbdülbaqi Gölpınarlı, Əhməd Həmdi Tampınar, Orxan Şaik Gökyay, Məhərrəm Ergin, Mehmet Kaplan kimi nəhəng alimlərin sırasındadır" – deyə akademik məqaləsinə davam edir.

Mustafa Ever "Bir portret nümunəsi: Xalid Ziya Uşaklıgil" başlıqlı məqaləsində yaxınlarının ölümü ilə sarsılan yazarın ömür yolunun və ədəbi macərasının portretini təqdim edir.

Şaban Kumcu çağdaş Türk ədəbiyyatının məşəlini yandıran fikir adamı kimi İbrahim Şinasi Əfəndinin şeir dilinin və nəsrinin özündən sonra yaranan ədəbiyyat örnəklərimizə etdiyi böyük təsirdən danışır.

Dərginin hər bir sayında olduğu kimi Nisan sayında da maraqlı bir müsahibə yer alıb. Gənc araşdırmaçı Aleyna Malkoçun müsahibi İsgəndər Pala "A – 71" romanı ilə bağlı düşündürücü məqamları oxucuları ilə bölüşür.

"Türk ədəbiyyatı" dərgisi Nisan sayında "Klassik Türk ədəbiyyatında mizah" mövzusu ətrafında dərin müzakirələrə səbəb olan maraqlı məqalələri özündə ehtiva edib.

Postmodern ədəbiyyat bu gün gülüşün istənilən növünə, tipinə, formasına qapılarını taybatay açıb. Keçmiş mətnlərin dekonstruksiyası, məna yükünün azaldılması və ya artırılması, əsərin ideyasını baş-ayaq çevirməyin özü də oxucuda bir heyrət, bəzən gülüş yarada bilir. Amma səmimi etiraf etməliyik ki, bu gülüş bayağı gülüşdür. Bu gülüş insan psixologiyasında hər hansı dəyişikliyə səbəb olma iqtidarında deyil.

Gülüş estetik məzmun daşıyanda, ictimai şüura təsir edəndə, mühakimə vasitəsinə çevriləndə məntiqli olur.

Güldürərək düşündürmək... Ədəbi materialın özəyində dayanan mütləq həqiqət məhz budur. Günümüzdə istehza – satira yolu ilə yazılan ədəbi əsərlərin tərbiyəvi – idraki gücü məhz bundadır.Cəmiyyətin inkişafına, tərəqqisinə mane olan cəhalətə, mənəvi geriliyə rəvac verən ictimai bəlaları, əxlaqi qüsurları tənqid edərkən satiranın ən yüksək forması sayılan ifşaçı gülüşdən istifadə edilir. Ümumiyyətlə, real həyatdan və xalq təfəkküründən qidalanıb meydana çıxan satirik gülüş həmişə yazıçıların əlində ali mərama, böyük ideallara xidmət edən kəskin ictimai-siyasi mübarizə silahı mövqeyində olur. Cəmiyyətin, məişətin, mənəvi həyatın bütün sahələrinə nüfuz edən, köləlik və istismar dünyasının ən qaranlıq guşələrini açıb göstərən, onun çirkin, eybəcər təbiətini üzə çıxardan satirik gülüşün tənqid hədəfləri saysız-hesabsız, təsir dairəsi olduqca genişdir.

"Eybəcərliyin eybəcər olduğunu dərk etdirən", ona qarşı mübarizə hissi oyadan bu gülüş öz nikbin, humanist məzmununa, bəşəri mahiyyətinə görə həmişə, hər yerdə tənqid atəşinə tutduğu hədəfdən, qanun və qaydalardan, qüsur və nöqsanlardan qat-qat yüksəkdə durur, mütərəqqi fikirlərin, ideyaların tribunasına çevrilir. Həyatın, ictimai varlığın ən eybəcər cəhətlərini ifşa edərkən belə işıqlı, nurlu təbiətini qoruyub saxlayır.

Bu mənada, dərginin Nisan sayında "Klassik Türk ədəbiyyatında mizah" mövzusu olduqca geniş müzakirələrə yol açır. Dəyərli yazıları ilə bu bölməyə öz töhfəsini verən Nilufər Tanç klassik ədəbiyyatımızda mizahın ümumi mənzərəsini canlandırır. Nihat Öztopraq isə klassik ədəbiyyatımızda heyvanların satirik ünsür olaraq necə istifadə edildiyindən bəhs edir.

Ziya Avşar divan şairlərimizin maraqlı nümayəndələrindən olan Rəvanini diqqət mərkəzinə aldığı məqaləsində onun zəif xüsusiyyətlərinin müasirləri tərəfindən tənqid hədəfi seçilməsindən və onun yaradıcılığından danışır.

Mizah dosyası oxucuları həm də gözəl bir xəbərlə müjdələyir. Evcimenzade Halim Əfəndi tərəfindən 1906-cı ildə qələmə alınmış "Kılıbıknamə" əsəri nəhayət ki tapılıb. Bu əsərin yeganə nüsxəsi bugünə qədər itmişdi. Bir muzeydə satın alınan kitablar arasında təsadüfən tapılan "Kılıbıknamə"nin bu aydan etibarən təfriqəsinə başlayırıq.

Mücahit Kaçarın "Divan şeirində mizahi söyləm ünsürü olaraq ayətlər" başlıqlı yazısı ilk baxışda oxucularda sual doğura bilər. Amma Mücahit Kaçar bu ədəbi ənənənin Peyğəmbər Əfəndimizə qədər gedib çıxdığını, ərəb mizahının təməllərinə söykəndiyi elmi əsaslarla izah edir.

Camal Kurnaz "Divan şairlərinin satirik münasibətləri" başlıqlı məqaləsində Nəfi və Zatinin ironik obrazlarını, Şeyxülislam Yəhya ilə Xəyali arasında gedən ədəbi konfliktin həcvlərdə əks olunan yumoristik tərəflərindən danışır.

Nagəhan Uçan Eke "Karagöz pərdə qəzəllərində nöqtə qavramı" başlıqlı məqaləsində ənənəvi kölgə oyununda Hacivat tərəfindən oxunan pərdə qəzəllərini incələyərək onun əyləncə və yumoristik tərəflərini vurğulayır.

Nəsr bölümündəhəyat həqiqətlərini bədii sənət materialına çevirərək bənzərsiz detalları ilə orijinal süjetlər yaradanRecep Seyhan "Bir göl hekayəsi", Yunus Alıcı "Hüngür", Ayşe Ünüvar isə Tovuz qadın"adlı hekayələri ilə oxucuların görüşünə gəlir. Poeziya bölümündəNurullah Gənc, Şadi Oğuzhan, Tarık Özcan, Hüseyn Çolak, Yalçın Ulker, Kadır Tepe, Mert Alihan Karabaş kimi söz adamları şeir çələngi ilə poeziya sevənləri salamlayır.

"Kitab rəfi" və "Gündəm" bölümləri əvvəlki saylarla müqayisədə daha zəngin həcmli və daha geniş məzmunu ilə diqqətimizi cəlb edir.

Müxtəlif mövzulara müraciət etməsinə baxmayaraq araşdırılan hər bir mövzunun, aparılan hər bir müsahibənin, elmi-publisistik məqalənin, bədii portret yazının bütövlükdə maraqlı bir ədəbi mənzərə yaratdığı dərginin hər bir səhifəsində zərgər dəqiqliyi ilə çalışan yaradıcı redaksiya heyətinin gərgin əməyinin, yüksək həssasiyyətinin və böyük zəhmətinin uğurlu nəticəsi kimi "Türk ədəbiyyatı"nın Nisan (aprel) sayı da ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına inanırıq.

*****

Krımda – Bağçasaray yaxınlığında bir mədrəsə var: adına "Zəncirlənmiş məbəd" deyirlər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.

Yazımın bu yerində həmin məbədi xatırlamağım Türk dünyasının müqəddəs ocaqlarından biri olan Türk Ədəbiyyatı Vəqfini əlbət ki, öz düşüncəmdə mənəviyyat məbədi kimi görməyimlə bağlıdır. "Türk ədəbiyyatı" dərgisi isə türkcənin işığına toplaşan söz adamlarının mənəvi xanədanıdı.

Başda Vəqfin başqanı dəyərli Sərhat bəy Kabaklı, baş redaktor İmdat Avşar olmaqla mədəniyyət dünyamızadərginin hər sayını gözəl töhfə olaraq bəxş edən bütün yaradıcı heyətə - A.Yağmur Tunalı, Ömür Ceylan, Tuba İşınsu Durmuş, Mesut Şen, Alaattin Karaca, Tahsil Yıldırım, Necati Tonga, Gökhan Tunç, Saadet Örmeci, Nuray Örnek, Aleyna Malkoç, Atilla Ceylan, Enver Uğur Aykola, Halit Baykala səmimi salamlarımı, sayğılarımı bildirir, gələcək fəaliyyətlərində başarılar diləyirəm!

Xəyalə Zərrabqızı


MANŞET XƏBƏRLƏRİ